Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçirilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak ediblər.
Beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-yə bildirilib ki, plenar iclasda çıxış edən Məcnun Məmmədov dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazir əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu bildirib.
Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini vurğulayan nazir deyib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini “yaşıl enerji” zonası elan edib. Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir.
M.Məmmədov, onu da bildirib ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə birləşdirən “ağıllı kənd” konsepsiyasına əsasən inkişaf etdiriləcək. O deyib ki, bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Azərbaycanın kənd təsərrüfatı naziri çıxışının sonunda bütün bunlarla yanaşı, digər strateji təşəbbüslərə qoşulan ölkəmizin beynəlxalq platformalarda da eektli əməkdaşlığı dəstəklədiyini diqqətə çatdırıb.
Səmərqənd konfransında ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi ilə yanaşı, ətraf mühitin, eləcə də torpaq və su resurslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.
Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib. Daha sonra tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak edib, “Özbəkistanın aqro-ərzaq potensialı” sərgisinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.
Xatırladaq ki, ölkəmiz 20 oktyabr 1995-ci il oktyabrın 20-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına üzv olib. BMT-nin ixtisaslaşmış qurumu olan FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Həmin layihələr, əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.
Qurumun layihələri Azərbaycan hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texniki əməkdaşlıq proqramlarına əsaslanır. 2009-cu ildən etibarən FAO kənd təsərrüfatının inkişafı sahəsində ölkəmizə yardım proqramının hazırlanması prosesinə başlayıb. Bu məqsədlə Azərbaycan üçün 2016-2020-ci illər üzrə FAO-nun Milli Orta-müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanıb. Hazırda həmin sənəd Azərbaycanın prioritetlərinə uyğun olaraq müntəzəm surətdə yenilənməkdədir. Sözügedən sənəd hökumətin mövcud milli siyasəti və planları çərçivəsində kənd təsərrüfatı üzrə inkişaf prioritetlərinin həyata keçirilməsində FAO-nun Azərbaycana müvafiq sahələrdə və müəyyən olmuş səviyyədə xidmətlər göstərməsini nəzərdə tutur. Sənəd ölkədəki vəziyyətin qısa təhlili və növbəti 3-4 il müddətində FAOnun ölkəyə yardımı üçün prioritet tədbirlərdən ibarətdir.
2015-ci ildə FAO-nun Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis edildikdən sonra paytaxtımız qurumun bir sıra tədbirlərinə evvsahibliyi edib. Bu baxımdan 19-20 aprel 2012-ci il tarixlərində Bakı şəhərində FAO-nun 28-ci Avropa Regional Konfransını, 17-18 aprel tarixlərində Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasını, eləcə də 16 aprel tarixində FAO və qeyri-hökumət təşkilatlarının Avropa üzrə regional müşavirəsini qeyd etmək olar.
Yeri gəlmişkən, FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün qurumdan dəstək alıb. FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Ötən müddətdə tərəər aqrar sahədə 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.
Hazırda isə FAO tərəfindən Azərbaycanda 21 layihə həyata keçirilir. Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlığın və balıqçılıığın inkişaf etdirilməsi, fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi, milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması, pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi, kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və digər layihələr bu baxımdan maraq doğurur.
2023-cü ilin sonunadək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın ikinci mərhələsi üzrə saziş imzalanacaq. FAO-nun Azərbaycan nümayəndəsinin müavini Bariz Mehdiyevin bildirdiyinə görə, tərəər 2025-ci ilədək əməkdaşlıq çərçivəsində doqquz prioritet istiqamət üzrə iş aparırlar. Bütövlükdə isə, qurum Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsinin prioritet inkişaf istiqamətləri üzrə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindədir.