ANALİTİKA

30 Sentyabr

Dünyanın təhsil və elm sahəsində inkişaf etmiş bütün ölkələrində tətbiq edilən  təhsil yanaşması FOREST SCHOOL AZƏRBAYCANDA

Fins.az "Forest School Azerbaijan"ın təsisçisi Fəqan Hüseynovla müsahibəni təqdim edir.

Forest School Azerbaijan nə vaxt yaranıb ölkəmizə bu konseptin gətirilməsində əsas məqsəd nə idi?

Cavab: Forest School təhsil yanaşması təkcə Azərbaycanda deyil, dünyanın təhsil və elm sahəsində inkişaf etmiş bütün ölkələrində tətbiq edilən  alternativ təhsil yanaşmasıdır. Açıq havada, təbiətlə inteqrativ formada icra olunan öyrədici fəaliyyətlər Avropa, Amerika, Asiya, Avstraliya qitələrinin müxtəlif ölkələrində uzun illərdir ki, uğurla həyata keçirilməkdədir. Dünyada bu təhsil yanaşmasının tətbiq olunması uzunmüddətli uğurlu tədqiqatlara əsaslanır. Elmi araşdırmalar göstərir ki, açıq havada öyrədici fəaliyyətlərlə məşğul olmaq uşaqların fiziki, emosional, sosial, intellektual, psixoloji inkişafına müsbət təsir göstərməklə yanaşı onların akademik göstəricilərində də müsbət dəyişikliklərə səbəb olur.

“Forest School Azerbaijan” ölkəmizdə 2017-ci ildə bir qrup təhsil idarəçisi və pedaqoq tərəfindən “Divarsız məktəb” təhsil proqramı kimi fəaliyyətə başlamışdır. Dünya təcrübələrinə əsasən ölkəmizdə bu formalı alternativ təhsil yanaşmasının tətbiq olunması mühim əhəmiyyət kəsb edir. Əsas məqsədimiz uşaq, yeniyetmə və gənclərə təbiətlə harmonik şəkildə müxtəlif öyrədici fəaliyyətlər təşkil etməklə onları fiziki, intellektual, sosial, emosional, psixoloji istiqamətlərdə inkişaf etdirməkdir. Bura açıq havada müxtəlif öyrədici fəaliyyətlər, təbiətdə layihə əsaslı tədqiqat işləri, master-klaslar, ekspedisyalar, tematik düşərgələr daxildir. Layihə və məşğələlərimiz uşaqlarla yanaşı onların valideynləri ilə birgə fəaliyyətləri, həmçinin pedaqoji işlə məşğul olan gənclərimizi də əhatə edir.

Fəaliyyətiniz ərzində hansı beynəlxaq layihələrə imza atmısınız?

Cavab:  “National Geogaphic”,  Forest School Singapur, Türkiyənin Orman okulları, BMT-nin əhali fondu ilə birgə əməkdaşlıq və davam edən layihələrimiz vardır. Bundan əlavə müxtəlif dövlət qurumları, nazirliklərlə, korporativ məsuliyyət çərçivəsində biznes təşkilatlarla əməkdaşlıq şəklində layihələr həyata keçiririk.

Bütövlükdə layihələrinizdə iştirak edən məktəbli sayı məlumdur

Cavab:  Uzunmüddətli fəaliyyət ərzində layihələr, qrup görüşləri, düşərgə və ekspedisiyalarımıza 1000-dən çox uşaq, yeniyetmə və gənclər cəlb olunmuşdur.

Şagirdlərin layihələrinizə cəlb edilməsi, marağın yaradılması üçün hansı addımları atırsınız?

Cavab: Fəaliyyətlərin hər biri uşaqların maraqlarına uyğun dizayn olunur.  Uşaqlarla və valideynlərlə mütəmadi sorğular aparılır. Bizim əsas vəzifəmiz uşaqlara məktəbdə, ailədə və digər yerlərdə heç vaxt öyrəmədikləri, unikal və əyləncəli fəaliyyətlər təklif etməkdir. Əsas fundamental prinsip ondan ibarətdir ki, təhsil hər yerdədir, hər yerdə öyrənmək olar. İstər düşərgələrimizdə, istərsə də ekspedisiya və master-klasslarımızda uşaqlar yaş qruplarına uyğun bölünərək fəaliyyətlərə cəlb olunurlar. Dərs prosesinə mane olmadan həftəsonları təşkil olunan master-klass və həftəlik görüşlərdə fəaliyyət proqramı uşaqların yaş xüsusiyyətlərinə və maraq dairələrinə uyğun olaraq pedaqoq-liderlərimiz tərəfindən hazırlanır.

Həvəsləndirici kampaniyalar həyata keçilir gələcəkdə bu tip kampanyaların tətbiqi planlaşdırılır?

Cavab: “FSA” olaraq həm ödənişli, həm də müxtəlif layihələr çərçivəsində ödənişsiz düşərgələr, ekspedisiyalar təşkil edirik. Gələcəkdə də bu istiqamətdə layihələrimiz planlaşdırılır. Hazırda könüllülüklə bağlı təcrübə proqramları, sosial baxımdan həssas icmalarda təhsilə dəstək təşəbbüsləri, unikal və istedadlı insanların uşaqlar və ailələr arasında təbliği, ölkəmizin maraqlı təbiəti, flora və faunansı, kəşf olunmamış yerləri haqqında maarifləndirmə kampaniyaları istiqamətində illik fəaliyyət plalarının üzərində işləyirik. Bu tip kampaniyaların təşkilində də proqram Forest School təhsil yanaşması əsas götürülərək dizayn olunur.

Böyükyaşlı pedaqoqlar üçün liderlik təlimləri barədə məlumat verməyiniz xahiş edirəm.

Cavab: “Forest School Azerbaijan”a pedaqoq-liderlik üçün müraciət etmiş namizədlər 3 səviyyədə təlimləri keçirlər. 1-ci səviyyə təlimlər “Forest School Azerbaijan”da pedaqoq – lider kimi fəaliyyətə başlayanlar üçün təməl liderlik təlimlərdir. Təlimlər hər il 2 dəfə olmaqla keçirilir. Namizədlər 3 mərhələli seçim əsasında təlimlərə cəlb olunurlar. Təlimlər əsasən 3 günlük təlim modullarını əhatə edir. Modullara Forest School təhsil yanaşması, inkişaf sahələri, müxtəlif yaş qrupları ilə iş, valideynlərlə iş, qrupların formalaşdırılması, təhlükəsizlik, ilkin tibbi yardım, təhsil proqramlarının dizaynı, metodlar, açıq havada praktiki dərslərin təşkili daxildir. 2-ci səviyyə təlimlərdə minimum 1 il , 3- cü səviyyə təlimlərdə isə minimum 2 il pedaqoq-lider kimi fəaliyyət göstərmiş namizədlər iştirak edə bilir.

Bu təlimlərdə iştirak etmək üçün hansı şərtlər nəzərə alınmalıdır?

Cavab: Təlimlərə 22 yaşdan yuxarı namizdələr müraciət edə bilirlər. Əsas diqqət etdiyimiz məqam namizədlərin uşaqlarla işləmə qabiliyyətinin olması və təbiəti sevməsidir. Pedaqoq-liderlər üçün müəyyən olunmuş kriteriyalar həm veb-saytımızda, həm də sosial şəbəkədəki elanlarda ətraflı qeyd olunur. Namizədlər xüsusi testlər və müsahibələr vasitəsi ilə seçilir.

Könüllülər üçün birgə fəaliyyətlərə nələr daxildir?

Cavab: “Forest School Azerbijan”da könüllər onlar üçün hazırlanmış xüsusi proqram əsasında fəaliyyət göstərirlər. Bu  3 aylıq qısa və 6 aylıq uzun müddətli könüllülük proqramı çərçivəsində həyata keçirilir. Könüllülər əsas olaraq “FSA” tədbirlərinin – buraya düşərgələr, ekspedisiyalar, master-klasslar və təlimlər aiddir- təşkilində fəaliyyət göstərirlər.

Fəaliyyətinizdə hansı yeniliklər planlaşdırılır?

Cavab: “FSA” olaraq daim yeniliklər etməyə çalışırıq. Bu yeniliklər həm fəaliyyət istiqamətimizdə, həm də fəaliyyət proqramımızda özünü göstərir. Qeyd etdiyimiz kimi müxtəlif yerli və beynəlxalq təhsil qurumları, dövlət təşkilatları, ekoloji təşkilatlar, təhsil ocaqları, sosial korporativ məsuliyyət çərçivəsində biznes strukturlar ilə sıx əməkdaşlıq edirik. Hazırda National Geograpchic, BMT-nin əhali fondu, Türkiyə Orman okulları, bir neçə özəl təşkilatlarla planlaşdırdığımız layihələr vardır. Növbəti il layihələr arasında Türkiyə Orman okulları ilə erkən yaş uşaqlarla işləyən pedaqoq-liderlər üçün Türkiyə və Azərbaycanda təlimlər planlaşdırılır. Bununla yanaşı bir neçə yerli və beynəlxalq təşkilatlarla layihələrin inkişafı istiqamətində planlar üzərində işləyirik.