Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.
Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. TRASEKA, “ŞimalCənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib.
Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəhlizlərindən səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə, bütövlükdə, bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, “ŞimalCənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi, təxminən, 20 faiz yüksəlib.
“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir.
Hazırda Rəşt-Astara dəmir yolu xətti bu dəhlizin tamamlanması üçün əsas yoldur. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər, dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək. Bu dəhliz ixrac-idxal əməliyyatlarını sözügedən marşrut ilə həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə “ŞimalCənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edilərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək.
Dəhliz tam fəaliyyətə başlayandan sonra birinci mərhələdə onun vasitəsilə ildə 5 milyon ton yük daşımaq, gələcəkdə bunu 10 milyon tona çatdırmaq və daha da artırmaq nəzərdə tutulur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi nəqliyyatlogistika sahəsində də yeni reallıqlar yaradıb. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulan HoradizAğbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz-Ağbənd dəmir yolunda işlərin sürətlə həyata keçirilməsinə xüsusi önəm verilir. Birxətli dəmir yolu üzərində 8 stansiya tikiləcək. Bununla bərabər, layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılıb.
Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyanın nüfuzlu ölkələri tərəfindən buna böyük maraq göstərilir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.
Yeri gəlmişkən, bu il martın 11-də Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib. Tədbirdən sonra Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Qonşu ölkə ilə imzalanan memorandum, həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını genişləndirəcək. Belə ki, Rusiya üzərindən ölkəmizə daxil olan yükləri İran üzərindən körfəz ilə yanaşı, yeni dəhliz vasitəsilə Türkiyəyə, Şərq ölkələrinə və Avropaya daşımaq mümkün olacaq.
“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqe sözügedən üç dövləti Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Azərbaycan, Qazaxıstan və Türkiyə, həmçinin Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində əsas rol oynayırlar. Bu baxımdan həmin ölkələr arasında, habelə dövlətlərin ərazilərindən keçməklə ticarət potensialından tam istifadə edilməsi üçün səmərəli nəqliyyat və kommunikasiyanın olması vacibdir.