ANALİTİKA

16 Avqust

Regionların inkişafı göz oxşayır

Prezident İlham Əliyev bölgələrimizin inkişafını daim diqqətdə saxlayır. Dövlət  başçısı mütəmadi olaraq regionlara səfərlər edir və bir çox sosial obyektlərin və yeni yaradılmış müəssisələrin açılışında iştirak edir. Hazırda respublikamızın bütün rayonlarında  böyük quruculuq və abadlıq işləri aparılır. İnsanlarımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində rayonlarımızda böyük infrastruktur layihələr həyata keçirilir. Bu gün ölkəmizin bütün şəhər və kəndləri elektrik enerjisi ilə tam təmin olunub. Qazlaşdırmanın yüz faizə çatdırılması istiqamətində böyük işlər aparılır. 

Dövlət başçımız  xalqımıza məxsus tarixi, mədəni, dini abidələrimizin qorunmasına və bərpa olunmasına xüsusi diqqət və qayğı göstərir. Möhtərəm Prezidentimizin tapşırığı və göstərişinə əsasən, Azərbaycan tarixini, mədəniyyətini və dinini özündə əks etdirən onlarca abidəmiz restavrasiya olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi səyi və əməyi nəticəsində bir sıra tarixi abidələrimiz dünyanın qeyri - maddi mədəni irs siyahısına salınıb.

Azərbaycanın Qobustan rayonunun ərazisində yerləşən və 500 ildən çox yaşı olan “Diri Baba” türbəsi dövlət başçımızın göstərişi ilə bərpa və konservasiya olunub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Diri Baba” türbəsini ziyarət etmələri xalqımıza məxsus müqəddəs yerlərə böyük ehtiramın göstəricisidir.

Azərbaycanda insanların yüz illər əvvəl məskən saldığı çox sayda qədim yaşayış məntəqələri mövcuddur. Bu yaşayış məntəqələrindən biri də öz qədimliyini bu gün də qoruyub saxlayan İsmayıllı rayonunun Basqal kəndidir. Prezident İlham Əliyev və birinci xanım bu kəndə səfərləri zamanı burada 300 nəfərə qədər işçi çalışacaq otelin açılışını etdilər. Dövlət başçımız ölkədəki ictimai-siyasi, eləcə də Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət barədə Azərbaycan Televiziyasına müsahibə verdi.

Ölkəmizdə əhalinin daimi iş yerləri ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən yeni yaradılan müəssisələrin sayı getdikcə artır. Bir sıra rayonlarımızda yaradılan böyük aqroparklarda yüzlərlə kənd əhalisi daimi iş yerləri ilə təmin edilib. Özəl sektora dövlət tərəfindən hərtərəfli kömək göstərilir. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yeni müəssisələr yaradılır və əhalinin məşğulluq problemləri aradan qaldırılır. Bu gün dünyanı narahat edən ən böyük problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Prezident İlham Əliyev tərəfindən ötən illərdə ərzaq təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş iqtisadi layihələrin uğurlu icrası bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlətimiz yaxın illərdə bu rəqəmin 100 faizə çatdırılması istiqamətində böyük işlər həyata keçirir. Yaxın 3-4 il ərzində Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının 80 faizini özü təmin edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda 100 min hektara qədər münbit torpaq sahəsi artıq əkilib-becərilməkdədir. Yaxın illərdə işğaldan azad edilmiş ərazilərimizin bütün torpaqlarının əkilib- becərilməsi sayəsində ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə veriləcək.

Prezident İlham Əliyevin ermənilərin Qarabağda törətdiyi son təxribata cavab olaraq Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı barədə səsləndirdiyi fikirlər Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara ciddi xəbərdarlıq idi. Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən erməni təxribatı onlara baha başa gəldi. “Qisas” əməliyyatı nəticəsində erməni separatçılarına ciddi zərbələr endirildi. Ermənilər başa düşməlidirlər ki, onlar gələcəkdə də Azərbaycana qarşı hər hansı təxribata əl atarlarsa, cavabları çox sərt olacaq. Ölkə başçımızın da vurğuladığı kimi, heç bir qüvvə Azərbaycanı dayandıra bilməyəcək.  İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın gücünü gördü və bundan dərs almalıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixi Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Qarabağda hələ də erməni silahlıları qalmaqdadır. Halbuki bəyanatda göstərilir ki, Qarabağ və Şərqi Zəngəzurdan bütün erməni silahlıları çıxarılmalıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan bir nəfər də erməni silahlısının Qarabağda qalmasına yol verməyəcək.

Bəyanata əsasən, mövcud olan Laçın dəhlizinə alternativ yol çəkilməlidir. Çünki Qarabağdan Ermənistana gedən yol Laçın rayonunun mərkəzindən, eləcə də Zabux və Sus kəndlərindən keçirdi. Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində bəyanata Qarabağdan Ermənistana çəkiləcək yolun başqa ərazidən keçməsi barədə bənd əlavə edilmişdi. Artıq Azərbaycan tərəfi öz ərazisindən keçən yolun tikintisini başa çatdırıb. Ermənilərə avqust ayının sonuna gədər Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmaları üçün vaxt verilib. Nə Laçında, nə də kəndlərində heç vaxt ermənilər yaşamayıblar. 90-cı illərin əvvəllərində burada Ermənistandan və başqa ölkələrdən gətirlimiş ermənilər məskunlaşdırılıb. Bu da hərbi cinayət sayılır. Ermənistan Azərbaycana qarşı törətdiyi bütün hərbi cinayətlərə görə qanun qarşısında cavab verəcək.

Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Ermənistan isə təxribat törətməklə vaxt uzatmaq niyyətindədir. Ermənilər bununla heç nəyə nail ola bilməyəcək, əksinə, özlərini daha pis duruma salacaqlar.

Dövlət başçımız ermənilərə və onların havadarlarına bir daha xəbərdarlıq etdi ki, Qarabağın statusu barədə heç bir söhbət gedə bilməz. Qarabağa heç vaxt nə muxtariyyət, nə də hər hansı status veriləcək. Prezident ermənilərə və bütün dünyaya dəfələrlə çatdırıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənilər də Azərbaycanda yaşayan digər xalqlarla eyni hüquqlara malikdirlər. Hər bir Azərbaycan vətəndaşı ölkə qanunlarına necə tabedirsə, ermənilər də o cür tabe olmalıdırlar. Azərbaycanda erməni əsilli vətəndaşlara heç vaxt xüsusi status verilməyəcək.

Kamilə ƏLİYEVA, Milli Məclisin deputatı,  BDU-nun kafedra müdiri, professor