Ötən illər ərzində Xəzəryanı dövlətlərin əməkdaşlığının hüquqi bazasının formalaşdırılması istiqamətində uğurlu addımlar atılıb.
Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edildi. Prezident İlham Əliyevin təbirdə çıxışı zamanı vurğuladığı kimi, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.
"Ötən illər ərzində bu istiqamətdə görülən işlər də bunun göstəricisidir. Hələ 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya tarixi sənəddir. Bu sənədin imzalanması ilə Xəzərin hüquqi statusu müəyyən olundu. İndi isə bu konvensiyanın qüvvəyə minməsi üçün işlər görülür. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Xəzəryanı ölkələr mövcud imkanlardan istifadə edərək əlaqələri daha da möhkəmləndirə bilərlər. Qarşılıqlı fəaliyyətin əsasını isə ərazi bütövlüyünə, müstəqilliyə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir", - deyə S.Mikayılova əlavə edib.
Deputat bildirib ki, bu gün Azərbaycanın regionda lider olmaqla yanaşı, dünyada da rolu sürətlə artmaqdadır. Artıq Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirilib: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir, eyni zamanda, Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə cəhd edir. Azərbaycandan keçməklə daşınan yüklərin hər il artması bu səmərəli fəaliyyətin göstəricisidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqdadır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşa olunması Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə növbəti dəstəyidir".
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin nəqliyyat əlaqələrinə müsbət təsirinə toxunan deputat Sevil Mikayılova əlavə edib ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
"Azərbaycanın münaqişəni həll etməsindən sonra region və ümumilikdə, dünya üçün yeni reallıqlar, yeni perspektivlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür. Avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin tərkib hissəsidir", - deyə deputat qeyd edib
© azərtac