Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.
Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir".