ANALİTİKA

01 İyun

Xoşbəxt Yusifzadə: Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın nailiyyətlərini nümayiş etdirmək üçün mühüm platformadır

Bakıda keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin Azərbaycan üçün böyük əhəmiyyət var. İlk növbədə, dünyanın ən qabaqcıl və müasir texnologiyaları ilə Azərbaycan tanış olur, öyrənir, digər tərəfdən də özünün əldə etdiyi nailiyyətləri nümayiş etdirir.

Bu sözləri iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə AZƏRTAC-a müsahibəsində deyib.

Sərgilərin digər əhəmiyyətindən söz açan X.Yusifzadə qeyd edib ki, qonaqlar, həmçinin ölkəmizlə yaxından tanış olmaq və xalqımızın qədim tarixi və mədəniyyətinə bələd olmaq imkanı qazanırlar.

Akademik bildirib ki, bundan əlavə, sərgilərdə öz məhsullarını nümayiş etdirən xarici şirkətlər tərəfdaşlıq münasibətləri qurmağa çalışırlar: “Azərbaycan kiçik bir respublika olsa belə, dünya səviyyəsində böyük nüfuza malikdir. Müstəqil respublikamız qısa zaman kəsiyində iqtisadiyyatın bir çox sahələrində mühüm nailiyyətlər qazanıb. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfəri ilə dünyaya səs salaraq gücünü göstərdi”, - deyə akademik qeyd edib.