Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
Oxu.Az-ın məlumata görə, Baş nazir Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Bu il “Caspian Agro” sərgisi ağıllı kənd, süni intellekt, İT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.
Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.
Sərgilər mayın 20-də başa çatacaq.
“Global Photo Stock”un əməkdaşının sərgidən çəkdiyi fotoları təqdim edirik:
FOTO: Firudin Səlimov