ANALİTİKA

21 Aprel

Biznes qurmaq, yoxsa hazır biznesə yatırım etmək? 

Mövcud gəlirləri qısamüddətli yığaraq 5 və ya 10 min AZN həcmində vəsait toplayan şəxslərin pulla davranış qaydalarında fərqliliklər  mövcuddur. Böyük qism qeyd olunan məbləğləri sadəcə banka depozit kimi yerləşdirirək müddətin sonunu gözləyir və pul sahibi nəticə etibarı ilə 10 000 AZN qarşılığında 800-900 manat qazanc əldə edir. Əlbəttə ki, digər seçim edənlər də var. Burada psixoloji məqama diqqət etsək, son illərdə az vəsaitlə iş qurmaq istəyənlərin sayında artım görünür, lakin bu, nə qədər doğru qərardır?

Biznesə cəhd etmək bütün mənalarda müsbət tendensiya hesab edilsə də, vəsait sahiblərinin böyük qisminin pul itirdiyi aşkar məsələdir. Bəs, hazır bizneslər necə? Yatırım üçün doğru qərar düzgün vaxtda araşdırmadan və qərardan asılıdır. 10 000 AZN pulu olan insanlar vəsaitlərini necə idarə etməli və hara yatırım etməlidirlər?

Azərbaycan kapital bazarı müstəqillik qazandıqdan sonrakı dövrü üzrə artıq özünün ən yüksək inkişaf dövrünü yaşayır. Yerli şirkətlərimizin istiqrazlarını alaraq illik 8-14% arası qazanmaq mümkündür. İstiqraz buraxmaqla borclanan şirkətlərdən Embafinans, Optimal Elektronika, Bravo Supermarket, FİNCA Azərbaycan, TBC Kredit, Ferrum Kapital,  Bank Respublika, Unibank, Azfinance, İnternational BOKT, Ekspress-C və s.  adın çəkmək olar. Qeyd olunan şirkətlər öz sahəsində əsaslı bazar payına sahibdir və maliyyə hesabatlılığı dövri olaraq ictimaiyyətə açıqlanır. İnvestorlar ilk növbədə yatırım edəcəyi şirkətlərin maliyyə dayanıqlığını analiz etməlidirlər və yaxud da bu işin peşəkarından məsləhət almalıdırlar.

İstiqrazları onun əsas alternativi olan bank depoziti ilə müqayisə etdikdə bir sıra üstünlüklər aşkar görüntülənir.

  • Faizləri aylıq almaqla ən çox gəlir qazandıran bank 10.5% təklif edir, birjada ticarəti olan istiqrazlarda isə bu 11-14% həcmindədir.
  • Bank depoziti pulun vaxtından əvvəl çıxarılması halında faizlərin qaytarılması üçün əlvə şərtlər qoyur, istiqrazlarda isə toplanmış faizlərlə yanaşı birjada daha baha qiymətlə satmaq mümkündür ki, bu da investoru vəd olunandan daha artıq qazandıra bilir.
  •  İstiqrazlar bank depozitindən fərqli olaraq girov predmeti kimi istifadə oluna bilir.

İstiqrazlar şirkətlərin əsas borclanma mexanizmi olaraq əvvəlcədən təyin olunan faizləri investorlara ödəyən qiymətli kağızlardır. Açıq birja əməliyyatlarını izləyərək bazarda istiqrazların hansı gəlirliklərlə alınıb satıldığını bilmək olar və bu investorun pozisiyalarını müəyyən etməkdə çox kömək edəcək. Həmçinin İnvestisiya Şirkətlərindən investisiya məsləhəti alaraq riskləri azaltmaq da mümkündür. İstiqraz almağın ən mühüm cəhəti isə risklərin diversifikasiya edilə bilinməsindədir. Müxtəlif sahələrdə (tikinti, sənaye, maliyyə, logistika və s.) olan şirkətlərin qiymətli kağızlarından investisiya səbəti formalaşdıraraq riskləri minimuma endirmək olar. Yəni tutaq ki, tikinti sahəsində geriləmə olarsa, investor investisiya səbətindəki maliyyə sahəsinə aid olan qiymətli kağızlarla itkilərini minimumlaşdıra bilər

Müəllif: Ramil Səmədov

“AzFinance” İnvestisiya Şirkətinin Aktivlərin idarə edilməsi şöbəsinin rəhbəri

İnvestisiya məsləhəti almaq istəyən şəxslər üçün; Əlaqə tel: (+994) 50 290 30 64

e mail: [email protected]