ANALİTİKA

22 Mart

ABŞ dolları hakim monetar mövqeyini sürətlə itirir

Dünyanın iqtisadçı analitiklərinin ABŞ dollarının taleyi ilə bağlı pessimist proqnozları heç də Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyatların” başlamısından sonra meydana çıxmayıb. Proqnozların ümumi tendensiyası ondan ibarətdir ki, dünya artıq bu valyutadan xilas olmaq istəyir. Zaman-zaman formalaşmağa başlayan bu ümumi məram ondan irəli gəlir ki, ABŞ artıq onilliklərdir ki, öz valyutasından ona itaət göstərmək istəməyən dövlətlərə qarşı, siyasi və iqtisadi təziyq vasitəsi kimi istifadə etməyə başlayıb. Bu səbəbdən də bir çox ölkələr ondan qurtulmaq barədə daha ciddi düşünməyə başlayıblar. Ukraynadakı hadisələr isə sadəcə dünyanın bu valyutanın ağalığından xilas olacağını tezləşdirə bilər.

Tarixə nəzərən demək olar ki, Amerika super valyutasının əhəmiyyətinin azaldılması ilə bağlı müzakirələr 50 ildən çoxdur ki, davam edir. Əslində bunun üçün cidd səbəblər var idi: 1971-ci ildə Bretton Woods sistemi dağıldı. Bu da bütün digər dünya valyutalarının mərkəzi ulduz kimi - o vaxt qızılla dəstəklənən dollar ətrafında fırlanmasından ibarət idi. Bununla da "böyük inflyasiya" mərhələsi başladı. Bu, 1980-ci illərin əvvəllərində FES-in ekstrimal olaraq faiz dərəcələrini qaldırmasından sonra başa çatdı ki, bu da bütün dünyada  qarışıqlığa gətirib çıxartdı. 1980-ci illərdə ABŞ dünyanın baş bankirindən dünyanın ən böyük borclu dövlətinə çevrildi, lakin bu, onların valyutasının qlobal statusuna mənfi təsir göstərmədi. Buna baxmayaraq, o vaxtdan dünya dollara alternativlər axtarmağa başladı: 80-ci illərdə Yaponiyanın iqtisadi yüksəlişi sayəsində yen mühüm beynəlxalq əhəmiyyət kəsb edəcək valyuta kimi  görünürdü. 90-cı illərin sonunda, avro valyutası qarşısında dollar ilk dəfə güc baxımından ona tay ola biləcək iqtisadiyyata arxalanan bir rəqib aldı.

Bəs bütün bu proseslər dolların rolunu sarsıda bildimi? Qətiyyən yox. Lakin sonra problemlər daha qabarıq göründü: 2008-ci il ABŞ-ın maliyyə sistemində qlobal maliyyə böhranı yarandı. 2011-ci ildə reytinq agentlikləri ABŞ-ın kredit reytinqini aşağı saldılar. Vaşinqton, məsələn, Almaniyanın həmişə olduğu ən yüksək AAA reytinqini itirdi. Siyasi qütbləşmə Vaşinqtonu böyük ölçüdə iflic etdi, nəticədə hökumət ardıcıl olaraq qanunla müəyyən edilmiş dövlət borcunun yuxarı həddinə çatdı və bir çox federal qurumlar müvəqqəti olaraq fəaliyyətini dayandırmağa məcbur oldu.

Bütün bunlara baxmayaraq, uzun müddət qurulan  dollar monetar standartını yenisi ilə əvəz etmək o qədər də asan deyildi. Tipik olaraq, valyuta standartında dəyişiklik bir neçə nəslin həyatında yalnız bir neçə dəfə baş verir. Sonuncu dəfə bu, Birinci Dünya Müharibəsindən sonra, Britaniya funtu dünyada dominant mövqeyini tədricən itirəndə baş verdi. Funtun dünya valyuta statusunu itirməsindən əvvəl Britaniya İmperiyasının nisbətən tənəzzülü baş verdi. İngilislərin tənəzzülü ilə eyni vaxtda digər ölkələrdə də əks proses baş verdi: İngiltərənin rəqibləri, xüsusilə ABŞ və Almaniya Reyxi iqtisadi və hərbi cəhətdən güclənirdi. Buna baxmayaraq, funt və London bankları bir müddət dünyanın maliyyə mərkəzi olaraq qaldı.

Ancaq indikini xatırlayaq. Bu gün biz haradayıq? Dollar dünyanın böhran valyutası olaraq qalırmı?

Hələ Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladığı ilk günlərdə almaniyalı iqtisadçı Henrik Müller “Spiegel”nəşri üçün yazdığı məqalədə qeyd edirdi ki, dolların dünyanın əsas valyuta kimi ömrünü başa vuracağına işarə edən əlamətlər artıq özünü göstərməkdədir.

 Alman iqtisadçı yazırdı: “İndi dolların ağalığının sona çata biləcəyinə dair bəzi əlamətlər var. Üç əsas amil diqqət çəkir.” Birinci amil kimi Henrik inflyasiyanı göstərirdi və bildirirdi ki, bu dolların istiqamətinə beynəlxalq etimadı məhv edə bilər. İkinci amil – Vaşinqtonun istənilən vaxt valyuta aktivlərini müsadirə edə biləcəyi qorxusunun geniş yayılması  dollara çox böyük ziyan vurur. Üçüncü amil isə  Ukraynada xüsusi əməliyyatla bağlı yaranan qeyri-sabit vəziyyətdir ki, bu da valyuta bazarında özünü göstərir.

Henrik daha sonra açıqlayırdı: “İndiyədək dollar real alternativlərin olmamasından faydalanıb: avronun heç bir institusional əsası yoxdur; Qızılın likvidliyi çatışmır; Yuan isə konvertasiya belə olunmur, hətta onun qanunun aliliyi ilə belə təminatı yoxdur.”

Alman iqtisadçı dolları nəzəri cəhətdən kriptovalyutalarla əvəz etməyin mümkün ola biləcəyini, bunun isə onlarda “pulun canının” olacağı zaman baş verəcəyini – dövlət institutlarının etibarlılığının yaranacağı zamanda mümkün olacağını yazırdı. Onun proqnozlarına görə yaxın gələcəkdə pul sistemi tamamilə dəyişə bilər, çünki rəqəmsal valyutalar, o cümlədən mərkəzi banklar tərəfindən sürətlə inkişaf edir.

Bu fikirlərlə yanaşı Dünya Bankının prezidenti Devid Malpass isə qeyd edir ki, Rusiyaya qarşı sanksiyalar Donbasın müdafiəsi üzrə  xüsusi əməliyyatdan daha çox qlobal ÜDM-ə təsir edəcək.

Alman iqtisadçının fikirləri və proqnozlarının ilk əlamətləri artıq özünü gerçək beynəlxalq gündəmdə göstərməkdədir. Martın 22-də Honq  Konqda nəşr edilən “South China Morning Post” qızeti özünün “Rusiyaya qarşı sanksiyalar digər ölkələri öz valyuta ehtiyatlarını diversifikasiya etməyə təşviq edə bilər” başlıqlı məqaləsində bu məsələni geniş şərh edib.

Məqalənin müəllifi, nəşrin makroiqtisadiyyat və maliyyə bazarı üzrə şərhçisi Nil Kimberli fikirlərinə bu sözlərlə başlayır: “Ukraynada xüsusi hərbi əməliyyat və anti-Rusiya sanksiyaları ehtiyat valyutaların iyerarxiyasını dəyişəcək və əmtəələrin qiymətinə təsir edəcək”. Müəllifi hesab edir ki, əsas oyunçu Çin və onun yuanı olacaq. Qəzetin oxucuları onu dəstəkləyir və təsdiq edirlər ki, sanksiyalar de-dollarizasiyanın zəruriliyi ilə bağlı dünyaya açıq siqnal verirlər.

Şərhçi yazır ki, Moskvanın valyuta ehtiyatlarını donduran  Qərb sanksiyaları Çinə ABŞ dolları və avrodan uzaqlaşmaq üçün güclü stimul verir və digər ölkələri də bu addımı atmağa sövq edə bilər. Başqa ixracatçıların qiymətləri artırdığı bir vaxtda, Pekin Rusiya mallarını əhəmiyyətli endirimlə almağa həvəs göstərə bilər.

Məqalədə göstərilir ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat “ehtiyat valyuta iyerarxiyası üçün uzunmüddətli təsirlərə malik olacaq və bu əmtəə qiymətlərinə də böyük təsir göstərəcək. Göründüyü kimi, Çin və onun yuanı bütün bu dəyişikliklərdə əsas oyunçular olacaqlar”.

Şərhçi açıqlayır ki, Beynəlxalq Valyuta Fondunun hələ ötən ilin dekabrında açıqladığı məlumatlar göstərir ki, ABŞ dolları, avro, Yapon yeni, Britaniya funt sterlinqi və Çin yuanı bütün dünyada mərkəzi bankların saxladığı ilk beş ehtiyat valyutadır.

Şübhəsiz belədir, çünki  dünya valyuta ehtiyatlarında dollar 59,1 fazlə üstünlük təşkil edir, avro isə 20,5 faizlə ikincidir. Yen, funt və yuan müvafiq olaraq 5,8 faiz, 4,8 faiz və 2,7 faiz təşkil edir.

Çinin nəhəng iqtisadi gücünü nəzərə alsaq, yuanın qlobal valyuta ehtiyatlarında yalnız belə kiçik bir yer tutması qəribə görünə bilər. Lakin bu, əsasən ABŞ Xəzinədarlığı bazarının həcminin və likvidliyinin üstün olaraq qaldığını və dünya ticarətinin əsas hissəsinin hələ də yuandan başqa valyutalarda aparıldığını əks etdirir.

Ədalət naminə qeyd etmək lazımdır ki, Rusiyanın öz qızıl-valyuta ehtiyatları xeyli fərqli tərkibə malik idi. ABŞ dolları ehtiyatlarını məhdudlaşdırmaq üçün Rusiya Mərkəzi Bankı avro, qızıl və yuanda mövqelərin yaradılmasına xüsusi diqqət yetirməklə, onları diversifikasiya etmək üçün illər sərf etmişdir.

“Reuters” agentliyinin hələ  2021-ci ilin ortalarında apardığı  Rusiya Mərkəzi Bankının ehtiyatlarının tərkibinin təhlili göstərirdi ki, onların həcminin 32,3 faizi avro, 21,7 faizi qızıl, 16,4 faizi ABŞ dolları, 13,1 faizi yuan və 6,5 faizi funt sterlinqdə olub. Lakin ötən ay Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasına cavab olaraq Böyük Britaniya, Aİ, Yaponiya və ABŞ faktiki imkanlarından istifadə edərək Rusiya mərkəzi bankının aktivlərinin dondurulması da daxil olmaqla bir sıra sanksiyaları açıqlayıblar.

Nil Kimberli qeyd edir ki, “bu ölkələr Rusiya Mərkəzi Bankının müvafiq aktivlərini dondurduqca, Rusiyanın öz rublunun dəyərini qorumaq üçün ehtiyatlarından istifadə etmək qabiliyyəti ciddi şəkildə zədələndi. Rusiya aktivlərini donduranlar belə qənaətə gəliblər ki, Rusiyanın xüsusi əməliyyatının miqyası belə bir cavaba haqq qazandırır, lakin Qərbin bu hərəkətinin hüquqi tərəflərini heç bir halda qiymətləndirməmək olmaz”.

Mərkəzi bankların qızıl-valyuta ehtiyatlarının əsas mənası ondan ibarətdir ki, onlar sahibkar ölkənin təhlükəsiz və əlçatan sərvət anbarıdır və ondan  zərurət olduqda istifadə edə bilərlər.

Əlbəttə, görünən odur ki, bu sanksiyaları tətbiq edən ölkələr yəqin yaranmış şəraitdə Rusiyanın aktivlərini dondurmaq üçün hərəkətə keçməli olduqlarını hiss edirdilər. Lakin digər dövlətlər hesab edə bilərlər ki, bu, dünyada qeyri-sağlam bir presedent yaradır və müvafiq cavab tədbirləri, məsələn, ehtiyatların diversifikasiya tempinin  sürətləndirilməsini tələb edir,

Çox güman ki, Pekin də hazırda 3,2 trilyon ABŞ dolları təşkil edən Çinin valyuta ehtiyatlarının bundan sonra davamlı  şaxələndirilməsini məqsədəuyğun hesab edə bilər.

Digər ölkələrdə də siyasətçilər öz valyuta ehtiyatlarının tərkibini  daha da şaxələndirilməli olduqları  qənaətinə gələ bilərlər və yuandakı ehtiyatlarını artırmağa meylli edəcəklər.

Belə bir vaxtda “Dow Jones” Səudiyyə Ərəbistanının Çinə nefti yuanla satmaq barədə Pekinlə aktiv danışıqlar aparması ilə bağlı yaydığı xəbər əsl sensassiya oldu. “Bloomberg” xəbər verir ki, bu senssasion xəbərdən sonra yuanın enişinin qəfil yüksəlişlə əvəzlənməsi başlayıb.

Doğrudur,əslində neftin Çinə yuanla satışıbarədə danışıqlar artıq 6 il idi ki, aparılırdı. Lakin son illərbu danışıqlar daha da intensivləşmişdi.  Vəziyyətlə tanış olan mənbələr Dow Jones-a bildiriblər ki, səudiyyəlilər ABŞ-ın krallığa qarşı təhlükəsizlik öhdəliklərindən getdikcə narazıdırlar. Offşor yuan 0,3% itkilrikompensasiya edib və 1 dollar 6,39-a yuana satılıb. Bundan əvvəl martın 10-dan 14-dək yuan dollara nisbətdə 1,1faizdən çox ucuzlaşıb.

Digər tərəfdən, Moskvanın Ukraynada xüsusi əməliyyatın başlaması və Rusiyaya qarşı sanksiyaların tətbiqi Amerika valyutasına əsaslanan bazarlara alternativlər məsələsini gündəmə gətirib. Bu baxımdan, Pekin və Moskva arasındakı münasibətləri nəzərə alaraq, yuana xüsusi diqqət yetirilir.

“Kekselias Inc”in rəhbəri Viktor Xinq yazır: “Bir çox ölkələr, o cümlədən ABŞ-la əlaqəli olan ölkələr anladılar ki, böyük dollar ehtiyatları sabitlik illüziyasıdır. Dondurulmalı və ya geri çəkilməlidir”.

Hazırladı, İLQAR