Hərbi əməliyyatların dayandırılması qlobal sabitlik baxımından böyük əhəmiyyət daşıyır
Ukraynada hərbi münaqişə davam edir. Ölkədə humanitar böhran getdikcə dərinləşir. Humanitar dəhlizlərin yaradılması da vəziyyətin normallaşmasına təsir göstərmir. Türkiyənin Antalya şəhərində tərəflər arasında keçirilən görüş də hərbi əməliyyatların dayandırılmasına gətirib çıxarmadı. Belə görünür ki, hərbi əməliyyatların uzanması Ukraynada gərgin vəziyyətin daha da pisləşməsinə səbəb olacaq. Rusiyaya hərbi əmliyyatları dayandırmaq barədə çağırışlar edən Qərb ölkələri şimal qonşumuza tətbiq etdikləri iqtisadi-siyasi sanksiyaları günbəgün genişləndirirlər
Ukraynada hərbi əməliyyatların 17-ci günündə ölkənin bir çox rayonlarında şiddətli döyüşlərin davam etdiyi bildirilir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin itkilərə məruz qaldığı vurğulanır. Belə ki, hərbi əməliyyatlar şəraitində münaqişənin hər iki tərəfinin silahlı qüvvələrinin nümayəndələrinin bəyanatlarını müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil. Amma hər iki ölkənin böyük iqtisadi itkilərə məruz qaldıqları heç kimə sirr deyil. Məsələn, Ukrayna İqtisadiyyat nazirinin müavini Denis Kudin iqtisadiyyatının 120 milyard dollar zərər gördüyünü açıqlayır. O, hərbi əməliyyatların aparıldığı ərazilərdə müəssisələrin 75 faizinin fəaliyyətini dayandırdığını da vurğulayır. Ukraynanın şərqində əksər metallurgiya zavodları hazırda işləmir. Hərbi əməliyyatların daha uzun müddətə davam edəcəyi halda Ukrayna iqtisadiyyatının üzləşəcəyi problemlərin miqyasının da artacağı şübhə doğurmur. Postmüharibə dövrü ilə bağlı müxtəlif təkliflər də səsləndirilir. Məsələn, Ukrayna Prezidentinin məsləhətçisi Oleq Ustenko hesab edir ki, Rusiyanın müxtəlif ölkələrdə dondurulmuş aktivləri, o cümlədən Rusiyanın Mərkəzi Bankının ehtiyatları Ukraynanın bərpasını maliyyələşdirmək üçün istifadə edilməlidir.
Ukrayna Mərkəzi Bankının rəhbəri Kirill Şevçenko qeyd edir ki, münaqişənin iqtisadiyyatın sektorlarına təsiri qeyri-bərabərdir. Ən çox zərər çəkən xidmət sektorudur, bəzi sektorlar isə istehsalı ölkənin müdafiə ehtiyacları üçün məhsulların istehsalına (yeyinti və toxuculuq sənayesi, maşınqayırma, tikinti materiallarının istehsalı) istiqamətləndirir. Onun fikrincə, bu, müharibənin iqtisadiyyata təsirini müəyyən dərəcədə azalda bilər. Bundan əvvəl Ukrayna Mərkəzi Bankı rəhbərinin müavini Sergey Nikolayçuk “Bloomberg”ə müsahibəsində hərbi münaqişə nəticəsində Ukraynanın ÜDM-nin 50 faiz azaldığını qiymətləndirmişdi. Hazırda aparılan hərbi əməliyyatlar ölkənin ÜDM-nin yarıdan çoxunu təşkil edən əraziləri əhatə edir. Xatırladaq ki, martın 10-da Beynəlxalq Valyuta Fondunun (BVF) “Rapid Financing Instrument” təcili dəstək proqramı çərçivəsində Ukraynaya 1,4 milyard dollar köçürdüyü bildirilir. Bu pul dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə kömək edəcək və Ukraynanın tədiyə balansını dəstəkləyəcək. Vəsaitin rekord müddətdə verildiyi də qeyd olunur.
Son məlumatlara görə, Ukraynada istehlak qiymətləri indeksi və ya inflyasiya 2022-ci ilin fevral ayında 2022-ci ilin yanvar ayı ilə müqayisədə 1,6 faiz, ilin əvvəlindən isə 2,9 faiz təşkil edir. Dövlət Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin fevral ayında baza inflyasiyası 2022-ci ilin yanvar ayı ilə müqayisədə 1 faiz, ilin əvvəlindən isə 1,1 faizə bərabərdir. Ərzaq və alkoqolsuz içkilərin qiymətlərinin 2,4 faiz, tərəvəz məhsullarının isə 12,1 faiz bahalaşdığı bildirilir. Hazırda Ukrayna iqtisadiyyatının hərbi rejimə keçdiyi məlumdur. İqtisadiyyatın təxminən yarısı işləyir. Bu, ilk növbədə, hərbi əməliyyatların aparılmadığı ərazilərdə vətəndaşların əsas ehtiyaclarını təmin edən sektorlara - istilik, enerji təchizatı, əsas tibbi xidmətlər, eləcə də istehlak mallarının istehsalı və satışına aiddir. Mütəxəssislərin sözlərinə görə, hazırda Ukrayna üçün əsas uzunmüddətli problem əkin kampaniyasıdır, bu payızda yaxşı məhsul əldə etmək son dərəcə vacibdir. Ukraynanın bütün bölgələrində hava hələ də kifayət qədər soyuqdursa, gələn həftədən etibarən istiləşmə gözlənilir və müvafiq olaraq normal vəziyyətdə əkin mövsümü başlamalıdır. Ancaq ideal ssenaridə belə, yaxın gələcəkdə hərbi əməliyyatlar dayandırılsa, yenə də minalardan təmizləmə tələb olunacaq və ərazinin böyük bir hissəsində heç bir halda səpin aparmaq mümkün olmayacaq. Buna baxmayaraq, mütəxəssislər bildirirlər ki, Ukraynanın böyük bir ərazisində əkin mövsümünün uğursuz olmasına imkan verməmək çox vacibdir.
Aydın məsələdir ki, iqtisadiyyatın yarısı dayanırsa, deməli büdcə gəlirləri də azalır. Kobud hesablamalara görə, martda Ukrayna büdcəsinə müharibədən əvvəlki adi rəqəmlərdən az, təxminən üç milyard dollar az vəsait daxil olacaq. Müvafiq olaraq, ən azı zəruri büdcə xərclərinin maliyyələşdirilməsinə davam etmək üçün bu defisitin bağlanması lazımdır. Söhbət yalnız əsas ehtiyacların maliyyələşdirilməsindən və dövlət işçilərinə maaşların ödənilməsindən, pensiyalardan, müdafiə xərclərindən və səhiyyədən gedir. İqtisadçıların sözlərinə görə, gəlir əhəmiyyətli dərəcədə azalır. Hətta beynəlxalq maliyyə təşkilatlarının artıq öz üzərinə götürdüyü öhdəlikləri – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İnvestisiya Bankı, ikitərəfli tərəfdaşları nəzərə alsaq, birinci ay üçün az-çox kifayət qədər pul olacaq, lakin sonra qeyri-müəyyənlik var.
Mütəxəssislər düşünürlər ki, münaqişə uzanarsa, daha çox pula ehtiyac olacaq və o halda ABŞ-ın köməyinə son dərəcə ehtiyac yaranacaq. Həmçinin hazırkı mərhələdə Ukraynanın cari büdcə maliyyələşdirməsindəki boşluqları aradan qaldırmaq üçün qrant dəstəyinə ehtiyacı olacaq. ABŞ və “Böyük yeddilər”in digər ölkələri, Avropa İttifaqı Ukraynanın xarici borcunun idarə olunmasına necə kömək edə biləcəyini qiymətləndirmək lazım gələcək. İqtisadçıların sözlərinə görə, bu il Ukrayna üçün xarici borclar üzrə ödənişlər baxımından nisbətən mürəkkəb olmayacaq, lakin bununla belə, hərbi əməliyyatlar gedən ölkə üçün bir neçə milyard dollar böyük yükdür. Buna uyğun olaraq Ukrayna defolt elan etmədən bu xərclərdən xilas olmaq üçün rəsmi kreditorlarla, rəsmi Kiyevin özəl kreditorlarla razılaşma əldə etməsi lazımdır.
Qərb dünyası da Ukraynaya iqtisadi yardım göstərir. Məsələn, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin sözlərinə görə, ABŞ BMTnin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayıracaq: “Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard dollar ayıracağını elan edirik”. ABŞ Senatının Ukraynaya 13,6 milyard dollar həcmində yardım paketini təsdiqlədiyi də bildirilir. “CNN” televiziya kanalının məlumatına görə, yardım paketi əsas olaraq Ukrayna Silahlı Qüvvələrinə, qaçqınlara yardım göstərilməsini nəzərdə tutur, Prezidentin Ukrayna və digər müttəfiq ölkələrə müdafiə texnikası göndərmək səlahiyyətlərini artırır. Sənədin hazırda imzalanması üçün ABŞ Prezidenti Co Baydenə göndərildiyi vurğulanır.
Rusiya iqtisadiyyatında da vəziyyət birmənalı deyil. Qərb ölkələrinin genişmiqyaslı siyasi və iqtisadi sanksiyaları şimal qonşumuzun iqtisadiyyatını güclü təzyiq altında saxlayır. Hazırda Rusiya dünyada ən çox sanksiya tətbiq edilən ölkədir. Bu baxımdan Rusiya İran, Suriya, Şimali Koreya kimi ölkələri belə qabaqladı. Sanksiyaların səbəb olacağı itkilərin həcmi hələ daha uzun zaman müddətində üzə çıxacaq. Ancaq, indidən bəzi rəqəmləri səsləndirmək olar. Məsələn, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan biri ölkənin Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı idi. Ən son açıqlanan rəqəmlərə görə, Rusiya Mərkəzi Bankının aktivləri 630 milyard dolları ötmüşdü. Rusiya Mərkəzi Bankının aktivlərin yerləşdirilməsinin coğrafi strukturu ilə bağlı son açıqlamasından aydın olur ki, ölkənin valyuta ehtiyatlarının 21,7 faizi qızılda, 25 faizə yaxını Fransa, Almaniya və Avstriya kimi Avropa Birliyi ölkələrində, 13.8 faizi Çində, 10 faizi Yaponiyada, 10 faizə yaxını isə ABŞ və Kanadada saxlanılır. Yəni, ölkənin vəsaitlərinin təxminən yarısı Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdədir. Rusiyaya qarşı sanksiyalar özəl sektoru da, əhatə etdiyindən, böyük rus şirkətləri də, iri həcmli itkilər yaşamaqdadır. Təkcə bu il ərzində rus şirkətlərinin səhmlərinin ucuzlaşmasının həmin şirkətlərin sahiblərinin təxminən, 100 milyard dollara yaxın vəsait itirməsinə səbəb olduğu bildirilir. Hesablamara görə, idxalın bahalaşması özəl sektorun da gəlirlərinin azalmasına təsir edəcək. Çünki Rusiya iqtisadiyyatının əsas istiqaməltərində idxaldan ciddi asılılıq var.
Bir sözlə, Ukraynada davam edən hərbi münaqişə Ukrayna və Rusiya iqtisadiyyatlarına ciddi zərbə vurur. Hərbi münaqişənin uzanacağı halda, hər iki ölkənin ciddi iqtisadi problemlərlə qarşılaşacağı qaçılmaz olacaq. Əlbəttə ki, xüsusilə də Rusiya kimi zəngin neft və qaz ölkəsinin qarşılaşacağı iqtisadi problemlər dünya iqtisadiyyatına da zərər vuracağı şübhə doğurmur. Artıq dünyada bir sıra strateji məhsulların çatışmazlığı və bahalaşması müşahidə edilir. Buna görə də, heç kimin qalib çıxmayacağı bu münaqişənin tezliklə dayandırılması qlobal sabitlik baxımından böyük əhəmiyyət daşıyır.