ANALİTİKA

29 Mart

Qubadlının aqrar potensialı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Qubadlı da var. 1993-cü ilin avqustundan işğal altında olan Qubadlının çoxşaxəli aqrar potensialı mövcud idi. İşğal nəticəsində Qubadlının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilmiş, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalmış və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılmışdır. Bugünkü ekspert yazısında Qubadlının aqrar potensialı təhlil olunur.

Fins.az kənd təsərrüfatı sahəsi üzrə ekspert Əbdülrəhim Dadaşovun Qubadlının aqrar potensialı barədə yazısını təqdim edir.

Qubadlı rayonu Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhədində yerləşən rayonudur. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Ərazisi 802 km2 olan rayonun əhalisi 41,6 min (1993-cü ildə 28,1 min) nəfərdir. Ölkə ərazisinin 0,9 faizini, Qarabağ ərazisinin isə təqribən 5,8 faizini Qubadlı rayonu təşkil edir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərq tərəfində Araz çayının sol sahilində yerləşir.

Rayonun iqlimi cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, şimal hissəsində isə yayı quraq keçən mülayim istidir və ərazisində əsasən dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılıb. Ərazisi bol sululuğu ilə bilinən Bazarçay (Bərgüşad), Həkəri və Meydan Dərəsi çayları ilə suvarılır.

Qubadlı əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdu. Yayı isti, qışı mülayim olan Qubadlı rayonunda keçmiş Sovet İttifaqın zamanı örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (17.8 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təxminən 0,7 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər, xüsusən də taxıl, tütün və üzüm əkilirdi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Qubadlı rayonunda əkin 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (83,4 faiz) və tütün sahələrinin (14,4 faiz) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, Qubadlı rayonunda çoxillik əkmələr üzrə 997 hektar sahədə üzümlüklər vardı. Rayondakı üzümlüklərin ölkədəki payı 1,1 faiz təşkil edirdi. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Qubadlı rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 0,6 faizini, eləcə də rayonda mövcud olan tütün sahələri isə ölkədəki sahənin 3,6 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Qubadlı rayonunda bitkiçilik məhsullarının əkin strukturu

 

Mənbə: Dövlət Statistika Komitəsi

1. Tütün istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, tütünçülük sahəsi rayon əhalisi tərəfindən ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsidir. 1980-ci ildə 504 hektar sahədən 1366 ton, 1985-ci ildə 519 hektar sahədən 2070 ton, 1988-ci ildə isə 589 hektar sahədən 2101 ton məhsul istehsal edilmişdi. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tütün məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 39,0 sent/ha olduğu halda Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 40,0 sent/ha yaxın olmuşdur. 1980-1988-ci illərdə rayonda tütün istehsalı ölkə üzrə istehsalın 3,6 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 7,8 faiz çox olması tütün istehsalında Qubadlı rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir.

Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Qubadlı rayonunda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 4 ton/ha məhsuldarlıqla istehsalın 2 min tona çatdırılması proqnozlaşdırılır. Bu da ölkədə tütün istehsalının təxminən 25-27 faizinin məhz Qubadlı rayonu hesabına formalaşacağı deməkdir.

2. Taxıl istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 5,0 min hektar sahədə taxıl əkilmiş və biçilmiş taxıl sahələrindən 5,2 min ton məhsul əldə edilmişdir. 1985-ci ildə müvafiq olaraq sahə 3,6 min hektar və biçilmiş taxıl 8,0 min ton olmuşdur, 1988-ci ildə isə 3,4 min hektar taxıl sahəsindən 6,7 min ton taxıl götürülmüşdür. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl məhsuldarlığında təxminən 2 dəfəyədək artım olmuşdur. Taxıl üzrə orta məhsuldarlıq 17,5 sent/ha təşkil etmişdir, maksimum məhsuldarlıq isə 22,4 sent/ha olmuşdur ki, bu da həmin illərdə ölkə üzrə məhsuldarlıq göstəricilərindən cəmi 15,5 faiz aşağı olduğunu göstərir. 1980-1988-ci illər ərzində Qubadlı rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 0,6 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın təxminən ölkə səviyyəsinə bərabər səviyyədə olması taxıl istehsalında Qubadlı rayonunun potensial imkanlara malik olduğunu göstərir.

Müstəqillik əldə edildikdən sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, işğaldan azad edilmiş Qubadlı rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Qubadlı rayonunda taxıl istehsalının 32,4 min tona qədər artırılması gözlənilir.

3. Üzüm istehsalı potensialı. Üzümçülük Qarabağın digər rayonlarında olduğu kimi, Qubadlıda da əsas bitkiçilik sahəsindən hesab olunur. Tədqiqatlar göstərir ki, 1985-ci ildə 2,4 min hektar sahədən 6,2 min ton üzüm istehsal edilmişdir, lakin sonrakı illər ərzində üzüm sahələri azaldılaraq 1988-ci ildə 997 hektar olmuşdur. Ümumiyyətlə, 1988-ci ildə bu üzümlüklərdən 2,9 min ton məhsul əldə edilmişdir. Beləliklə, bu illər ərzində Qubadlı rayonu üzrə üzümçülük sahəsinin ən məhsuldar dövrü 1985-ci ildə olmuşdur. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) üzüm bağlarının məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 95,3 sent/ha olduğu halda Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 48,9 sent/ha təşkil etmişdir. 1980-1988-ci illər ərzində Qubadlı rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0,3 faizinə bərabər olmuşdur. Bu illərdə məhsuldarlığın ölkə səviyyəsinin 59,2 faizini təşkil etməsi üzüm istehsalında Qubadlı rayonunun təsərrüfatçılıq ənənələrinin mövcud olduğunu göstərir.

Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni Tədbirlər Planı çərçivəsində digər bitki növləri ilə yanaşı üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlıq səviyyəsi hesabına ölkənin üzümə olan tələbat səviyyəsinin tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun da inkişafına təkan verəcək. Belə ki, 2025-ci ildə üzüm istehsalında Qubadlı rayonunun ölkədəki üzüm istehsalında payının 1,5 faizini təşkil edərək, 2,7 min ton civarında üzüm istehsalı proqnozlaşdırılır.

4. Bostan bitkilərinin istehsal potensialı. Qubadlı rayonunda kənd təsərrüfatı istehsalı üçün potensial olan digər bitkiçilik sahəsi bostan bitkiçiliyidir. Tarixi keçmişə nəzər saldıqda, 1988-ci ildə 53 hektar sahədən 113 ton bostan məhsulu istehsal edilmişdir. Ümumiyyətlə, 1980-1988-ci illərdə bu sahələrdən maksimum 141 ton məhsul yığılmışdır. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) bostan məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 98,0 sent/ha olduğu halda, Qubadlı rayonunda bu bitkinin məhsuldarlığı 55,3 sent/ha təşkil etmişdir. 1980-1988-ci illərdə Qubadlı rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0,2 faizinə bərabər idi. Həmin illərdə məhsuldarlığın ölkə səviyyəsinin maksimum 60,1 faiz civarında olan nisbəti üzüm istehsalında Qubadlının istehsal imkanlarından o zamanki dövrdə tam istifadə edilməməsindən xəbər verir.

İnnovativ tədbirlər nəticəsində digər bitki növləri ilə yanaşı, bostan bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcminin artımı ilə 2025-ci ildə 3 min tona yaxın bostan məhsulu istehsalı proqnozlaşdırılır.

5. Digər növ bitkilərin istehsalı potensialı. Qubadlı rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi bu regionda meyvə və tərəvəz istehsalının da perspektivindən xəbər verir. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Belə ki, ölkədə tətbiq edilən aqrar innovasiyalardan istifadə nəticəsində yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması və istixanalarda tərəvəz yetişdirilməsinə başlanılılıb. Regionlarda aqrar inkişaf perspektivi baxımından, ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına Qubadlının böyük töhfəsi olacaq.

Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün sahələrin salınması Tədbirlər Planı çərçivəsində nəzərə alınacaq.

Ümumilikdə, 2025-ci ilə qədər Qubadlı rayonunda 17 min hektarlıq əkin və bağ sahələrindən 48-50 min ton bitkiçilik məhsulu istehsalı imkanları var. Bu da ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 0,5 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Qubadlı rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 27,6 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0,6 faiz olması gözlənilir.

Qubadlı rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1.

2025-ci ildə Qubadlı rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

Mənbə: Dövlət Statistika Komitəsi.

Qubadlının əmək, torpaq, iqlim və su resursları ilə hazırkı dövrdə bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən innovativ yanaşma ilə ciddi inkişaf əldə edilib. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Qarabağın, o cümlədən Qubadlının işğaldan azad edildikdən sonra ölkənin xüsusilə kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, Qubadlıda 1980-ci ildə iribuynuzlu heyvanların sayı 20320 başa çatmışdır. 1985-ci ildə 22323-ə yüksəlmiş və 1988-ci ildə isə 22776 baş olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 45126 baş, o cümlədən 32724 baş qoyun, 12402 baş keçi, 1985-ci ildə 29304 baş, o cümlədən 17752 baş qoyun, 290304 baş keçi, 1988-ci ildə isə 30668 baş, o cümlədən 18294 baş qoyun, 12374 baş keçi olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 18499, 22117, 22803 ton və kəsilmiş çəkidə isə uyğun olaraq 1093, 1296, 1320 tona bərabər idi. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 7084, 9642 və 12055 ton, yun istehsalı 1980-ci ildə 682 ton və 1985-ci ildə 378 ton, yumurta istehsalı isə 1980-ci ildə 3721, 1985-ci ildə 4519, 1988-ci ildə isə 4394 min ədəd olmuşdur. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə Qubadlıda heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Qrafik 2.

İşğaldan öncə Qubadlı rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Qubadlı rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Qubadlı rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

 

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Qubadlı rayonunda heyvandarlığın bərpa edilməsi ilə (34,1 min baş iribuynuzlu və 51,7 min baş xırdabuynuzlu) ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 1,7 faiz artımına səbəb ola bilər. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalında 0,2 faiz və yun istehsalında isə təqribən 0,3 faiz artım proqnozlaşdırılır. Süd və yumurta istehsalında müvafiq olaraq 1,9 faiz və 0,4 faiz artım olacaq.

Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Qubadlının payı 50 min tona yaxın və yaxud 1,5 faiz olacağı ehtimal edilir. Rayon üzrə 37,5 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 0,8 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Rayon əhalisinin barama istehsalının keçmişdən qalma ənənəsi də var. Ona görə də, təxminən 45-50 ton baram istehsalı potensialı da nəzərə alınmalıdır.

Qubadlı rayonunda taxılın, südün, gön-dərinin və ipəyin emalı müəssisələrinin qurulması üçün böyük potensial da var. Bu region üçün yeni trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, Qubadlıda aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafı iqtisadiyyata sovet dövründəkindən də çox töhfə verə bilər.

Ümumilikdə, Qubadlı rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin 65,1 milyon manat, başqa sözlə 0,7 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, rayonun respublika üzrə ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından rolu daha böyük olacaq.