ANALİTİKA

04 Mart

COVID-19 dövründə çirkli pulların yuyulması istiqamətində meyllər və görülən önləyici tədbirlər

Koronavirus hər nə qədər qlobal səhiyyə böhranı kimi qarşımıza çıxsa da, virusun nəticələrinin maliyyə bazarlarına mənfiyönlü təsiri artıq danılmaz bir faktdır.

Çinin “Uhan (Wuhan) pəncərəsindən” dünyaya yayılan COVID-19 pnevmaniyasının ilk anından etibarən beynəlxalq ictimaiyyət xəstəliyin dünya iqtisadiyyatına, xüsusilə ümumdünya maliyyə sisteminə təsirlərini müzakirə etməkdə və təhlillər aparmaqdadır. Böyük Britaniyanın Kent Universitetinin Rusiya və Avropa siyasəti üzrə professoru Riçard Sakvanın (Richard Sakwa) ifadə etdiyi kimi, SARS-CoV-2 virusu “dünyamıza dərindən təsiretmə potensialına malik proqnozlaşdırılması çətin və nadir bir hadisədir, yəni “qara qu quşu”[1] (Black swan) riskindən daha çox göz görə-görə gələn və bizi hazırlıqsız yaxalayan “boz kərgədan”[2] (Gray rhino) hadisəsidir”. Həqiqətən də 11 mart (2020) tarixindən etibarən pandemiya elan edilən COVID-19 xəstəliyi qlobal tibbi böhrana çevrilmiş, xəstəliklə mübarizədə dövlətlərin gördüyü önləyici tədbirlər isə ciddi iqtisadi çətinliyi və durğunluğu da özü ilə bərabər gətirmişdir: sosial təcridolmalar tətbiq olunmuş, insanların çölə çıxması məhdudlaşdırılmış və ya qadağan olunmuş, iş yerləri bağlanılmış, təyyarə uçuşları dayandırılmış, müəyyən qisim insanlar iş yerlərini itirmişdir və s.

Koronavirus hər nə qədər qlobal səhiyyə böhranı kimi qarşımıza çıxsa da, virusun nəticələrinin maliyyə bazarlarına mənfiyönlü təsiri artıq danılmaz bir faktdır. Pandemiyanın maliyyə sektoruna olan əzici təzyiqindən istifadə edən cinayətkarlar maliyyə qurumlarının virusla bağlı qorxularından və ehtiyatlı davranışlarından faydalanmağa, pandemiya dövrünü cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması üçün fürsət kimi dəyərləndirməyə başladılar. Təsadüfi deyil ki, ABŞ Xəzinədarlığının Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şəbəkəsi (FinCEN) COVID-19-un pandemiya elan olunmasından cəmi 5 gün sonra martın 16-da (2020) pres-reliz yayaraq[3], ölkədəki maliyyə institutlarını koronavirus xəstəliyi ilə bağlı saxta və zərərli əməliyyatlara qarşı oyaq olmağa çağırdı. Bu xəbərdarlıq mesajında COVID-19-la bağlı quruma daxil olan potensial qeyri-qanuni fəaliyyət hesabatlarının, həmçinin Bank Sirri haqqında Akt (Bank Secrecy Act) üzrə hesabatlılığın monitorinq olunduğu və aşağıdakı yüksələn zərərli meyllərin müşahidə olunduğu qeyd olunurdu:

  1. Təqlidçi fırıldaqçılar: Bu cür aktorlar dövlət qurumlarının (məs., Xəstəliyə Nəzarət və Qoruma Mərkəzləri), beynəlxalq qurumların (Dünya Səhiyyə Təşkilatı) və ya səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların obrazlarına bürünərək maddi yardım adı altında vəsait toplamağa, insanların şəxsi məlumatlarını oğurlamağa və ya kompüter və mobil cihazlara zərərli proqramlar göndərməyə çalışırlar.
  2. İnvestisiya fırıldaqçıları: ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası məhsul və xidmətlərinin koronavirus xəstəliyinin qarşısını aldığını, bu xəstəliyi aşkar edə bildiyini və ya xəstələrin vəziyyətini yaxşılaşdırdığını iddia edən yalançı ictimai şirkətlər (səhmləri birja vasitəsilə açıq bazarda satılan xalqa açıq şirkətlər – T.A.) kimi investisiya fırıldaqçılarına qarşı ehtiyatlı olmaq barədə çağırış etdi.
  3. Məhsul fırıldaqçıları: ABŞ-ın Federal Ticarət Komissiyası və ABŞ Qida və Dərman Administrasiyası COVID-19-la bağlı təsdiqlənməmiş və markalanmamış məhsul satan şirkətlərə açıq bəyanatlar və xəbərdarlıq məktubları ünvanladı. Əlavə olaraq FinCEN-in tibbi ləvazimatların (məs., tibbi maska və s.) saxta marketinqi ilə bağlı müxtəlif hesabatlar aldığı da bildirilirdi.
  4. İnsayd ticarət: FinCEN-in insayd ticarətlə (şirkətin insayd məlumatının qeyri-qanuni şəkildə başqasına açıqlanması və bu informasiya əsasında qiymətli kağızların alınması və ya satılması - T.A.) bağlı olub, şübhəli COVID-19 əməliyyatlarına dair müxtəlif hesabatlar qəbul etdiyi qeyd olundu.

28 dekabr (2020) tarixində FinCEN bir daha maliyyə institutlarına müraciət edərək onları COVID-19 vaksini ilə bağlı fırıldaqçılığa və kiberhücumlara qarşı oyaq olmağa və təqdim olunacaq SAR[4] hesabatlarını tam şəkildə doldurmağa (şübhəli fəaliyyətin növü, şübhəli əməliyyatdakı məhsulun adı, fırıldaqçılar və qurbanlar haqqında məlumatlar, fırıldaqçıların öz qurbanları ilə hansı formada əlaqə qurması, qurbanların ödənişi necə təmin etməsi, tərəflərin ünvan və telefon nömrələri, maliyyə əməliyyatlarına dair məlumatlar və s.) çağırdı.[5]

Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası çirkli pulların yuyulmasının ənənəvi yollarında da müəyyən dəyişikliyə səbəb oldu. Maliyyə saxtakarlığı və fırıldaqçılıq daha çox ön plana çıxmağa başladı. Bu dövr cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması istiqamətində başlıca meyllərə aşağıdakıları aid etmək mümkündür:

  1. Tibbi fırıldaqçılıq: Təsadüfi deyil ki, FinCEN-in COVID-19-la bağlı 18 mart (2020) tarixli ilk məsləhət xarakterli sənədi də məhz tibbi saxtakarlıqla bağlı idi. Sənəddə saxta vaksin və dərmanların satışı, tibbi ləvazimatların qiymətlərinin artırılması, tibbi dəstəyin göstərilməsi adı altında saxta maddi yardımların toplanılması kimi meyllərin fırıldaqçılar tərəfindən istifadə edildiyi qeyd olunurdu. Paralel olaraq, FATF təşkilatı koronavirusla bağlı yayımladığı sənəddə[6] məhdudiyyətlərin tətbiq olunması səbəbindən internet vasitəsilə tibbi dərman və ləvazimatlara tələbatın artdığını, bunu fürsət bilən və özlərini xeyriyyə cəmiyyətlərinin, beynəlxalq təşkilatların və ya şirkətlərin əməkdaşları kimi təqdim edən fırıldaqçıların insanların kredit kartlar vasitəsilə həyata keçirdikləri ödənişlərini və ya çatdırılma xərclərini (shipping fee) mənimsədiklərini, əvəzində isə heç bir məhsulun sifarişçilərə çatdırılmadığını bildirdi. Bu cür fırıldaqçılıqdan isə yalnız fiziki şəxslər deyil, həmçinin hüquqi şəxslər də ziyan çəkirlər.

ACAMS[7]-ın 29 sentyabr (2020) tarixində baş tutmuş virtual Konfransında[8] çıxış edən FinCEN-in direktoru Kennet Blanko (Kenneth Blanco) FinCEN tərəfindən 1 fevral – 12 sentyabr tarixləri arasında təkcə koronavirusla bağlı 91000-dən artıq SAR hesabatının qəbul edildiyini barədə məlumat təqdim etdi. Hesabatların 71%-i (64000-dən çoxu) Depozit institutlarının (banklar) payına düşürdü. Qalan faiz bölgüsü isə müvafiq olaraq kredit ittifaqlarının, maliyyə xidmətləri bazarının (valyuta mübadiləsi, çeklərin nağdlaşdırılması, sürətli pul köçürmə xidmətləri, öncədən ödənilmiş kartlar bazarı, poçt xidmətləri), qiymətli kağızlar və fyuers bazarının, kazino və kart klubları sənayesinin payına düşürdü. K.Blankonun bildirdiyi kimi SAR hesabatlarında daha çox əksini tapan şübhəli fəaliyyət növlərindən biri məhz tibbi fırıldaqçılıq olmuşdur.

Artan tibbi fırıldaqçılıq risklərinin qarşısını almaq məqsədilə FinCEN tibbi maska, virusun aşkarlanması üçün test ləvazimatları, dərmanlar və tibbi xidmətlərlə (məs., ev şəraitində COVID-19 analizinin götürülməsi xidməti) bağlı risk indikatorlarını (xəbərdarlıq siqnallarını) dərc etdi. FinCEN tərəfindən müəyyən olunan risk indikatorlarının bəziləri aşağıdakı kimidir:

  1. Dövlət qurumlarının müvafiq qeydiyyatından keçməyən saxta məhsul satan / xidmət göstərən şirkət və ya şəxslərin fəaliyyəti;
  2. Satıcının fiziki şəxsin hesabı üzərindən tibbi dərman və ləvazimatların satışını həyata keçirməsi (bu, satıcının qeydiyyatsız və lisenziyasız şəxs olduğunu və tibblə bağlı saxta əməliyyatlar apardığını büruzə verən indikatordur)
  3. Satıcının həqiqi və məşhur şirkətlərin adlarına/internet sayt adlarına bənzər adlardan istifadə etməsi;
  4. Satıcı tərəfindən təklif olunan saxta məhsulun görünüşünün (qablaşdırma dizaynının) həmin məhsulun orijinal variantından çox az fərqlənməsi (cinayətkarlar saxta məhsulun görünüş olaraq mümkün olduqca orijinal məhsula daha çox bənzəməsinə önəm verirlər);
  5. Satıcının ödəniş üçün qeyri-adi əməliyyat formalarını və ya tibb bazarına uyğun olmayan ödəmə üsullarını tələb etməsi; məs., kredit kartı vasitəsilə ödənişin edilməsi əvəzinə satıcı vəsaitin yüksək riskli yurisdiksiyadakı hər hansı hesaba köçürülməsini və ya vəsaitin sürətli pul köçürmə sistemləri vasitəsilə göndərilməsini və ya ödəniş üçün mübadilə oluna bilən virtual aktivlərdən istifadə edilməsini tələb edir;
  6. Satıcının biznes fəaliyyətinin tarixçəsinin, fiziki ünvanının olmaması;
  7. Satıcı tərəfindən qurbanlarına malın yüklənməsi və ya göndərilməsində müəyyən gecikmələrin olmasının bildirilməsi; məs., malın hansısa gəmiylə daşınmasının təxirə salındığını, gəmi ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, gömrük orqanları tərəfindən mala əl qoyulmasını deməsi;
  8. COVID-19 dövründə yeni açılan bank hesabına yüksək məbləğli və tezlikli vəsaitlərin daxil olması;
  9. Pandemiya dövründə tələbatın artdığı malları necə əldə etməsi barədə suallara satıcının cavab verə bilməməsi;
  10. Satıcının hesabından fiziki ünvanı və internet ünvanı olmayan şirkətlərə vəsaitlərin köçürülməsi və s.

COVID-19 dövründə çirkli pulların yuyulması istiqamətində müşahidə olunan cinayət xarakterli meyllərdən biri də təqlidçi fırıldaqçıların və pul qatırları rolunu oynayan şəxslərin qeyri-qanuni fəaliyyətilə bağlıdır. Yuxarıda da qeyd olunduğu kimi təqlidçi fırıldaqçılıqda cinayətkarlar saxta xidmətlər təklif etmək və ya insanları aldatmaq məqsədilə dövlət təsisatları, qeyri-hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri kimi qurumların obrazına bürünür, qurbanlarının çətin vəziyyətindən istifadə edərək onların etibarını qazanmağa çalışırlar. Təqlidçi fırıldaqçılıq müxtəlif formada özünü göstərsə də, bu fəaliyyətin ana xətti iki başlıca prinsipə söykənir:

  1. rəsmi qurumların təmsilçisi/nümayəndəsi obrazına bürünərək öz qurbanları ilə əlaqə yaratmaq;
  2. qurbanlarının vəsaitlərini və ya digər əhəmiyyətli məlumatlarını ələ keçirmək, onların kompüter və mobil cihazlarına zərərli proqramların ötürülməsinə nail olmaq.

Son dövrlər PL/TMM sahəsində yüksələn ciddi meyllərdən hesab olunan təqlidçi fırıldaqçılığa qarşı mübarizədə bir neçə risk indikatorunu aşağıdakı kimi sadalayaa bilərik:

  1. Telefon, mail, mesaj və ya sosial media üzərindən əlaqə yaratmaqla hər hansı bir dövlət qurumunu təmsil etdiyini bildirən şəxs tərəfindən müştərinin şəxsi məlumatlarının, bank hesabı məlumatlarının əldə edilməsi cəhdləri;
  2. Domen sonluğu fərqli olan mail adreslərindən istifadə edilməsi; məs., dövlət orqanları “.gov” və ya “.mil” domenlərindən, əksər qanuni xeyriyyə təşkilatları isə  “.org” domenindən istifadə edirlər. Fırıldaqçıların istifadə etdiyi domenlər isə əksər hallarda “.com” və ya “.biz” domenlərindən ibarət olur.
  3. COVID-19-la bağlı saxta gündəlik məlumatlar adı altında fişing hücumların olması;
  4. Nüfuzlu təşkilatların, xeyriyyə cəmiyyətlərinin adından istifadə edilərək maddi yardımların toplanılması və s.

Karantin qaydalarının tətbiq olunduğu müddətdə banklar öz işçilərini və müştərilərini qorumaq üçün müəyyən tədbirlər görməyə başladı. Bəzi maliyyə institutları iş saatlarını azaltdı, bəziləri növbəli iş rejiminə keçid etdi. Nəticədə ənənəvi bank kanalları vasitəsilə əməliyyatların aparılmasında müəyyən məhdudiyyətlər yaranmış oldu. Əksər banklar mobil bankçılıq tətbiqlərini yenilədi, rəqəmsal bankçılıq xidmətlərini tətbiq etməyə başladı. Beləliklə, təmassız bank xidmətlərinin təkmilləşdirilməsi prosesi geniş vüsət aldı.

Beynəxalq ticarətdəki durğunluq və azalma eyni zamanda çirkli pulların dövriyyəsini də çətinləşdirdi. Artan çirkli pul kütləsi ənənəvi bank kanallarına daxil olmaqda çətinlik çəkməyə başladı. Məlum məsələdir ki, belə olan halda əldəki çirkli pulun həcmi artdıqca maliyyə institutlarının və ya hüquq-mühafizə orqanlarının pulun izinə düşməsi daha da asanlaşır.

Lakin karantin qaydaları uzandıqca cinayətkarların karantin şərtlərinə uyğunlaşması da uzun çəkmədi. Nəticədə çirkli pulların yuyulması özünü başqa formalarda büruzə verməyə başladı. İş yerlərinin bağlanılmasını fürsət bilən cinayətkarlar işsiz qalan, maddi çətinliyi olan şəxslər üçün “iş imkanları” təklif etməyə başladılar. Ən əsas iş imkanlarından biri də məhz pul qatırı rolunu oynamaq idi. FATF təşkilatı, ABŞ-ın Maliyyə Kəşfiyyat İdarəsi, İnterpol kimi qurumlar müxtəlif pul qatırları sxemləri ilə bağlı mütəmadi olaraq maliyyə institutlarına xəbərdarlıq edirlər.

Pul qatırı cinayət yolu ilə əldə edilmiş vəsaiti bilərəkdən və ya bilmədən bank yolu və ya digər üsullarla başqa şəxsə çadıran şəxsdir. Ümumiyyətlə, pul qatırları əsasən üç formada özünü göstərir:

  1. bilmədən pul qatırları kimi fəaliyyət göstərən şəxslər cinayətkar sxemin bir parçası olduqlarından xəbərsiz olan şəxslərdir.
  2. bilərəkdən pul qatırları kimi fəaliyyət göstərən şəxslər xəbərdalıq siqnallarını görməməzlikdən gələn və bu fəaliyyətə bilərəkdən kor davranan şəxslərdir.
  3. cinayətdə əlbir olmaqla pul qatırları kimi fəlaiyyət göstərən şəxslər pul qatırı rolunu oynadıqlarını bilən və cinayətkarlarla birbaşa əlbir olan şəxslərdir.

Pandemiya dövründə cinayətkarlar pul qatırlarını seçə bilmək üçün müxtəlif metodologiya və texnoloji üsullardan istifadə edirlər. Bunlardan ən geniş yayılanlarını aşağıdakı şəkildə təqdim etmək mümkündür:

  1. sosial şəbəkələrdə müxtəlif səhifələrin şərh bölmələrində işsizliklə, maddiyyatla bağlı ruh düşkünlüyünə malik şəxslərin qurban kimi seçilməsi və qısa müddətdə pul qazanmaq adı altında həmin şəxslərə mesajların göndərilməsi;
  2. qanuni görünən iş təkliflərinin edilməsi;
  3. şel şirkətlərin nümayəndəsi kimi yarımgünlük iş imkanlarının təklif edilməsi;
  4. adlarına açılacaq bank hesabları vsaitəsilə onlara veriləcək vəsaitlərin müvafiq limitdən aşağı olmaqla qeyd olunan hesablara köçürülməsi və s.

Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında iştirak edən pul qatırları ilə bağlı risk indikatorlarına aşağıdakıları aid etmək mümkündür:

  1. müştərinin hesabına gün ərzində iri məbləğli vəsaitlərin daxil olması, günlük hesab hərəkətinin müştərinin profilinə uyğun olmaması və günsonu qalığının aşağı dəyərdə olması;
  2. müştərinin bir çox bankda öz adına hesab açması, fərqli fiziki və hüquqi şəxslərdən vəsaitlər qəbul etməsi, daha sonra həmin vəsaitlərin müştərinin digər bank hesablarına köçürülməsi;
  3. müştərinin hesabına fərqli dövlətlərdən işsizlikdən sığorta adı altında vəsaitlərin daxil olması;
  4. hesabdakı vəsaitlərin qısa müddət sonra PL/TMM nəzarətinin zəif olduğu ölkələrdəki hesablara köçürülməsi;
  5. onu işə götürən şəxsin adına olan vəsaitlərin öz hesabına qəbul etməsi və daha sonra həmin vəsaitin işə götünən şəxsin başqa hesabına köçürülməsi və s.

Məlumdur ki, pul qatırları ilə bağlı fəaliyyətin genişlənməsi maliyyə institutlarına olan ictimai inamı sarsıda bilər. Eyni zamanda banklarda adekvat nəzarət tədbirlərinin zəif olması və müvafiq qurumların sorğularına gec cavab verilməsi də maliyyə institutlarının şəffalığını kölgə altına sala bilər. Bu cür fəaliyyət maliyyə institutlarının nüfuzunu zədələyən amillərdən biridir.

Çirkli pulların yuyulması istiqamətində rast gəlinən digər meyllərdən biri də heç şübhəsiz kibercinayətkarlıqdır. FATF təşkilatının COVID-19-la bağlı yayımladığı sənədində kibercinayətkarlıqla bağlı aşağıdakı fırıldaqçılıq əməlləri diqqət mərkəzinə gətirilmişdir:

  1. Mail və SMS fişinq hücumları: cinayətkarlar zərərli yazılımlarla şəxsi kompüterlərə və mobil cihazlara zərər yetirməyə çalışırlar. Məs., bəzi cinayətkarlar Dünya Səhiyyə Təşkilatının adından saxta maillər göndərmiş, qeyd  olunan maildəki linklərə daxil olan şəxslərin istifadəçi adı və şifrə məlumatları qarşı tərəfə ötürülmüşdür. INTERPOL-un 2020-ci ilin avqust ayında dərc etdiyi “Kibercinayətkarlıq: COVID-19 təsiri” adlı hesabatına[9] əsasən pandemiya dövründə müəyyən edilmiş kibertəhdidlərin 59%-i mail və sms fişinq hücumlarının payına düşmüşdür.
  2. Biznes mail fırıldaqçılığı: pandemiya dövründə insanların evdən işləməsini fürsət bilən kibercinayətkarlar qurbanlarının əlaqə və bank əməliyyat məlumatlarını əldə etməyə cəhd etmişlər.
  3. Fidyə hücumları: kibercinayətkarlar qurbanlarının şəxsi məlumatlarını fidyə qarşılığında onlara geri vermək üçün vəsaitlərin müvafiq hesablara köçürülməsini tələb edirlər. Vəsait qeyd olunan hesaba çatana qədər qurbanlarının kompüter və mobil cihazlarını bloklayırlar.

Çirkli pulların yuyulmasında kibercinayətlə bağlı risk indikatorlarına aşağıdakıları aid etmək mümkündür:

  1. hesab məlumatındakı adın yazılışı dövlət qurumu tərəfindən verilmiş identifikasiya sənədi ilə üst-üstə düşmür;
  2. şəxsiyyəti təsdiq edən sənəddəki şəklin keyfiyyəti, xüsusilə şəxsin üzü bulanıq və dəqiqliyi aşağıdır;
  3. şəxsin identifikasiya sənədindəki şəkilləri onun digər şəkilləri ilə üst-üstə düşmür;
  4. şəxs, şəxsiyyətini təsdiqləyici əlavə sənəd təqdim etməkdən imtina edir və ya onun təqdim edilməsini gecikdirir;
  5. şəxsin IP adres məlumatları onun şəxsiyyətini təsdiq edən sənəddəki ünvanı və ya faktiki yaşayış ünvanı ilə üst-üstə düşmür;
  6. şəxsin qısa müddətə fərqli-fərqli IP ünvanlardan daxil olması və s.

Avstraliya Əməliyyatların Təhlili və Hesabatlılıq Mərkəzi (AUSTRAC) COVID-19 pandemiyası dövründə çirkli pulların yuyulması ilə mübarizəyə dəstək vermək məqsədilə öz rəsmi internet saytındakı məlumatları yeniləyərək maliyyə institutları üçün təlimat xarakterli sənəd yayımladı. AUSTRAC bu dövrdə cinayətkarlar tərəfindən istismar olunan başlıca sahələri aşağıdakı şəkildə qruplaşdırdı:

  1. saxta müraciət və fişinq fırıldaqçılığı ilə hökumətin dəstək proqramlarının hədəf seçilməsi;
  2. qeyri-qanuni malların alqı-satqısı nəticəsində yüksək məbləğli nağd pul kütləsinin hərəkəti;
  3. qiymətli metalların və qızıl külçələrinin qeyri-standard formada alqı-satqısı;
  4. işçilərin istismar edilməsi;
  5. səyahət məhdudiyyətlərinin tətbiqi nəticəsində onlayn platformalarda uşaq əməyinin istismarı riskinin artması;
  6. ya cəmiyyət üzvlərinə, ya da hökumətə qarşı ekstremist fikirlərin artması.

AUSTRAC yuxarıdakı fəaliyyətlərlə bağlı maliyyə institutlarını oyaq olmağa çağıraraq SMR (Suspicious Matter Reports) hesabatlılığının yüksək keyfiyyətdə, dəqiq və vaxtında doldurulmasını tələb etdi.

Pandemiya dövründə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizədə maliyyə institutlarına dəstək verən qurumlardan biri də şübhəsiz MONEYVAL olmuşdur. Sentyabr ayının 2-ində (2020) MONEYVAL “COVID-19 böhranı zamanı MONEYVAL ölkələrində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi meylləri” başlıqlı sənədini[10] yayımladı. Sənəddə pandemiya başlayandan bəri üzv dövlətlərin hökumətlərinin və nəzarətçilərinin yeni təhdidlərə və yüksələn risklərə qarşı gördükləri tədbirlər vurğulanırdı. Sənədin başlıca məqsədi isə COVID-19-un maliyyə cinayətkarlığına olan təsirinə, dövlətlərin bu təsirin azaldılması istiqamətində gördükləri tədbirlərinə baxış idi. Pandemiya nəticəsində yaranan çətinlikləri, yaxşı təcrübələri, yeni təhdidlərə və meyllərə qarşı cavabları ölçmək üçün MONEYVAL məlumat toplama fəaliyyətini başlatdı. Bu fəaliyyətin məqsədi virusun çirkli pulların yuyulması sistemlərinə təsirini regional baxış bucağından təhlil etmək və risklərin azaldılması üçün dövlətlər tərəfindən həyata keçirilən nəzarət tədbirlərini başa düşmək idi. MONEYVAL təhlilinin başlıca nəticələri aşağıdakılardan ibarət oldu:

  1. cinayətkarlığın ümumi səviyyəsi sabit qalsa da, ölkələr elektron pullar vasitəsilə həyata keçirilən əməliyyatlarda və kibericnayətkarlıqda yüksəlişin olduğunu müşahidə olundu;
  2. çirkli pulların yuyulması üçün yüksək məbləğli nağd pul kütləsinin dövriyyəsi riskləri aşkar edildi;
  3. məsafədən hesab açılması və əməliyyatların aparılmasında müştərilərin eyniləşdirilməsi və verifikasiyası tədbirlərinin tam formada həyata keçirilməsi ilə bağlı şübhələrin artması müşahidə olundu.

Eyni zamanda MONEYVAL çirkli pulların yuyulması təhlükəsi ilə bağlı əsas kateqoriyaları aşağıdakı şəkildə müəyyənləşdirdi:

  • fırıldaqçılıq və mənimsəmə;
  • korrupsiya (dövlət vəsaitlərinin mənimsənilməsi);
  • kibercinayətkarlıq;
  • maliyyə davranışlarında dəyişiklik (məsafədən əməliyyatların aparılması, kart əməliyyatlarında artım, mobil bankinq tətbiqlərinin təkmilləşdirilməsi və s.);
  • çirkli pulların ölkə sərhədlərindən çıxarılmasında fasilə.

Pandemiya dövründə çirkli pulların yuyulması risklərini analiz edən FATF təşkilatı bu risklərin minimallaşdırılması məqsədilə ölkələr tərəfindən aşağıdakı tədbirlərin görülməsini tövsiyə etdi:

  1. COVID-19-un PL/TMM sistemləri və komplayens riskləri üzərindəki təsirini qiymətləndirmək, bu risklərə qarşı adekvat cavabları təkmilləşdirmək məqsədilə ölkədaxili koordinasiyanın təşkil edilməsi;
  2. PL/TMM nəzarət tədbirlərinin görülməsi və potensial risklərin azaldılması üçün özəl sektorla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi;
  3. Müştərilərin eyniləşdirilməsi və verifikasiyası tədbirlərinə tətbiq olunan risk əsaslı yanaşmasının tam şəkildə həyata keçirilməsi;
  4. Təhlükəsiz elektron və rəqəmsal ödəmə üsullarının dəstəklənməsi;
  5. Praqmatik, risk əsaslı PL/TMM nəzarətinin həyata keçirilməsi;
  6. Yeni risklərin başa düşülməsi və bu risklərə cavab verməyə hazırlıqlı olunması;
  7. İqtisadi dəstək tədbirləri kontekstində PL/TMM tələblərinin dəqiqləşdirilməsi;
  8. PL/TMM sahəsində ölkələrarası əməkdaşlığın davam etdirilməsi;
  9. COVID-19-un özəl sektora təsirinin monitorinq edilməsi.

Yuxarıda qeyd olunanları əsas alaraq qeyd etmək olar ki, pandemiya dövründə xüsusilə bank sektorunda ənənəvi formadan rəqəmsallaşmağa doğru keçid baş tutsa da, cinayətkarların yeni mühitə uyğunlaşması o qədər uzun çəkmədi. Əvvəlki dörvrlərdə olduğu kimi bu dövrdə də cinayətkarlar hüquq-mühafizə orqanlarına yaxalanmadan öz cinayətkar əməllərinin “uğurlu” olması üçün yeni-yeni üsullardan istifadə etməyə çalışırlar. Bu isə maliyyə institularından həm müştərilərə, həm onların bank əməliyyatlarına münasibətdə daha diqqətli olmağı, məsafədən hesabaçmanın və əməliyyatların artdığı bu dövrdə əlavə verifikasiya tədbirlərinin görülməsini, ələxsus, hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair tələblərin düzgün və vaxtında tətbiq edilməsini, risk əsaslı yanaşmanın davam etdirilməsini, əməliyyatlara dair təsdiqləyici sənədlərin əldə edilməsini, əməliyyatların analiz edilməsini tələb edir.


[1] “Qara qu quşu” – nəticəsi çox ciddi olan nadir rast gəlinən hadisələri ifadə etməkdə istifadə olunan termindir. Belə hadisələrin əvvəlcədən ehtimal olunması mümkünsüzdür. Termin livan-amerikan əsilli yazıçı, akademik, statik və risk analitiki Nasim Nikolas Talibin (Nassim Nicholas Taleb) 2007-ci ildə işıq üzü görən “Qara Qu quşu” adlı kitabından sonra populyarlıq qazandı. 

[2] “Boz kərgədan” – nəticəsi çox ciddi, baş vermə ehtimalı isə yüksək olub, lakin bununla belə görməməzlikdən gəlinən hadisələri ifadə etmək üçü istifadə olunur. Belə hadisələr bir sıra xəbərdarlıqların və görünən faktların ardınca meydana çıxan hadisələrdir. Termin maliyyə bazarlarında ilk dəfə amerikan yazıçısı, dünya iqtisadiyyatı və iqtisadi böhranlarla bağlı şərhçi və siyasi analitik Mişeh Voker (Michele Wucker) tərəfindən 2013-cü ildə baş tutmuş Dünya İqtisadi Forumunda səsləndirilmişdir.

[4] Suspicious Activity Report – “Şübhəli fəaliyyətə dair hesabat” və ya “Şübhəli əməliyyata dair hesabat”

[7] Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Aparan Sertfikatlı Mütəxəssislərin Assosiasiyası (ing. Association of Certified Anti-Money Laundering Specialists)

[10] //rm.coe.int/moneyval-2020-18rev-covid19/16809f66c3

Tural ƏLİYEV

Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə (PL/TMM) sahəsi üzrə mütəxəssis.