ANALİTİKA

04 Fevral

Dollar dəyərdən düşür. Nə etmək lazımdır?

Dünya birjalarında neftin, səhmlərin, valyutaların dollara nisbətdə qiymətinin qalxması dolların dəyərdən düşdüyünə dəlalət edir. Bunu ərzaq məhsullarının qiymət artımında və tibb xərclərinin artması fonunda yaşam xərclərinin artmasında da müşahidə edə bilirik. Yəni dollarla alına biləcək məhsullar demək olar ki, qiymət artımına məruz qalmışdır. Qızılın və kriptovalyutaların qiymət artımı, dünyanın aparıcı indekslərinin artması da dolların dəyərsizləşməsi fonunda baş verir.

Bizi dolların  və əlimizdəki yığımların dəyərsizləşməsindən  sığortalayan əsas istiqamət gəlir əldə etməkdir. Əgər biz yığımlarımızı illik 8-10% gəlir gətirəcək şəkildə yerləşdirsək, onu inflyasiyadan və dəyərsizləşmədən qoruya bilərik.

Dollar investisiyalarından necə qazanmalı?

Dollarda olan investisiyanın sabit 8-10% gəlir gətirməsi üçün stabil bir alət tapmaq çətindir. Bu halda biz əlavə risk edib kapital bazarlarında investisiya etməliyik. Lakin demək olar ki, dollar nominallı alətlərin böyük əksəriyyətinin qiyməti hal-hazırda tarixi yüksəklikdədir. Dünya iqtisadiyyatında dollarda olan yığımların böyük əksəriyyətinin pandemiya səbəbindən kapital bazarına təmərküzləşməsi bir çox səhmləri dəyərindən artıq qiymətə qaldırmışdır. Əlbəttə, qazandıracaq investisiya etmək hələ də mümkündür. Lakin bu səhmləri diqqətlə analiz edib seçmək, trendləri, institutsional investorların hərəkətlərini müşahidə etmək, dəyişikliyi və nəticələrini düzgün  təhlil etmək lazımdır. Burada az təcrübəli investorların qazana bilməsi üçün Asset Management xidmətlərindən istifadə etməsi tövsiyə olunandır.

Dolları manata çevirib investisiya etməlimi?

Digər istiqamət isə dollarda olan yığımları manata çevirib Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazlarına investisiya edərək illik 8% qazanmaqdır. Bu investisiya risksizdir. Yeganə risk ondan ibarətdir ki, devalvasiya olsa, eyni həcmdə dollar almaq çətinləşəcək. Lakin neftin qiymətinin 2021-ci ilin birinci rübündə büdcədə nəzərdə tutulan 40 dollardan 35-40% yuxarı, yəni 55 dollar ətrafında olması və dolların türk lirəsi və s. kimi qonşu ölkələrin valyutası müqabilində dəyərsizləşməsi devalvasiya riskini, demək olar ki, sıfırlayır. Nəzərə almalıyıq ki, neft fondunun vəsaitləri investisiya edilmiş vəziyyətdədir və dolların dəyərsizləşməsi fonunda bu investisiyaların da dollar dəyəri artaraq bizə dollarda əlavə gəlir gətirir. Valyuta ehtiyatlarımız bu gəlir əsasında artdığı zaman əlavə gəliri iqtisadiyyata yönləndirə bilirik və bu da xarici dövlət borclanmasının qarşısını alaraq manatın stabilliyinə xidmət edir.

Manat da dollar qarşılığında güclənə bilərmi?

Dolların dəyərsizləşməsi fonunda manatın dollar qarşısında dəyərlənməsi də mümkündür. Lakin azad edilmiş ərazilərimizin bərpası üçün tələb olunan tədbirləri həyata keçirməli olduğumuz üçün manatın bahalaşması faydalı olmaya bilər. Yaranan əlavə dəyəri ərazilərin bərpası üçün xərcləmək uzunmüddətli perspektivdə daha böyük fayda təmin edəcəkdir.

 

Müəllif: İntiqam Səfərəliyev- " AzFinance" İnvestisiya Şirkətinin direktoru 

 

Hər kəs 8% qazanacaq kampaniyasından faydalanmaq istəyən şəxslər afi.az  və aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilər.  (+99412 ) 310-33-22 (+99450) 290-44-77