ANALİTİKA

22 Dekabr

Azərbaycan-İtaliya ikitərəfli münasibətlərində yeni mərhələ

Bakı 21 dekabr Fins.az

Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlıq dinamik inkişaf edir. Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında keçirilən görüşdə bu barədə ətraflı danışılıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

İtaliyalı həmsədr bu günlərdə Bakıya səfəri və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də digər rəsmilərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məhsuldar danışıqların aparıldığını bildirib.

Görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb. Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi də imzalanıb.

Bununla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. Beləliklə, “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.

Xatırladaq ki, Ermənistanın 30 il ərzində işgal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında butun infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlər dagıdılaraq yerlə-yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastrukturunu sıradan çıxarıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar.

Ermənistan–Azərbaycan müharibəsi zamanı İtaliya Azərbaycanın yanında olmuş, bu ölkənin parlament qrupu Azərbaycana səfər etmişdir. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olmuş, öz fikirlərini bölüşmüşlər.

Prezident İlham Əliyev bildirib ki, müharibə dövründə Azərbaycana dəstək verən, dost ölkələr işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlar. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən dövlət başçımız bir daha bu fikri təkrarlayaraq qeyd edib ki, birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanması nəzərdə tutulur.

Yeri gəlmişkən, ötən illərdə Azərbaycan– İtaliya ikitərəfli münasibətlərinin dinamik inkişafı daim diqqətdə saxlanılıb. Bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılması ilə başlanılıb. Onu da deyək ki, 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyətə başlayıb.

Xatırladaq ki, 1997-ci il sentyabrın 25-28-də ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya dəfələrlə reallaşan səfərləri də iki ölkə arasında əməkdaşlığı daha da möhkəmlədib. Xüsusilə, iki ölkənin enerji sahəsində əməkdaşlığında mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci il iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.

Sonda qeyd edək ki, 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ/Agip şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair sazişi imzalayaraq 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.