ANALİTİKA

18 Noyabr

Azərbaycan–Avropa enerji dialoqunda yeni mərhələ başlanır

Bakı, 18 noyabr Fins.az 

Azərbaycan Avropanın enerji təminatında mövqeyini gücləndirməkdədir. Belə ki, Trans Adriatik Boru Kəmərinin tikintisi üzrə konsorsium (Trans Adriatic Pipeline, TAP AG) Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlamışdır. TAP Türkiyə–Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Mavi qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa İttifaqının enerji təhlükəsizliyində və enerji mənbələrinin şaxələndirilməsi yönündə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Beləliklə, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xəttinin əməliyyat mərhələsinə daxil olması Azərbaycanın enerji siyasətində növbəti qələbəsi və rəsmi Bakının Avropa ilə enerji dialoqunda yeni mərhələnin başlanması deməkdir

Azərbaycanın geosiyasi əhəmiyyəti onun strateji mövqeyi ilə şərtlənir. Belə ki, ölkəmiz strateji ticarət yollarının, sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, ənənəvi olaraq dünya siyasətində mühüm rol oynayan bir regionda yerləşir. Məhz Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, eyni zamanda İran və Rusiya ilə həmsərhəddir, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxışı var. Gürcüstanla qonşuluq isə Azərbaycana Qara dənizə çıxışı təmin edir. Strateji mövqeyi sayəsində bu gün Azərbaycan Avrasiya məkanında Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən ənənəvi və yeni kommunikasiya, nəqliyyat və enerji dəhlizlərinin keçdiyi mühüm logistika mərkəzinə çevrilmişdir. Ən əsası, qlobal əhəmiyyətli enerji və nəqliyyat-kommunikasiya layihələrinin icrası nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm yer tutmuşdur. Əlbəttə, bütün bunlar geosiyasi reallıqları və ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun praqmatizminə əsaslanan, eyni zamanda, dünya siyasi proseslərini nəzərə alınaraq yaxşı düşünülmüş, dəqiqləşdirilmiş fəaliyyət nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, beynəlxalq əlaqələr sistemində Azərbaycan özünü nəinki regional, həm də qlobal əhəmiyyətli məsələlərin həllində dünya siyasətində daha çox əhəmiyyət kəsb edən etibarlı tərəfdaş və müstəqil oyunçu kimi göstərmişdir. Azərbaycan qazının TAP vasitəsilə Avropaya kommersiya tədarükünə başlanması da məhz belə deməyə əsas verir.

TAP konsorsiumunun məlumatına əsasən, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur. Belə ki, Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan TransAdriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlanılmışdır. TAP-ın idarəedici direktoru Luca Schieppati bu mühüm hadiəni belə şərh edir: “Bu gün uzunmüddətli perspektiv planlar gerçəkləşir! Mən ilk növbədə layihəyə cəlb olunmuş bütün insanların sədaqəti və fədakarlığı, səhmdarlarımızın, dəyər zənciri üzrə bütün hökumətlərin, Avropa İttifaqının, layihə üzrə çalışmış tədarükçü və podratçıların möhkəm inamı və qətiyyəti sayəsində gerçəkləşmiş bu nailiyyətə görə hədsiz qürur duyuram”. Yeni nəqliyyat sisteminin operatoru kimi, ən yaxşı sənaye praktikasının və standartlarına uyğun işlənmiş və inşa edilmiş TAP-ın iki cəhətdən diversifikasiya üçün imkan yaratdığını vurğulayan Luca Schieppati bildirir ki, kəmər yeni və davamlı enerji marşrutu və eyni zamanda gələn onilliklərdə Avropanın milyonlarla istehlakçısına qaz çatdıracaq etibarlı mənbədir. BP şirkəti də TAP layihəsinin başa çatmasından çox məmnun olduğunu açıqlamışdır. Dünyada ən iri təbii qaz işlənməsi layihələrindən biri olan “Şahdəniz 2” və Cənub Qaz Dəhlizi (CQD) layihələrinin tam həyata keçmiş olduğunu vurğulayan BP yaydığı məlumatında vurğulayır ki, bu layihələr ilk dəfə olaraq Xəzərin qaz ehtiyatlarını Avropa ilə bağlamaqla regionunun enerji xəritəsini dəyişəcək.

BP xüsusilə qeyd edir ki, indi CQD-nin son hissəsinin də başa çatması ilə bu nəhəng ixrac sistemi tam inteqrasiya olunmuşdur və Avropaya qaz təchizatına hazırdır. “Bu da bizə imkan verir ki, Azərbaycandan Avropaya ilk qazın verilməsinə bu ilin sonunadək başlayaq və, beləliklə də, layihə başlayandan bəri vəd olunmuş əsas məqsədə nail olaq. TAP konsorsiumunu bu mühüm uğur münasibətilə təbrik edirik”,-vurğulayan BP əlavə edir ki, SOCAR-la və bir çox ölkələri təmsil edən bir sıra digər tərəfdaşlarla yaxından işləyərək bu yüksəkkeyfiyyətli və böyük dəyişikliklər gətirəcək layihələri tam təhlükəsiz və uğurla həyata keçirməkdən qürur duyuruq”. Xatırladaq ki, TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir.

Ümumiyyətlə, TAP CənubŞərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Qeyd edək ki, Prezident İlham Əliyev TAP layihəsi ilə bağlı müzakirələrə hər zaman xüsusi diqqət ayırmışdır. Prezident İlham Əliyev cari ilin fevral ayında İtaliyaya səfəri zamanı çıxışında bildirmişdi ki, Azərbaycan uzun illərdir İtaliyanı xam neftlə təchiz edir. “Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər”,- deyən ölkə başçısı əmin olduğunu nəzərə çatdırmışdı ki, TAP layihəsinin bu ilin sonunda tam istismara verilməsi qeyd olunacaq.

Mütəxəssislərin sözlərinə görə, TAP laihəsi Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına töhfə verəcək. Sıxlaşan iqtisadi əməkdaşlıq siyasi dialoqu dərinləşdirəcək, müttəfiqlik əlaqələrini möhkəmləndirəcək. Xatırladaq ki, 3 mart 2016-cı il tarixində Avropa Komissiyası Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TAP tikintisini təsdiqləmişdi. AK təmsilçilərinin fikrincə, TAP layihəsi enerji bazarında rəqabəti pozmadan enerji təhlükəsizliyini yaxşılaşdırmalı və enerji mənbələrini şaxələndirməlidir. Xatırladaq ki, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Mütəxəssislərn hesablamalarına görə, layihənin tam olaraq işə düşməsi Azərbaycan üçün bir sıra mühüm dividendlər qazandıracaq. Belə ki, ölkəyə böyük həcmdə valyuta daxil olacaq və bu da yeni sosial və infrastruktur layihələri icra etməyə imkan verəcək. Bundan başqa, dəhlizin üzərində yerləşən bütün ölkələrlə Azərbaycan olduqca sıx siyasi tərəfdaşlıq qazanacaq. Alternativ satış mənbələrinə maraq göstərən Avropa Azərbaycanın simasında etibarlı tərəfdaş qazanmaqla digər satıcılardan asılılığı aradan qaldırmış olacaq. Bu isə ölkəmizin Avropanın enerji təchizatındakı artan rolu və rəsmi Bakının beynəlxalq siyasi münasibətlərdəki reputasiyasının da artmasını şərtləndirəcək. Nəhayət, bütün bu layihələr yeni əməkdaşlıq istiqamətlərini ortaya çıxaracaq, bütün iştirakçı ölkələrin xalqlarının rifahına xidmət edəcək və təhlükəsizlik üçün əlavə zəmanətə çevriləcək.

Bir sözlə, dünyanı ağuşuna almış koronavirus pandemiyası ilə mübarizə aparmasına baxmayaraq, eləcə də erməni işğalına son qoyulması istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatına rəğmən Azərbaycan dövləti həm Vətən Müharibəsində qalib gəlməklə yanaşı, eyni zamanda, Qərblə enerji dialoqunda yeni mərhələnin başlanmasına nail oldu. Bu, əlbəttə ki, Azərbaycanın və regional tərəfdaşlarının, eləcə də layihə iştirakçılarının böyük qələbəsidir.