ANALİTİKA

12 Oktyabr

Vüsal Qasımlı: “İnvestorlar Ermənistana sərmayə yatırmaqla militarist iqtisadiyyatı dəstəkləməməlidir”

   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ermənistanda və onun işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən şirkətlərə müraciət edib. V.Qasımlı bildirib ki, Ermənistana və işğal altındakı torpaqlara yatırılan sərmayələr Azərbaycan ərazisinin 20 faizinin işğalda saxlanılması, dinc əhalinin qətliamı və mülki infrastrukturun sıradan çıxarılmasına xidmət edir: “Ermənistanın qurduğu militarist iqtisadiyyatı maliyyələşdirmək biznes mədəniyyətinə və beynəlxalq hüquqa ziddir. Xarici borcun yüksək olması, tədiyyə və icmal balansdakı defisit, kredit reytinqinin “yerlə sürünməsi” və iqtisadi artım tempinin aşağı düşməsi, habelə xarici investorlarla hökümət arasında mütəmadi çəkişmələr Ermənistana sərmayə yatırmaq istəyən iş adamlarına bir siqnal olmalıdır. Fitch kredit agentliyi Ermənistan iqtisadiyyatının 2020-ci il sonunadək 6,2% daralacağı, həmçinin, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 63,9%-dək yüksələcəyi və 2021-ci ilin sonunda isə 65,6%-dək artacağını proqnozlaşdırır.”

V.Qasımlının sözlərinə görə, dənizə birbaşa çıxışının olmaması, əsas bazarlardan uzaqlığı, aqressiv siyasəti üzündən nəqliyyat-logistika layihələrindən kənarda qalması və sərhəd məhdudiyyətləri bu ölkəni sərmayələr üçün perspektivsiz “dalan”a çevirib: “Son 6 ildə cəmi 1,6 milyard ABŞ dolalları birbaşa xarici sərmayə cəlb olunub ki, bu da regionda ən aşağı göstəricidir. Çünki sərmayədarların axtardığı effektivlik, resurs, strateji aktivlər və ixtisaslaşmış işçi qüvvəsinin heç biri Ermənistanda kifayət qədər deyil. Xüsusən -5,6 xalis miqrasiya əmsalı, depopulyasiya, doğum əmsalının aşağı düşməsi və əhalinin orta yaşının artması Ermənistanı demoqrafik böhran və işçi qüvvəsi çatışmazlığı ilə üzbəüz qoyub. Monoetnik dövlət halına gəlmiş, irqçilik siyasəti yürüdən və faşizmi dövlət ideologiyası səviyyəsinə qaldıran Ermənistanda xarici sərmayədarların yaşayıb-işləməsi də çətindir.”

  V.Qasımlının müraciətində deyilir ki, beynəlxalq arenada Azərbaycan Respublikasının (BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri ilə) ərazisi kimi tanınan torpaqlarda Azərbaycan hakimiyyətinin razılığı olmadan məskunlaşmanın aparılması, faydalı qazıntıların çıxarılması, müxtəlif sahələrdə iqtisadi fəaliyyətin göstərilməsi hüquqi məsuliyyət yaradır: “Ermənistanın beynəlxalq təzyiqlərə baxmayaraq Metsamor AES-ı işlətməsi, Araz çayını çirkləndirməsi, Sərsəng su anbarından ekoloji silah kimi istifadə etməsi və işğalda saxladığı ərazilərdə təbiəti məhv etməsi bu dövlətin ətraf mühit üçün vurduğu açıq ziyandır. Buna görə də ətraf mühitə təhdid olan bir dövlətə qoyulan sərmayələr sonradan iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq çağırışları qulaqardına vurmaqdır. Buna görə də hər bir investoru Ermənistana sərmayə yatırmamışdan əvvəl ciddi düşünməyə dəvət edirik.”