ANALİTİKA

04 Avqust

Azərbaycanda Dördüncü Sənaye İnqilabı

Bu il iyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında keçirilən 5-ci illik toplantısında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının artıq təşkilinə başlanıldığını bildirib. Nazir, eyni zamanda, bu mərkəzin qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacağını da diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın postpandemiya trendləri barədə də danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarının prioritet istiqamətlərindən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

Bu barədə bəhs edərkən, hazırda dünyanın diqqət mərkəzində olan dördüncü sənaye inqilabını fərqləndirən əsas cəhətlər, onun əsas perspektivləri barədə mütəxəssislərinin fikirlərini də xatırlatmaq istərdik. Bildirilir ki, sözügedən inqilabın əsas mahiyyəti bəşəriyyət üçün həyatı daha da asanlaşdırmaq və yaşayış şəraitinin keyfiyyətini yüksəltməkdir. Bununla yanaşı, yeni kvant kompüterlərinin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Eyni zamanda, dördüncü sənaye inqilabının əsas vəzifələrindən biri də insanların təhsil və dünyagörüşünün artırılması, iqtisadiyyata yeni işçi qüvvəsinin cəlb olunmasıdır. Burada ən maraqlı məqam, həm də odur ki, əvvəllər çarəsi tapılmayan xəstəliklərin yeni texnologiyanın tətbiqi ilə aradan qaldırılmasıdır.

Onu da qeyd edək ki, yeni sənaye inqilabı, həmçinin kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə edilməklə “Sənaye 4.0” kimi adlandırılıb. İlk dəfə bu termin 2011-ci ildə səsləndirilib. Almaniya hökuməti “Sənaye 4.0”ü özünün “Yüksək texnologiya strategiyası–2020”nin ayrılmaz tərkib hissəsi kimi vurğulayıb. Sonradan yaradılan işçi qrup bununla bağlı öz baxış nöqtəsini təyin edərək, “Sənaye 4.0”ü istehsalın ayrı-ayrı mərhələlərini müstəqil şəkildə optimallaşdıran, eyni zamanda, nəzarətdə saxlayan kiberfiziki sistemlərin istehsalı kimi qiymətləndirib.

Davos Dünya İqtisadi Forumunun hesabatına görə, mobil cihazlar, internet sensorları və s. alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı, dəqiq məlumatlar əldə etməyə imkan verir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir. Adı çəkilən Forumun hesabatına görə, bu il dünyada təxminən 4,7 milyon ofis işçisi, istehsalatda 1,6 milyon, tikintidə isə təxminən 0,5 milyon insan öz iş yerini itirəcək. Lakin, eyni zamanda, biznes və maliyyə sahəsində, demək olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində isə 300 min yeni iş yeri yaranacaq. Yəni “Sənaye 4.0” təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq.

Bəs Azərbaycanda 4-cü sənaye inqilabının çağırışları özünü necə büruzə verir? Xatırladaq ki, hələ ötən ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnən yeni virus infeksiyası pandemiyaya çevrildiyi ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı strateji xarakter daşıyan mübarizə şəraitində sosial-iqtisadi layihələrin də icrası davam etdirildi. Eyni zamanda, keçən il olduğu kimi, 2020-ci ilin ötən aylarında da “Sənaye 4.0”ün çağırışları diqqət mərkəzində saxlanıldı.

Ümumiyyətlə, dövlətimizin başçısı tərəfindən “Sənaye 4.0”ün meydana çıxdığı ilk vaxtlardan etibarən bu məsələ diqqətdə saxlanılıb və buna uyğun siyasət yürüdüb. Ən əsası isə respublikamızda bu sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün inteqrativ və dayanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənib.

Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun rəqəmsallaşması istiqamətində fəaliyyət göstərir. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələrdə bu istiqamətdə Azərbaycanla əməkdaşlıq davam edir.

Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcuddur. Azərbaycanın “Sənaye 4.0”-ün çağırışlarını diqqət mərkəzində saxlamasının bariz ifadəsi kimi bir məqamı da qeyd etmək istərdik. Belə ki, builki Davos Forumunda Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzi yaradılması barədə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende tərəfindən niyyət protokolu imzalanıb. Çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi də “Sənaye 4.0”ün səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Protokolun əhəmiyyətini vurğulayan Borge Brende dövlətimizin başçısına xitabən deyib: “Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Azərbaycan dördüncü sənaye inqilabının ilk illərindən etibarən bu məsələni diqqətdə saxlayıb və buna uyğun siyasət yürüdüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteqrativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiya dəyərlərinin vahid məkanda birləşdiyi ölkəyə çevrilib. Siyasi, sosial-iqtisadi islahatların reallaşdırılması nəticəsində respublikamızda makroiqtisadi dayanıqlılıq təmin edilib və davamlı inkişafa nail olunub.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, rəqəmsal təşəbbüsləri də dəstəkləyir. Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun rəqəmsallaşması istiqamətində fəaliyyət göstərir. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələrdə bu istiqamətdə bizim əməkdaşlığımız davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcuddur.

Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ilə müqayisədə respublikamızda əhalinin sayında gənclərin xüsusi çəkisi 7 faizdən çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu isə müstəqillik dövründə dünyaya gəlib. Bax, elə buna görə də idarəetmənin bütün sahələrində gəncləşmə siyasəti aparılır. Şübhəsiz ki, belə bir mühitin yaradılması Azərbaycanın dördüncü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm önəm daşıyır. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdik.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Dördüncü sənaye inqilabının mövcudluğu, həm də dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir”. Dövlətimizin başçısı daha sonra diqqətə çatdırıb ki, artıq bu peşələrin siyahısı var. Bu peşələr aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verilməlidir. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur.

Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Mütəxəssislərin fikrincə, Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər.

Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.