ANALİTİKA

18 May

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan layihəsi

Trans-Adriatik Boru Kəməri Layihəsinin (TAP) təməlqoyma mərasimi dörd il bundan əvvəl – 17 may 2016-cı il tarixində keçirilib. Ötən müddət ərzində boru kəmərinin tikintisi istiqamətində görülən işlərdən danışmazdan əvvəl, Avropaya Azərbaycan qazının ixracını reallaşdıracaq bu layihə ilə bağlı bəzi məqamlara nəzər salaq. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən, 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bildirilir ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişəcək.

Yeri gəlmişkən, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib. İndiyədək “Şahdəniz” qazkondensat yatağından 110 milyard kubmetrdən çox təbii qaz çıxarılıb.

Hazırda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP vasitəsilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazın avropalı istehlakçılara çatdırılması nəzərdə tutulub. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədiƏskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-TürkiyəYunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimindəki çıxışında deyib: “Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı… Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.

Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Ötən ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq.

Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə hazırda işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 95,1 faizi yekunlaşıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Qeyd edək ki, boru kəmərinin inşası çərçivəsində Albaniyada (215 kilometr) tikinti işləri tamamlanır. TAP-ın inşası üzrə “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi isə İtaliyanın San Foka bölgəsində işə başlayıb. Uzunluğu 152 metr və eni 70,5 metr olan bu gəmi TAP-ın Adriatik dənizindəki hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcək.

TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin təqribən 70 faizi başa çatıb. TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri də yekunlaşır.

Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.

TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada (8 kilometr) boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib. Yunanıstan, Albaniya və İtaliyada boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb.

Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə

TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb.

Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlük xəttin inşasında, ümumilikdə, 100 min ton ağırlığında, təxminən, 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.

Xatırladaq ki, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur