ANALİTİKA

03 May

Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır

Mərkəzi Bankın qərarına əsasən, uçot dərəcəsi 7,25 faiz və faiz dəhlizinin aşağı həddi 6,75 faiz səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9 faizdən 8 faizə endirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qərarı şərh edərək bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi bir günlük vəsaitlərin yerləşdirmə (ƏksREPO) faiz dərəcəsini müəyyən edir:

“Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təminetmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı və bu da nəticə etibarilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə, banklararası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır, lakin bunu hələlik reallıqda görmək mümkün deyil”.

V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart–aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir: “Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda, pul multiplikatoru – bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklararası REPO bazarında da orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq”.

Vüsal Qasımlı hesab edir ki, tədiyyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır: “Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir.”

İcraçı direktor qeyd edib ki, tədiyyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir: “Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makroiqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir”.

İİTKM-in rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni bir günlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsi də yüksəldilib: “Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, birbirinə yaxınlaşdırılır. Məsələn, 1 il qabaq faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4 faiz fərqlənirdisə, indi bu göstərici 1,25 faizə enib. Təqdirəlayiq haldır ki, paralel olaraq kredit və depozit faizləri arasında spred də kiçilir. Bir günlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir”.

Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın: “Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini – bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısamüddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONİA, Rusiyada RUONIA və Qazaxıstanda TONİA kimi indekslərdən istifadə olunur”.