ANALİTİKA

30 Aprel

AYİB-in cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə planı

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırması qeyri-neft sektorunun inkişafına stimul verəcək. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, postpandemiya dövründə ölkəmizə xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdən biridir

“Xüsusilə qeyri-neft sektoruna xarici investisiyanın cəlbi ilə bağlı Prezident İlham Əliyevin tapşırığı var. Xarici investisiya bir tərəfdən qeyri-neft sektorunda sərmayəyə olan tələbin ödənilməsinə yardım edir, digər tərəfdən isə xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə qurumlarının xətti ilə innovasiya və texnologiyanın qeyrineft sektoruna cəlb edilməsi baxımından vacibdir. Bu, daha çox innovativ və texnoloji yenilikləri qeyri-neft sektoruna cəlb edə bilməyimiz üçün imkan yaradır”.

Deputat əlavə edib ki, postpandemiya dövründə qeyrineft sektorunda rəqabət qabiliyyətli və emaledici istehsalın artırılması hədəflənir: “Daha çox xammala əsaslanan qeyr-neft ixracatından innovativ və emaledici istehsala söykənən ixracat modelinin formalaşdırılması prioritetdir. 2015- ci ildən sonra aparılan islahatlar mərhələli şəkildə Azərbaycanın qeyrineft ixracatında emaledici istehsal payının artırılmasına imkan verir”.

Deputat bildirib ki, emaledici istehsalın ixracatdakı payının artırılmasında xarici investisiyaların cəlbi həlledicidir: “Pandemiyadan sonrakı dövrdə hər bir ölkə xarici investisiyaların cəlb edilməsində maraqlı olacaq. Bu, mövcud pandemiya şəraitində iqtisadi inkişafa dəstək baxımından zəruridir. Avropa Yenidənqurma və İnkişaf Bankının cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırması qeyri-neft sektorunun inkişafına stimul verən faktorlardan biridir. Hazırda ölkəmizdə aparılan islahatlar qeyri-neft sektorunda sahibkarlar üçün geniş imkanlar yaradıb. Bu imkanlar fonunda həm yerli, həm də xarici investisiyalara ciddi ehtiyac var”.

Vüqar Bayramov vurğulayıb ki, fərqli mənbələrdən investiyaların cəlb edilməsi Azərbaycanda əvvəlki illərdə formalaşmış infrastrukturu istifadə etməklə dəyər zəncirinə uyğun olaraq yerli məhsul istehsalının genişlənməsinə gətirib çıxaracaq.