ANALİTİKA

28 Aprel

Bank güzəştləri sahibkarlığın müdafiəsinə yönəldilib

Mərkəzi Bankın Maliyyə Sabitliyi Şurası Nazirlər Kabinetinin Tədbirlər Planının müvafiq bəndlərinin icrası çərçivəsində müvafiq qərar qəbul edib. Bu qərarda fiziki şəxslərin İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin, dövlət fondlarının vəsaitləri hesabına ayrılan biznes təyinatlı kreditlərin restrukturizasiyası, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələlər öz əksini tapıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) kredit borcu olanlar, bütövlükdə banklar və maliyyə xidmətləri sektoru üçün güzəşt paketi pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri fondun razılığı əsasında cari il sentyabr ayının 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiqi reallaşdırılacaq. Fondun vəsaitləri hesabına martın 1-dək verilən ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı isə banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.

Əsas məqamlardan biri kredit borcu olanlar ilə bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara bildirilir. Bu, o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edir.

Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar bu il sentyabrın 30-dək kredit bürosuna xüsusi qeydlə (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi) təqdim olunacaq.

Yəni, əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Yeri gəlmişkən, paket maliyyə bazarlarında digər sektorları da əhatə edir. Xatırladım ki, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır.