Pandemiya dövründə sahibkarlara dövlət dəstəyi iki istiqamətdə həyata keçirilə bilər. Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək.
Bunu Trend-ə açıqlamasında Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev deyib.
O bildirib ki, həmin istiqamətlərdən biri sahibkarlara yardımların verilməsidir ki, artıq bu proses başa çatmaq üzrədir:
"Bu prosesə əmək haqlarının verilməsi, birdəfəlik yardımlar daxildir. İkinci istiqamətdə yardım isə sahibkarların dövlət qarşısında öhdəliyinin azaldılmasıdır. Sahibkarın dövlət qarşısında öhdəlikləri vergi ödənişləri, sosial ayırmalar və digər ödənişlərdir. Bu öhdəliklər postpandemiya dövrünə aid ediləcək ki, sahibkar öz fəaliyyətinin davamlılığını təmin edə bilsin. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, artıq Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" Qanuna dəyişikliklər hazırlanıb və bu dəyişikliklər əsasən 3 istiqamətdə gedir. Bunlardan biri vergi azadolmaları, ikincisi vergi güzəştləri, üçüncüsü isə vergi tətilləri, yəni sahibkarlara vergiləri gec ödəmə imkanlarının verilməsidir. Bu dəyişikliklər bütövlükdə müəyyən bir dövrü əhatə edir. Bir var pandemiya dövrünü əhatə edən güzəşt və azadolmalar, bir də var pandemiyadan sonrakı uzunmüddətli dövr. Bu proses 2021-2022-ci və hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək. Əsasən bu təklif olunan dəyişikliklər postpandemiya dövrünü, yəni cari ildəki güzəşt və azadolmaları nəzərdə tutur".
M.Babayev vergidən tam azad olunma məsələsinə də münasibət bildirib. O qeyd edib ki, vergidən tam azad olunma pandemiyadan ciddi zərər görən sahibkarlar üçün nəzərdə tutulub:
"Həmin sahibkarlar 2020-ci ildə əmlak və torpaq vergisindən azaddırlar. Onlar bu il ərzində həmin vergiləri ödəməyəcəklər. Digər tərəfdən, pandemiyadan ciddi zərər görənlərin 2020-ci ildə ödədikləri mənfəət vergisinin də 75 faiz azaldılması nəzərdə tutulur. Bu sahibkarların fəaliyyət göstərməsinə stimul verəcək.
Bununla yanaşı, sadələşmiş vergi ödəyiciləri var ki, onlara 50 faiz güzəşt nəzərdə tutulur. Sahibkarlar anlamalıdırlar ki, bu güzəştlər yalnız pandemiyadan ciddi zərər görən sahibkarlara aiddir. Restoran, kafe, şadlıq sarayları işlədən sahibkarlara 8 faizlik vergi tutma sistemi tətbiq edilirdi ki, bu rəqəmin 4 faizə endirilməsi nəzərdə tutulub".
Ekspert bildirib ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlar da güzəştlər nəzərdə tutulur:
"Həmin şəxslərin daşıdıqları sərnişin sayına görə ödədikləri vergilərin əmsal dərəcələri də azaldılır.
Ümumiyyətlə, pandemiya dövründə zərər görüb-görməməsindən asılı olmayaraq bütün mikro sahibkarlara şamil olunan güzəştlər də var. Əgər bir vergi ödəyicisi sahibkarlıq subyektinə malikdirsə, o pandemiyadan zərər çəkib-çəkməməsindən asılı olmayaraq güzəştlər alır. Həmin sahibkarlarda sadələşdirilmiş vergi ödənişi 2 faiz idisə, indi həmin ödənişin 1 faiz olması təklif edilir. Bundan başqa, sosial sığorta haqlarına 50 faiz güzəştlər var. Məsələn, rayonda işləyən bərbər aylıq müəyyən olunmuş vergini verməklə yanaşı, 62 manat 50 qəpik də sosial sığorta haqqı ödəyirdi. İndi həmin sosial sığorta haqqı 15 manata endirildi. Bu prosesdə sosial sığorta haqlarına 50 faiz və daha artıq güzəştlər tətbiq olunur".
İqtisadçı-ekspert sahibkarların vergi öhdəliklərində ediləcək güzəştlərə də toxunub. O qeyd edib ki, aprel ayında sahibkarın üzərinə düşən vergi öhdəliyini başqa aylarda, biz az gec ödəmək imkanı yaradılacaq:
"Prosesdə bu məsələ də nəzərdə tutulur. Məsələn, mənfəət və əmlak vergisi üzrə cari ödəmə forması var. Onlara güzəşt olunacaq ki, bu il rüblər üzrə vergilərini vaxtında deyil, ilin sonunda ödəsinlər. Sahibkarlara vergi güzəştlərindən başqa, vergi tətili deyiləndə bunlar nəzərdə tutulur. Bu müddət ərzində həmin sahibkarlardan vergi hesabatları tələb olunmayacaq. Vergilər sözügedən güzəştlər tətbiq edilməklə ilin sonunda ödəniləcək. Bu, həm verginin azaldılması, həm də azaldılmış verginin gec verilməsidir. Bu, sahibkarların normal fəaliyyəti üçün çox önəmli addımdır. Hətta elə vergilər var ki, onlar uzun müddətə, yəni təkcə 2020-ci ilə deyil, 2026-cı ilə qədər nəzərdə tutulur. Bu da əsasən mikro sahibkarlar üçün müəyyən edilib".