ANALİTİKA

08 Aprel

Mənfi təsirlərin azaldılması üçün mühüm tədbirlər

Koronavirus pandemiyasının, eləcə də dünya enerji bazarında nəzərə çarpan böhranın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq sərəncamı əsasında Nazirlər Kabineti tərəfindən cari il aprelin 4-də Tədbirlər Planı təsdiqlənib. Həmin plan iqtisadi artıma və sahibkarlığa, həmçinin, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin qorunması kimi istiqamətləri əhatə edib. Hazırda pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi və iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi üzrə müəyyən tədbirlər həyata keçirilir. 

Pandemiyadan zərər çəkən sahələrdə sosial sabitliyin qorunması prioritet vəzifədir

Artıq pandemiyadan zərər çəkən sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması, bununla da sosial sabitliyin qorunması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin icrasına başlanacaq.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

Ekspertlər tərəfindən orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcəyi bildirilib. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulub.

Koronavirusdan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümumi məbləği isə 115 milyon manat həddində hesablanıb. Bura əmlak və torpaq vergisindən müddətli azadolmaların, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDVdən müddətli azad edilməsi daxil olunub.

Ekspertlər bildirirlər ki, işəgötürənlərin İnternet Vergi İdarəsindəki elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında qısa bir müddətdə onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və beləliklə, işəgötürənlər işçilərin əməkhaqqılarını ödəyəcəklər.

Burada diqqətçəklən digər tədbirlərə nəzər salaq. Xatırladaq ki, iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını da dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda isə girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq.

Bütün bunlarla bərabər, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarların bu il martın 10-u tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizi subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi isə 90 milyon manat artırılacaq. Dövlət əmlakını və dövlət torpağını icarəyə götürən və pandemiyadan zərər çəkən çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.

Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi də nəzərdə tutulub. 

Postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək

Postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Tikinti, dağ-mədən, neftkimya, kənd təsərrüfatı və emal üzrə sənaye sahələri, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm dövlətin iqtisadi siyasətinin əsas prioritetləri olacaq.

Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin reallaşdırılması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.

Postkorona dövründə tikintinin həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Bu sektorda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası təşkili də planlaşdırılır. Bu qurumun strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənilməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcəyi gözlənilir. 

İqtisadi fəallığın qorunmasında vergi stimulları mühüm rol oynayacaq

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) əhəmiyyətli vergi güzəştlərinin və tətillərinin verilməsi qərara alınıb.

Bu tədbir pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində (avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən, taksi ilə), yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlər, turoperator və turagentlər, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması, ictimai iaşə, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları, idman-sağlamlıq obyektləri, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələrdə və digər sahələrdə) fəaliyyət göstərən vergiödəyicilərinin vergi yükünün azaldılmasını, vergi öhdəliklərinin yerinə yetirilməsi və hesabatların verilməsi müddətlərinin uzadılmasını və digər məsələləri əhatə edən vergi güzəştlərini və tətillər verilməsini nəzərdə tutur.

Pandemiyadan zərər çəkən həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergiləri, habelə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə müddətli vergi azadolmalarının verilməsi, mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azadolmanın verilməsi, mikro sahibkarlıq subyektləri tərəfindən vergi hesabatlarının (mənfəət (gəlir) vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergiödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi və əmlak vergisi üzrə hesabatlarda hesablanmış vergilərin ödənilməsi müddətinin uzadılması və vergiödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid edilməsi kimi vergi güzəştləri və tətillərinin verilməsi planlaşdırılır.

Bunlarla yanaşı, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibbi və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması və bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması məsələlərini əhatə edən dəyişikliklər də hazırda müzakirə edilir.

Yuxarıda qeyd olunanlarla bağlı Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda zəruri dəyişiklikləri ehtiva edən qanun layihələri hazırlanıb. Həmin layihələrinin yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunacağı gözlənilir və bundan sonra edilən dəyişikliklərin, verilmiş güzəşt və azadolmaların mahiyyəti və tətbiqi ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcək.