2020-ci ilin ilk üç ayı dünya iqtisadiyyatında COVID-19 infeksiyasının əhatə arealının genişlənməsi və enerji, səhm və əmtəə bazarlarında kəskin enmə ilə müşahidə olunur. COVID-19 infeksiyasının coğrafi genişlənməsi davam etdiyi müddətdə dünya bazarlarında mal və xidmətlərdə təklif və tələbin konsentrasiyası, birbaşa və dolayı investisiya portfelinin daralması və resurs asıllığı olan ölkələrdə fiskal darlaşmanın başlanması cari il üçün iqtisadi artımın aşağı proqnozlaşdırılmasını zəruri edir".
Nüfuzlu və mötəbər beynəlxalq maliyyə təşkilatları və məsləhətçi şirkətləri tərəfindən iqtisadi artım proqnozlarının aşağıya doğru dəyişimi COVID-19 infeksiyasının bitmə dairəsinin qeyri-müəyyən müddəti əhatə etməsi və bu səbəbdən istehlakçı davranışlarındakı dəyişmələrlə əlaqələləndirilə bilər. İqtisadi ekspansiyadan ressesiyaya gedən prosesi neytrallaşdırmaq üçün dünyanın torpaq ərazisinin 60,8 faizi, həmçinin dünya ÜDM-nin 75 faizə qədərini əhatə edən “Böyük 20-lik” (qeyd: böyük 7-lik isə sözügedən ÜDM-in 30,1 faizini əhatə edir) ölkələri tərəfindən “Fiskal Stimul Paketləri” qəbul edilir.
Cədvəl: 1. B20 ölkələrinin statistika xidmətləri
B20 ölkələrində anti-böhran tədbirləri nətcəsində iqtisadi ressesiyanın qarşısının alınması istiqamətində cəmiyyət tərkibində bərabərsizliyi nəzərə alaraq ən həssas qruplara maliyyə dəstəyinin göstərilməsi, yaranmış böhran nəticəsində mal və xidmətlər sektorunda yarana biləcək işsizliyin qarşısının alınması, böyük müəssisələrin varlığının qorunub saxlanılması, KOS subyektlərinin dəyər zəncirindən qopmasının qarşısının alınması və onların dayanıqlığının qorunub saxlanılması, monetar, fiskal kimi makroiqtisadi indikatorların mobilizasiya edilməsi, xarici ticarətdə dərman və digər tibbi ləvazimatların idxalında qeyri-tarif baryerləri və tənzimləmələrinin sadələşdirilməsi (liberal prosedurların tətbiqi) kimi fəaliyyətlər anti-böhran proqramlarının indikator və subindikatorlarını təşkil edir.
B20 ölkələri birliyinin baş katibi tərəfindən sözügedən ölkələrin hökümət başçılarına edilən çağırışın ilkin mahiyyəti böhrandan çıxma ərəfəsində əhali arasında panikanın qarşısının alınması və dövlətlərin COVID-19 pandemiyasından uğurla çıxması istiqamətində cəmiyyətin bütün təbəqələrinə dəstəyin hər tərəfli olmasına inamın tam təmin edilməsidir. Çünki depressiv-panika dövründə idarəolunmaz gözləntilər, dövlət-cəmiyyət arasındakı boşluqlar pandemiyanın əhatə dairəsinin genişlənməsi ilə bərabər iqtisadi instutların da bərpasının gecikməsinə səbəb olur. Bundan əlavə, OECD və sözügedən birliyin katibliyinin son hesablamalarına görə COVID-19 pandemiyası B7-lik və B20-lik ölkələrinin ÜDM-nin üçdə birinə qədər olan sahələrə birbaşa təsir edəcək və ÜDM-in illik artımında 2 faizlik enmə müşahidə olunacaqdır. Bundan əlavə, beynəlxalq maliyyə və turizm indekslərinin son hesabatına əsasən, qarşıdan gələn yay mövsumu üzrə turizm və otelçilik sektoru 50 faizdən-70 faizədək, ilin sonuna isə 70-75%-lik iqtisadi azalma müşahidə olunacaq. Xüsusilə, ÜDM drayveri olan turizm xidmətlərindən asılılıq yaşayan ölkələrin (xüsusilə, İspaniya və Türkiyəni vurğulaya bilərik) “Fiskal Stimul Paketləri”ndə adıçəkilən sahələr üzrə fiskal xərclər üstünlük təşkil edir.
Cədvəl 2. OECD hesablamaları
OECD hesablamalarına görə, B20-lik ölkələri arasında COVID-19 pandemiyasından ən çox zərər çəkən Almaniya olmuşdur ki, bu rəqəm ilkin mərhələdə ÜDM-in 28%-30% aralığında dəyişir. Digər maraqlı məqam ilkin mərhələdə COVID-19 infeksiyasının mənbə ölkəsi hesab olunan Çinə dəyən zərər ÜDM-in 19-20 faiz arasında dəyişməsidir. Bundan əlavə, B20 və B7-lik ölkələrinə dəyən ziyan istiqamətində tədqiq və təhlil apararkən, ən çox ziyan görən sektorlar arasında pərakəndə və topdan satış ticarəti, nəqliyyat vasitələrinin (xüsusilə, avtomobil) istehsalı, turizm, otelçilik, restoran və avia bilet, tikinti, daşınmaz əmlak və digər peşəkar xidmət sahələri daxildir.
OECD tərəfindən aparılan hesablamaların tərkib hissəsinə baxsaq qeyd edə bilərik ki, B7 ölkələri arasında pərakəndə və topdan satış ticarəti (5%-15% intervalında dəyişir), daşınmaz əmlak və digər peşəkar xidmətlər (5%-10% intervalında dəyişir) qalan sektorlarla müqayisədə daha çox zərər çəkən sahələrdir. Yuxarıda qeyd edildiyi kimi Avropa Birliyinin məcmu buraxılışında lider ölkə sayılan Almaniyanı qeyd edə bilərik ki, pandemiyanın vurduğu zərər ÜDM-in 28%-nı təşkil edir ki, bura daşınmaz əmlak xidmətləri 8-10%, pərakəndə və topdan satış ticarəti 8-9% və nəqliyyat vasitələrinin istehsalı 6-7% intervalında təşkil edir. Qeyd edilməlidir ki, B7 ölkələri arasında otelçilik, restoran və hava səyahət sektoruna görə (nisbətən) ən az ziyan (ÜDM-in 3-4% intervalında) görən ölkə də Almaniyadır.
B7-yə daxil olan ölkələrin COVID-19 pandemiyasının yayılmasına qədər proqnozlaşdırılan iqtisadi artım indikatorları artıq beynəlxalq maliyyə qurumları və milli iqtisadi institutlar tərəfindən yenidən baxılır.
B7 ölkələri | Real ÜDM artımı (2020-ci ildə%) |
Əvvəlki proqnoz (COVID-19 baş vermədən əvvəl) |
Kanada | -1,3 | 1,8 |
Fransa | -5 | 1 |
Almaniya | -6,8 | 0,9 |
İtaliya | -7 | 0,4 |
Yaponiya | -1,5 | 0,4 |
İngiltərə | -5 | 1,1 |
ABŞ | -2,8 | 1,7 |
ABŞ iqtisadiyyatı üçün pandemiyadan əvvəl proqnozlaşdırılan iqtisadi artımın 1,7 faiz olmasına baxmayaraq, mövcud pandemiya şəraitində 2,8 faiz ressesiya kimi proqnozlaşdırılır. ABŞ iqtisadiyyatında əsas ressesiyanın səbəbi kimi COVID-19 pandemiyasıdır ki, bu da ilkin dövrdə mövcud adminstrasiya tərəfindən zəif reaksiyadan irəli gəlir. Pandemiyanın yayılma sürətini nəzərə alsaq, ABŞ adminstrasiyasının ilkin dövrlər zəif reaksiyası nəticəsində iqtisadi agentlərin fəaliyyəti dondu. Bundan əlavə, səhm və əmtəə bazarlarına, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı arasındakı prinspial neft müharibəsi enerji sektoruna investisiya qoyuluşlarını dayandırdı. Enerji sektorundakı aşağı qiymətlər və virus pandemiyası ABŞ tərəfindən hədəflənən məşğulluq faizinin enməsinə səbəb oldu.
Avrozonada mövcud pandemiya və enerji qiymətlərinin enməsi fonunda 5,9 faizlik ressesiya gözlənilir. Xüsusilə, Avropa Birliyi ölkələrinin iqtisadi artımında drayver rolunu oynayan Almaniya (-6,8%), və Fransada (-5%) mənfi iqtisadi artım proqnozlaşdırılır. COVID-19 infeksiyasından ən çox ziyan çəkən İtaliyada (-7%) isə mövcud rəqəm daha böyükdür. İspaniya sözügedən siyahıda olmasa müxtəlif senarilər əsasında iqtisadi geriləmə Mart ayı üçün ÜDM-in -1,59 ilə -2,99 faiz arasında dəyişir. Bununda əsas səbəbi kimi ticarət, turizm və nəqliyyat xidmətlərində 100 faizə qədər dayanmadır.
Qeyd edək ki, hər dörd ölkə dövlət büdcəsindən dövlət xərclərini artırmışdır. OECD ölkələrinin statistik bazasını təhlil etdikdə müəyyən etmək olur ki, İtaliyada adam başına düşən həkim sayı OECD ortalamasından yüksək olsa da, çarpayı sayı bu indikatordan aşağıdır. İspaniyada da həkim sayı ilə əlaqədar eyni vəziyyət müşahidə olunsa da, adam başına düşən tibb bacısı və çarpayı sayı OECD ortalanmasından daha aşağıdır. İqtisadiyyatına ən çox zərər dəyən Almaniya isə bu göstərici üzrə digər iki ölkədən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, Almaniya Avropa Birliyi ölkələri arasında səhiyyə xərcləri göstəricisinə görə Avropa Birliyi və OECD ölkələrinin ortalama xərcləmə səviyyəsindən daha yüksəkdir. Habelə, çarpayı sayı və peşəkar səhiyyə xidmətlərinə görə OECD-nin ortalama göstəricisindən ən yüksək olan ölkələrdən biridir.
Enerji qiymətlərinin enməsinin ressesiyada roluna gəldikdə isə neft resursları ilə zəngin ölkələrin mövcud idxalında Avropa Birliyi əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə, neft gəlirləri hesabına formalaşan resurs ölkələrinin büdcə darlaşması dövlət investisiyalarının azalmasına səbəb olmuşdur. Sözügedən xərcləmələr hesabına Avropa Birliyi ölkələrindən idxal olunan mal və xidmətlərin azalması, o cümlədən mövcud məşğulluğun dövlət xərcləmələri hesabına təmin olunması adıçəkilən birliyin məcmuu buraxılışdan istehlak məqsədli istifadəni azaldır.
Nəticə etibarı ilə, dünyanın ÜDM-də 30,1 faizlə B7 ölkələrinin, həmçinin 43,45 faizlə B20 ölkələrinin iqtisadi tənəzzül yaşaması 2024-cü il üçün proqnozlaşdırılan 4 faizlik artımı ləngidəcək. Buna baxmayaraq, sözügedən ölkələrdə “Fiskal Stimul Paketləri”nin açıqlanması və implemetasiyası, o cümlədən Mərkəzi Banklar tərəfindən yumşaq pul siyasəti biznes mühitinin əlverişliyinin qorunub saxlanması, KOS subyektlərinin dəyər zəncirinin bərpasına qədər dayanıqlığının təmin edilməsi, potensial işsizlik meyillərinin neytrallaşdırılması istiqamətində maliyyə dəstəyinin verilməsi, o cümlədən cəmiyyətin həssas təbəqəsinin sosial müdafiəsinin güclənməsi iqtisadi artımları yaxın bir ildə bərpa etmək gücündə olmasa da, ortamüddətli dövr üçün iqtisadi zəminlər yaradacaq.
Nicat Hacızadə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri
(Report)