ANALİTİKA

12 Mart

Azərbaycandakı turizm şirkətlərin koronavirusa görə itkisi - ARAŞDIRMA

Dünyada koronavirus (COVID-19) pandemiyasının yayılması iqtisadiyyatın müxtəlif sektorlarına zərbə vurdu.

Fins.az xəbər verir ki, ilk yerdə isə təbii ki, turizm biznesidir. İlk növbədə Çin, Cənubi Koreya, İran, İtaliya, Fransa kimi koronavirusun tüğyan etdiyi ölkələrə turizm səfərləri təxirə salınsa da, daha sonra bu coğrafiya artmağa başladı.

Avropa İttifaqının turizm sektoru koronavirusun yayılması səbəbindən Çindən turist axınının kəsilməsi nəticəsində 1 milyard avro məbləğində ziyana uğrayıb.

Azərbaycan da koronavirusun təsdiqləndiyi ölkələrdən hesab olunur.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən Fins.az-a bildirilib ki, bu fakt ölkəmizə olan turizm səfərlərinə birbaşa təsir göstərəcək.

Eyni zamanda, Azərbaycandan başqa ölkələrə olan səfərlərin də sayı kəskin şəkildə azalıb.

Novruz bayramı ərəfəsində adətən həm ölkədən gedən, həm də ölkəmizə gələn turist axını böyük ehtimalla bu il olmayacaq. Bu isə milyonlarla pulun itirilməsi deməkdir.

Dövlət Turizm Agentliyi vəziyyətlə bağlı ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib.

Müraciətdə deyilir:

“Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”.

Bir sıra əcnəbi ölkələrdə, o cümlədən qonşu Rusiyada öncədən alınmış turizm paketləri heç bir əlavə ödəniş edilmədən geri qaytarılır. Azərbaycanda isə heç də bütün turizm şirkətləri bu şərtlərlə fəaliyyət göstərmir.

Tuncay Türbəndəzadə