ANALİTİKA

17 Fevral

Niyyətimiz demokratik inkişafın təmin edilməsidir - Prezident İlham Əliyev

Hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir… Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər.

Azərbaycan xalqı yaxşı bilir ki, dövlətin atdığı bütün addımlar məhz xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. 2004-cü ildə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının icrasına başlandığı gündən bəri hamı görür ki, ölkədə tərəqqi və inkişaf prosesi bir gün də olsun, səngimir.

Hamıya məlumdur ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Ölkəmizin valyuta ehtiyatları 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir.

Müstəqilliyin ilk illərində Azərbaycanın əsas problemlərindən biri də əhalinin yoxsulluq səviyyəsinin yüksək olması idi. Son 16 ildə ölkədə yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Dövlət bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll edib, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdı.

Prezident İlham Əliyev xatırladır ki, son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu sosial proqramlar böyük vəsait tələb edir. Bəzən adama inanılmaz gələn rəqəmlər günün reallığıdır. Məsələn, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi.

Yəni xalq bütün bunları yaxşı bildiyinə görə yenə də Heydər Əliyev siyasi kursunun təmsilçilərinə daha çox səs verdi. Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkidən əvvəlki gün Milli Məclisə seçkilərlə əlaqədar keçirdiyi mətbuat konfransında dedi ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb. MSK sədri xatırlatdı ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək və parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq.

Azərbaycan xalqı daha bir parlament seçkilərində öz iradəsini ortaya qoydu. Sübut etdi ki, mövcud iqtidarın siyasi kursu yüksək səviyyədə dəstəklənir və odur ki, növbəti parlamentdə də deputatların böyük əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin qurub-yaratdığı Yeni Azərbaycan Partiyasının təmsilçiləridir. Beləliklə, 2020-ci ilin parlament seçkiləri müasir tariximizə sabitlik, əmin-amanlıq, maksimum rəqabətlilik şəraitində keçirilmiş siyasi kampaniya kimi düşdü. Bəs bu uğurun təməlində nələr dayanırdı? Təbii ki, ilk növbədə, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin hər il davam etdirilməsi, ölkənin daha firavan sabahına zəmin yaradan hərtərəfli islahatların xalq tərəfindən dəstəklənməsi və dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması. Yəni Azərbaycan vətəndaşı seçki məntəqəsinə gedənədək gündəlik həyatındakı dəyişiklikləri götür-qoy edir, ölkədəki ictimai-siyasi vəziyyətə öz qiymətini verir və sonra səsvermə qutusuna yaxınlaşırdı

Söhbət ondan gedir ki, 125 mandat üçün 1314 nəfərin mübarizə aparması xalqın bu seçkilərə olan inam və etimadının göstəricisi idi. Xalq həm də ona görə məntəqələrə getdi və səs verdi ki, bu seçkilərin ədalətli keçiriləcəyinə inanırdı. Həmin inam isə seçkinin gedişini izləmək üçün 58 ölkəni və 59 beynəlxalq təşkilatı təmsil edən 883 nəfər beynəlxalq müşahidəçinin dəvət edilməsindən yaranırdı. 

Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı bəyanatdakı bəzi məqamları nəzərə almasaq, bütün müşahidəçilər seçkiyə hazırlıq və səsvermə proseslərinə müsbət qiymət verdilər.

Həmin qurumun bəyanatına münasibət bildirən dövlət başçımız xatırladır ki, bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib: “ Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir?”

Yəni Azərbaycandakı 9 fevral parlament seçkiləri bütün demokratik meyarlara cavab vermişdir. Seçki prosesində baş verən bəzi neqativ hallara da münasibət bildirən dövlət başçımız deyir: “ Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin”.

Ölkə əhalisi dövlət başçımızın bu tezisinin nəticəsini çox gözləməli olmadı. Fevralın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirildi. İclasda 2020- ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar müxtəlif mənbələrdən -- sosial şəbəkələrdən seçicilər tərəfindən MSK-ya ünvanlanan müraciətlərin və “Qaynar xətt”ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişliBeyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayıldı. Daxil olmuş digər müraciətlər də MSK-nın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olundu.

Bu isə bir daha sübut etdi ki, Azərbaycan dövləti həmişə olduğu kimi, yenə də haqqın, ədalətin, demokratik prinsiplərin qorunmasına çalışır və buna nail olur.