ANALİTİKA

06 Fevral

“Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə ölkəmizdə sosial-iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Genişmiqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradıb. Strukturinstitusional islahatlar isə keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və bundan əsas məqsəd isə Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması olub. 

İslahatlarla bağlı qarşıya qoyulan hər bir vəzifənin, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması isə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı daha da yaxşılaşıb.

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri giriş nitqində islahatların ardıcıl xarakter daşıdığını xatırladaraq bildirib ki, bütün bunlar dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsi məqsədi daşıyır: “Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb”.

İslahatların uğurla aparılmasının nəticəsidir ki, keçən il 98 min yeni iş yeri yaradılıb, son illərin rekord göstəricisi– valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artması qeydə alınıb. Yanvar ayı da nəzərə alınsa, Azərbaycanın valyuta ehtiyatları artıq 52 milyard dollara çatıb. Son bir il ərzində respublikanın sosial-iqtisadi sahələrinə 13,5 milyard dollar sərmayə qoyulub. Makroiqtisadi vəziyyət sabit qalıb, inflyasiya 2,5 faiz, əhalinin gəlirləri isə 7,4 faiz təşkil edib. Başqa sözlə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyib.

Ötən il ərzində inqilabi xarakterli sosial islahatlar gerçəkləşdirilib. Bu isə çox geniş sosial paketi həyata keçirməyə imkan yaradıb. Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket indiyədək reallaşmayıb. Azərbaycan sovet vaxtından qalmış əmanətlərin qaytarılmasında da vətəndaşlar üçün ən məqbul prinsipi tətbiq edib və bu sahədə də MDB məkanında birinci olub.

Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib və vətəndaşların maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 2 dəfə artırılıb.

Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması prioritet məsələ kimi diqqətdə saxlanılıb. Sosial infrastrukturla bağlı böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilib və təmir edilib. Keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim edilib. Şəhid ailələri və Qarabağ əlilləri üçün cari il daha çox ev tikiləcək. Belə ki, bu kateqoriyadan olan şəxslərə 1500 mənzil verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardımla bağlı 70 faiz artım baş verib, bu proqram hazırda 72 min ailəni əhatə edir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı İlham Əliyev bununla bağlı deyib: “Bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.

İqtisadiyyatın, o cümlədən özəl sektorun inkişafı istiqamətində də sistemli islahatlar 2019-cu ildə davam etdirilib. Sahibkarların güzəştli kreditlərlə təmin olunması diqqətdə saxlanılıb. Belə ki, 2019-cu ilin əvvəlindən bugünədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşüb.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılıb.

Ötən il vergi sahəsində aparılan islahatlar gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi ilə diqqət çəkib. Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər nəticəsində regionlar üzrə dövlət büdcəsinə 817 milyon manat və ya proqnozdan 163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib. Bu, nəzərdə tutulan proqnoz göstəricilərindən 25 faiz çoxdur.

Ümumiyyətlə, 2005-ci illə müqayisədə regionların qeyrineft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.

İslahatların nəticələri beynəlxalq hesabatlarda da öz ifadəsini tapıb. “Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə olub. Belə ki, Azərbaycan kreditlərin alınması üzrə 1-ci, biznesə başlama üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci, tikinti üçün icazələrin alınması üzrə 59-cu yerdə qərarlaşıb.

Prezident İlham Əliyevin sosialiqtisadi islahatlar strategiyası Azərbaycanda hərtərəfli inkişaf edən dövlət sistеmi quruculuğu xəttinin fundamental əsasıdır. Belə yüksələn xətlə inkişaf edən iqtisadi bazis cəmiyyətin transformasiyasının əsasını təşkil edir, ölkənin qlobal üfüqlərə çıxışı üçün əlverişli zəmin yaradır.