Barak Obamanın nisbətən sabit prezidentliyi dövründən sonra dünya yeni bir paradiqma dəyişikliyini yaşayaraq, ABŞ-ın "daha da möhtəşəm" olması üçün yenidən qurulur. Lakin, səthdə gördüklərimiz pərdəarxasında baş verənləri gizlədən bir fasaddır. Qlobal silkələnmə ABŞ tərəfindən “NAFTA” sazişinin şərtlərininin dəyişdirilməsi, müttəfiqlərinə qarşı ticarət tariflərini tətbiq etməsi, Paris İqlim Sazişindən çıxması, 2015-ci il İran Nüvə Sazişindən və Rusiya ilə orta və yaxınmənzilli raketlərə dair razılaşmasından birtərəfli qaydada çıxması, Çinlə ticarət müharibəsinin başlaması, Meksika sərhədində hasarın qurulması və Venesuelada çevrilişin həyata keçirmək cəhdi ilə başlandı.
Beləliklə, sual yaranır ki, ABŞ-ın xarici və daxili siyasətindəki bu qəfil dəyişiklik niyə indi baş verir və bütün bu hadisələr arasında hər-hansı bir məntiqi əlaqə varmı?
İzahat olduqca sadədir: ABŞ-ın büdcə kəsiri və durmadan artan milli borcu geridönmə nöqtəsinə sürətlə yaxınlaşır. Tramp 2016-cı ildə fəaliyyətə başladıqda, ABŞ-ın büdcə kəsiri 585 milyard dollar, milli borcu isə 19.5 trilyon dollar təşkil edirdi. Tramp tərəfindən vergi yükünün azaldılması və hərbi büdcənin kəskin şəkildə artırılması, büdcə kəsirinin 2019-cu ilin nəticələrinə görə rekord həddə - 1.09 trilyon dollara, milli borcunun isə 23 trilyon dollar çatmasına təkan verib. Belə ki, Trampın üç illik prezidentliyi dövründə ABŞ-ın büdcə kəsiri 72%, milli borcu 23% və ÜDM-u cəmi 16% artıb. Yalnız 2019-cu ildə, ABŞ-ın büdcə kəsirinin mühüm bir hissəsi dövlət borcu üzrə ödənilmiş faizlər təşkil edib. Belə ki, ortalama 2 - 2,25%-lə borclanan ABŞ dövləti təxminən 500 milyard dollar həcmində faiz borcu ödəyib.
Həyata keçirilən vergi islahatları və hərbi xərclərin artırılması, ABŞ-ın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olsa da, ABŞ iqtisadiyyatının hazırda üzləşdiyi problemlərdə yalnız Trampı günahlandırmaq məsələyə səthi yanaşmaqdır. ABŞ iqtisadiyyatının bugünki acınacaqlı vəziyyətlə üzləşməsinin səbəbləri və kökü 2008-ci il qlobal iqtisadi böhranın nəticələrinin aradan qaldırması tədbirləri ilə əlaqəlidir. Həmin dövr ərzində ABŞ hoküməti misli görünməyən borclanma tədbirlərini həyata keçirib. Bunun nəticəsi olaraq, növbəti illər ərzində, dövlət borcunun artım templəri iqdisadiyyatın artım templərini üstələməyə başlayıb. Nəticədə, ABŞ borcunun ÜDM-a olan nisbətini son 10 il ərzində 80%-dən təhlükəli 106%-ə yüksəlməsinə səbəb olub. ABŞ iqtisadiyyatı, xarici görünüşdə inkişaf etsə də, reallıqda ildən-ilə pisləşərək rekord büdcə və ticarət kəsirləri ilə üzbəüz qalıb. ABŞ höküməti anlayır ki, dövlət borcunun nəzarətsiz artımı ABŞ dollarının dünya ehtiyat valyutası statusunu gec-tez şübhə altına alacaq. Təkcə son 20 il ərzində ABŞ-ın dünya ehtiyat valyutası qismində olan payı 71% -dən 61% -ə qədər azalmışdır və bu tendensiya sürətlənməkdə davam edir.
Son illərdə, bir çox dövlətlər, ABŞ dolları ilə əməliyyatlardan çəkinərək,“SWIFT” ödəniş sisteminə alternativ platformalar tədbiq edirlər. Məsələn, 2019-cu ilin yanvar ayında Avropa Birliyi “İNSTEX” - "Ticarət Birjalarına Dəstək Aləti" ödəniş sistemini təqdim etdi. Bu ödəniş sistemi ABŞ tərəfindən sanksiyalanan ölkələr üçün“SWIFT” ödəniş sistemindən kənar ticarət əməliyyatlarını aparmaq imkanı verir. Bundan öncə, 2018-ci ildə, Çin “Şanxay Beynəlxalq Enerji Birjası”nda ticarət edən, “Wall Street”-in üstünlük təşkil edən petrodollara qarşı qızılla təmin olunan yuan valyutasını təqdim edən ilk dövlət oldu. Alternativ ödəniş sistemləri, ABŞ tərəfindən sanksiya olunan ölkələrə dollardan yayınmaqla bir-biri ilə sərbəst ticarət etməyə imkan verəcək. Yeni ödəmə platformaları ABŞ dollarının qlobal ticarətdəki payını azaldaraq, ABŞ dollarının istifadəsini azaldacaq.
Heç kimə sirr deyil ki, müasir dünyada ABŞ hegemonluğunun əsas dayaqları onun hərbi üstünlüyü və ABŞ dollarının dünya ehtiyat valyutası statusuna malik olmasıdır. Bu sütunlar vasitəsi ilə ABŞ, demək olar ki, öz xarici siyasətini və nizamını istənilən millət, şirkət və ya şəxsə dair təsis edə bilir. Bununla belə, Vaşinqton anlayır ki, dövlət borcunun hazırki templərlə artması, nəticə olaraq, ABŞ dollarının dünya ehtiyat valyutası qismində olan statusunu şübhə altına alacaq. ABŞ-in iqtisadi durumunun davamlı zəifləməsi isə onun hərbi hegemonluğunun itirilməsinə gətirib çıxaracaq. Son illər baş verən hadisələr Vaşinqtonun hərbi, siyasi və iqtisadi cəhətdən zəifləməsini nümayiş etdirir.
Məsələn, ABŞ-ın Venesuelada rejim dəyişikliyini həyata keçirə bilməməsi, Şimali Koreyanın ABŞ-ın davamlı təhdidlərinə baxmayaraq, raket sınaqlarını davam etdirməsi, ABŞ-ın sanksiyalarına və təzyiqlərinə baxmayaraq, Rusiya hipersonik raketlər yerləşdirməklə yanaşı Avropaya iki qaz boru kəmərininin (Nord axını 2 və Türk axını) çəkilməsini həyata keçirir. Türkiyə (NATO üzvü olmaqla) ABŞ-ın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini S-400 alır və sınaqdan keçirir, bir sıra aparıcı dövlətlər və qlobal korporasiyalar Çinin “5G Huawei” texnologiyasına keçir. İran ABŞ-ın artan sanksiyalarına müqavimət göstərir və bir çox ölkələr ABŞ-ın borc kağızlarından imtina edərək, sistematik qaydada, qızıla yatırımlarını artırırlar. Bu siyahı davam edə bilər, lakin, məsələ aydındır - qlobal geosiyasi uyğunlaşma dəyişir və bunun qarşısını almaq üçün ABŞ dünyada bir çox proseslərə əvvəlki qaydada təsir etmək iqtidarını itirməkdədir.
Ancaq iqtisadi çətinliklərlə üzləşən tək ABŞ deyil, bütün dünya artan borcdan əziyyət çəkir. 2008-ci il qlobal iqtisadi böhranın nəticələrini aradan qaldırmaq məqsədi ilə, bir çox aparıcı dövlətlərin mərkəzi bankları öz iqtisadiyyatlarını dəstəkləmək məqsədilə borclanma üzrə faiz dərəcələrini minimal hədlərə, bəzən mənfi dərəcəyə qədər çatdırıblar. Bu tədbirlərin nəticəsi olaraq, son 10 ildə dünya borcu 109 trilyondan 225 trilyon dollara, dünya ÜDM-u isə 60 trilyon dollardan 80 trilyon dollara qədər artıb. Belə ki, dünya iqtisadiyyatının 30% həcmində artımını əldə etmək üçün dünya borcu təxminən 2.5 dəfə artırılıb və bu qədər borcun ödənilməsi müşküldür.Bununla da mərkəzi banklar tərəfindən aparılan məsuliyyətsiz maliyyə siyasəti dünya borcunun acınacaqlı həddə çatmasına səbəb olub.
Sürətlə artan dünya borcuna cavab olaraq, bir qrup inkişaf etməkdə olan ölkələr, 2008-ci ildən etibarən fiziki qızıl ehtiyatlarını artırmaqdadır. Ən böyük qızıl ehtiyatına sahib olan 10 ölkənin siyahısı:
Metrik tonda qızıl ehtiyatı olan ilk 10 ölkə |
||||
Reytinqdə |
Ölkə |
YE 2008 |
YE 2019 |
% dəyişikliyi |
1 |
Birləşmiş Ştatlar |
8,134 |
8,134 |
- |
2 |
Almaniya |
3,410 |
3,370 |
-1.2% |
3 |
İtaliya |
2,452 |
2,452 |
- |
4 |
Fransa |
2,450 |
2,436 |
-0.6% |
5 |
Rusiya |
500 |
2,241 |
322.6% |
6 |
Çin |
600 |
1,948 |
208.8% |
7 |
İsveçrə |
1,040 |
1,040 |
- |
8 |
Yaponiya |
765 |
765 |
- |
9 |
Hindistan |
350 |
618 |
- |
10 |
Hollandiya |
613 |
613 |
76.0% |
2008-ci ildən bəri Rusiya və Çin birlikdə qızıl ehtiyatlarını dörd dəfə, Hindistan isə 76% artırıb. Eyni dövrdə, Türkiyə, ilk onluğa daxil olunmasa belə qızıl ehtiyatlarını üç dəfə artıraraq, 385 tona çatdırıb. Həmin dövr ərzində, ABŞ və Avropanın qızıl ehtiyatları demək olar ki, dəyişməyib. Lakin qeyd etdiyimiz kimi Rusiya, Çin, Hindistan və Türkiyə isə son 10 ildə qızıl ehtiyatlarını durmadan artıb.
Əslində, bütün fiat pullar, istər ABŞ dolları, istər Yapon yeni, istərsə də Avropa avrosu, əmtəə və ya digər bir maddi aktivilə təmin olunmayan valyutadır.
Son 5000 il ərzində dünya tanınmaz dərəcədə dəyişdi, lakin qızılın dəyər ölçüsü və hesab vahidi dəyişməz olaraq qalmaqdadır. Sonsuz çap edilə bilən fiat valyutaları və ya hədsiz həcmdə çıxarıla bilən kriptovalyutalar uzun müddətdə qızılla rəqabət aparmaq gücündə deyil. İmperiyalar yüksəlir və dağılır, lakin qızıl dəyişməz olaraq, qalır. Müasir dövrdə, ölkələr büdcə kəsirlərini borclanma hesabına maliyyələşdirərək, öz valyutalarını dəyərsizləşdirirlər. Qədim dövrlərdə isə büdcə kəsiri qızıl sikkələrə mis qarışdırmaqla maliyyələşdirilirdi. Tarix boyu, qızıl sikkələrin tədricən mis sikkələrə çevrilməsi eyni şəkildə davam edirdi. Nəticədə imperiyalar etibarını, statusunu, iqtisadi və hərbi gücünü itirərək dağılırdı.
Mərkəzi bankların qarşısında duran əsas vəzifələr qiymətlərin sabitliyinin qorunması, etibarlı ödəniş sisteminin təşkili və sabit bank sisteminin təmin edilməsindən ibarətdir. Lakin, son illərdə müşahidə etdiklərimiz, mərkəzi bank təcrübələri haqqında ümumi anlayışımıza ziddir. Məsələn, 2019-cu il ərzində ABŞ-da inflyasiyanın 1.9% -dən 2.1% -ə artdığı halda “Federal Rezerv” Bank qısa müddətli uçot faiz dərəcəsini 2.25-2.5% -dən 1.5-1.75%-ə endirdi. ABŞ-in Federal Rezerv Bankı tərəfindən faiz dərəcələrinin 2018-ci ilin ikinci yarısında 3%-ə çatdırmaq niyyəti ölkənin fond birjalarının qısa müddət ərzində 15-25% düşməsinə səbəb oldu. ABŞ dövlət borcunun hədsiz səviyyəyə çatması, uçot faiz dərəcələrinin artırılmasına və beləliklə inflasiyanın tənzimdə saxlanmasına imkan vermir. Çünki, dövlət borcu üzrə formalaşan faiz xərləri büdcə kəsirini kəskin artıraraq,bütün iqtisadiyyata və həmçinin fond birjalarına mənfi təsir göstərir. ABŞ-ın maliyyə vəziyyətinin sürətlə pisləşməsi təcili diqqət tələb etdiyi halda, o borclanmanı daha da sürətli templərlə artıraraq, vəziyyəti daha da ağırlaşdırır.
Məlum bu meylləri və neqativ tendensiyaları nəzərə alaraq, 2020 - 2021-ci illərdə nə gözləmək lazımdır? Göründüyü kimi, ABŞ-in Federal Rezerv Bankı artan inflasiyaya dözməli və həttə faiz dərəcələrini daha da aşağı hədlərə endirməyə məcbur olacaq. Durmadan artan dövlət borcu isə inflasiyanın yüksəlməsini sürətləndirəcək. Belə bir şəraitdə, ABŞ Federal Rezerv Bankı inflyasiya və büdcə kəsiri arasında seçim etməli olacaq. Uçot faiz dərəcəsini tədricən 0% endirərək, dövlət borcu üzrə faiz xərclərinin və büdcə kəsirinin azalmasına cəhd edəcək. Lakin, bu tədbirlərin əks tərəfi real faiz dərəcələrin enməsi və inflasiyanın daha da sürətlı templərlə artmasına təkan verəcək. Artan inflasiya şəraitində investorları qoruyan ən effektiv aktiv isə - qızıl, gümüş və digər qiymətli metallardır.
2020-ci il üçün qızılın qiymətinə dair proqnoz.
2019-cu ildə qızılın qiyməti təxminən 16% artıb və bu tendensiyanın 2020-ci ildə də davam edəcəyi gözlənilir. Hazırda qızılın 1 troy unsiyasının qiyməti $1555-1575 dollar civarında dəyişir. Qızılın 1 troy unsiyasının qiymətinin 15-20% artaraq, 2020-ci ildə $1750–1850 dollara çatacağı, gümüşün isə 1 troy unsiyasının qiymətinin 50% artaraq, $25 - 27 dollar təşkil edəcəyini proqnozlaşdırılır.
Qeyd: Bu proqnoz maliyyə investisiya tövsiyəsi kimi nəzərdə tutulmur. Hər bir investor öz analizini aparmalı və ya maliyyə bazarlarına investisiya etməzdən əvvəl mütəxəssislə məsləhətləşməlidir.
Rəşad Hacıyev
Maliyyə və investisiya üzrə ekspert