ANALİTİKA

22 Yanvar

2019-cu ildə aparılan islahatlar

Ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı daha da yaxşılaşıb.

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı islahatlardan bəhs edərkən deyib: “Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.

Müşavirədə dövlət başçısı islahatların gerçəkləşdirilməsi nəticəsində valyuta ehtiyatlarının 6,4 milyard dollar artaraq, rekord həddə - 51 milyard dollara çatdığını, adambaşına düşən valyuta ehtiyatlarına görə isə Azərbaycanın MDB məkanında birinci yerdə qərarlaşdığını vurğulayıb.

Dövlətimizin başçısı nitqində xarici ticarət dövriyyəsinin müsbət saldosunun 6 milyard dollar təşkil etdiyini, bunun manatın məzənnəsinin, bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərdiyini diqqətə çatdırıb.

Müşavirədə neft strategiyasının sosial rifahın yüksəlməsinə mühüm töhfə verməsi barədə də ətraflı danışılıb. Bildirilib ki, 2019-cu ildə ölkədə qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərən, bu sahəyə investisiya qoyuluşunda önəmli rol oynayan neft sənayesində müsbət nəticələr əldə edilib. Eyni zamanda, Azərbaycanın qlobal brendi olan SOCAR şirkəti gəlirlərinin böyük hissəsini xarici ölkələrdə reallaşdırdığı əməliyyatlardan əldə edərək, həmin gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı naminə təkrar investisiyaya yönəldib, təbii ki, dövlət büdcəsinə ödənişləri də ilbəil artırıb.

Prezident İlham Əliyev 2019-cu il ərzində neft sektorunda diqqətçəkən hadisələrdən danışarkən qeyd edib: “Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesinə daim önəm verilib. Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb. Keçən il isə ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Prezident İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib: “İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik”.

İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Müşavirədə aqrar sektorda aparılan islahatların da artıq real nəticələr verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ilində yüksək nəticələr əldə olunub. Hesabat dövründə 2018-ci illə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.

Yeri gəlmişkən, aqrar sektorda aparılan islahatlar nəticəsində ötən mövsüm ərzində 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin 2018-ci ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

2019-cu il aqrar sektorun digər sahələrində də müsbət nəticələr əldə olunub. 2019-cu ilin yanvar-noyabr aylarında sahələrdən 3512,4 min ton taxıl toplanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171,5 ton buğda (+6,3 faiz), 1015,5 ton arpa (+7,8 faiz) və 259,4 min ton qarğıdalı (+14,4 faiz) yığılıb.

Keçən il 643,7 ton barama istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 25,3 faiz çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə edilən göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5,9 min ton tütün yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çoxdur.

Əlbəttə, bu göstəricilərin əldə olunması, yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə, Prezident İlham Əliyevin sözügedən sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bunun bariz ifadəsidir.

Regionların inkişafını özündə ehtiva edən Dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması da Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, aqrar sahədə mövcud istehsal müəssisələrinin fəaliyyətinin güclənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, kənd təsərrüfatında islahatların sürətlənməsinə yol açıb.