ANALİTİKA

17 Dekabr

Ümumdünya Ticarət Təşkilatını xilas etmək olarmı?

2001-ci ilin sonundan bəri məhkəmə qərarı üçün ÜTT-yə təqdim edilmiş 349 ticarət mübahisəsindən 44-də və ya 12,6%-də Çin cavabdeh qismində çıxış edib. Bu da ötən il ölkənin dünya ixracındakı payına (12,8%) uyğun gəlir. Maraqlıdır ki, bu rəqəm eyni dövrdə ABŞ-a qarşı irəli sürülən 99 və AB-ə qarşı qaldırılan 52 işdən daha azdır. Bu, qismən onunla izah edilir ki, Çin ÜTT üzvlüyü haqqında sazişin şərtlərinə uyğun olaraq tarif və qeyri-tarif ticarət baryerlərini azaltmağa, investisiya məhdudiyyətlərini zəiflətməyə davam edir, bəzən sazişin şərtlərindən kənara çıxır. Faktiki olaraq, qeyd olunan dövrdə Çinlə müqayisədə çox az ölkə baryerləri azaldıb. Bu barədə “Project Syndicate” yazır.

Ayrıca, Çin həddən artıq təcavüzkar iddiaçı çıxmayıb. 2011-ci ilin dekabr ayından Çin ÜTT-də 21 iş (6%) qaldırıb. Bu da ötən ilin beynəlxalq idxal həcmində Çinin payına düşən göstəricidən (10,8%) aşağıdır. Maraqlıdır ki, bu rəqəm də ABŞ tərəfindən göndərilən 55 və AB tərəfindən qaldırılan 46 işdən xeyli azdır.

Böyük ölkələr, bir qayda olaraq, ÜTT qaydalarına mükəmməl şəkildə əməl etmələri ilə öyünə bilmirlər. 2001-ci ildən bəri Çinə qarşı qaldırılan 44 işdən cəmi ikisində ÜTT-ə təkrar müraciət olunub. Analoji dövrdə ABŞ-a qarşı qaldırılan işlərdə təkrar müraciətlərin sayı 15 olub.

Son vaxtlara kimi heç kim təsəvvür etməzdi ki, ÜTT-ni tənzimləyən qaydaların əsas müəllifi ABŞ təşkilatın apelyasiya orqanını məhv etmək qərarına gələcək. Lakin indi deyəsən, məhz bu, baş verir. Orqanın cari hakimlərinin 4 illik səlahiyyət müddəti 2017-ci ildə başa çatıb. Həmin vaxtdan bəri ABŞ başqa ölkələr tərəfindən irəli sürülən namizədləri sistemli şəkildə rədd edir. Görünür, başqa ölkələr qaydaları Amerikanın istəyinə uyğun şəkildə dəyişməyə razılaşanadək Vaşinqton sistemin fəaliyyət qabiliyyətini zəiflətməyə davam edəcək.

ÜTT-də mübahisələri tənzimləyən istənilən komissiyada ən azı 3 hakim olmalıdır. Dolayısıyla, apelyasiya orqanının yerdə qlaan 3 hakimindən ikisi dekabrın 10-u səlahiyyət müddətini başa vurduğundan təşkilatın “ali məhkəməsi” bu gün funksional olaraq ölü hesab edilir.

1995-ci ildə ÜTT yarandıqdan bəri qlobal ÜDM təxminən 250%, qlobal ticarət isə təxminən 270% artıb. Ölkələr arasında ticarət mübahisələrinin həlli üçün peşəkar obyektiv proses bu uğurun açarı olub. Daha böyük ölkələr ikitərəfli və ya regional ticarət danışıqlarında həmişə kiçik ölkələrə nisbətən daha böyük bazar təsirinə sahib olduqları üçün bu proses ÜTT-nin kiçik və orta ölçülü üzvlərinin xeyrinə oyun şərtlərini bərabərləşdirməyə kömək edib.

ÜTT-ni bərpa etmək üçün təşkilatın qaydalarında dəyişiklik etmək lazımdır. Ola bilsin, apelyasiya hakimləri çoxluq və ya super səs çoxluğu ilə təyin olunsun ki, heç bir ölkə namizədi bloklaya bilməsin. Ayrıca, orqandakı hakimlərin sayı ticarət həcmindəki artıma uyğun olaraq 15-ə çatdırıla, təyinat müddəti isə davam etdirilə bilər. Ya da sonuncu üç hakimin səlahiyyət müddəti müvəqqəti uzadıla bilər.

Bu tədbirlərdən heç biri kifayət etməyəcək. ABŞ, Çin və digər ölkələr də dövlət müəssisələri, dövlət satınalmaları, antidempinq halları və rəqəmsal ticarətlə bağlı ÜTT qaydalarının modernləşdirilməsində maraqlıdırlar.