Azərbaycanda istiqrazlara maraq artır. Bu barədə fins.az-a açıqlamasında kapital bazarın investisiya xidməti göstərən “Texnika Kapital Menecment” MMC-nin direktoru Cəfər İbrahimli bildirib. Onun sözlərinə görə, son vaxtlar insanlar banka əmanət və diğər investisiya vasitələri ilə bərabər istiqraz almağa da başlayıblar. Çünki, kapital bazarı gəlirlilik bank sektoru ilə müqayisədə daha cəlbedicidir.
Müəllimdən tutmuş bankirə qədər
Cəfər İbrahimli deyir ki, istiqrazları alanların bir hissəsi sadə vətəndaşlardır: “Bunların arasında müəllimlik edən də var, hansısa kiçik bizneslə məşğul olan da var. Həmçinin kapital bazarına sığorta şirkətləri, eləcə də banklar özləri investisiya qoyurlar”.
Fərdi şəxsləri və biznes strukturlarını istiqraz bazarına cəlb edən əsas amil hazırda bu növ qiymətli kağızların illik gəlirliliyinin bank əmanət ilə müqayisədə 3 dəfə çox olmasıdır. Məsələn, hazırda Azərbaycan banklar dollarla qəbul etdikləri əmanətlərə illik maksumum 5% gəlir vəd edirlər. Halbuki, bu gun istiqraz emissiyası ilə məşğul olan bank olmayan kredit təşkilatları və lizinq şirkətləri illik 13-14% gəlir təmin edən istiqrazlar yerləşdirirlər.
Sığortalı deyil, amma ...
Banka qoyulan əmanət onun məbləğindən və illik faiz dərəcəsindən asılı olaraq sığortalanır. İstiqrazlar üçün isə belə bir sığorta mexanizmi yoxdur. Bununla belə, Cəfər İbrahimli deyir ki, son 10 ildə Azərbaycanda istiqrazlara görə öhdəliklərin yerinə yetirilməməsi halına demək olar ki, rast gəlinməyib: “Ola bilər ki, 2-3 gun gecikmə olsun, amma ciddi problemlərdən söhbət gedə bilməz. Buna görə də, insanlar istiqrazlara inanırlar”.
Onun sözlərinə görə, istiqraz buraxılışında vəziyyətin ürəkaçan olması ilk növbədə bu sahədə olan şəffaflıqla bağlıdır. Yəni, istiqraz buraxmaq istəyən şirkətlər bir neçə mərhələdən keçir, kapital bazarını tənzilməyən qurumlara son ayların maliyyə hesabatını, beynəlxalq standartlara uyğun audit hesabatını təqdim etməli olur. Bundan başqa, istiqraz satmaq istəyən şirkətin yaxşı kapitallaşması da vacibdir. Yəni, kapital bazarına çıxmaq istəyirsəndə bunun üçün lazımi qədər maliyyə imkanların olmalıdır. Bu şərtləri yerinə yetirə bilməyən şirkətlər bazara buraxılmır.
Riskləri bölüşmək də olur
Kapital bazarında riskləri azaldan digər amillər isə şirkətlərin başqalarının zəmanəti əsasında bu işi görməsidir: “Mümkündür ki, hansısa bank emitentin arxasında dayanır, ona zəmanət verir ki, problem olsa, öhdəliklər yerinə yetiriləcək. Bundan başqa, market meykerlə də anlaşmaq olar. Yəni, riskləri bölüşmək imkanları var. Amma Azərbaycan təcrübəsində emitentlərin 60%-i öz imkanlarına uyğun olaraq bazara girirlər”.
Buraxılışın şərtlərinə uyğun olaraq əsasən 2-3 ay içərisində tədavülə çıxarılan istiqrazların tamamı yerləşdirilir və Azərbaycanda istiqrazlar üçün tədavül müddəti orta hesabla 2 il olur. Eyni zamanda istiqrazlar üzrə hesablanmış faizlər emitent tərəfindən istiqraz sahiblərinə ödənilir. Cəfər İbrahimli deyir ki: “Əslində istiqraz buraxanlar emitentlər emissiya etdikləri istiqrazların hamısının birdən satılmasında maraqlı deyillər. Çünki cəlb edilmiş pulun bazarda yerləşdirilməsi müəyyən vaxt aparır. Şirkətlər də istəyirlər ki, vəsaiti yavaş-yavaş, lazım olduqca cəlb etsinlər ki, əlavə faiz ödəməsinlər”.
Ən pis halda şirkətin özünə satacaqsan
İstiqrazlar müştərilərə nominal dəyərinə uyğun satılır. Təkrar satışda isə onun qiymətini bazar müəyyən edir. İstiqrazı tədavül müddətindən əvvəl satmaq istəsəniz və bunu bazar qiymətinə alan olmasa emitent özü cari qiymətə uyğun geri almağı təmin edir.