30 Oktyabr

Məktəblər niyə sığortalanmır?

Azərbaycanda avtomobillərin sığortası barədə qızğın müzakirə edildiyi bir vaxtda, bunlardan qat-qat vacib məsələ - məktəblərin sığortası mövzusu kənarda qalıb.

Məktəb yanğınları artır

Xatırladaq ki, son vaxtlar Bakıda məktəblərdə yanğın haları artmaqdadır. Bu gün növbəti ynağın baş verib. Fins.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 73 ünvanında yerləşən 102 saylı orta məktəb binasında baş verib. Yanğınla əlaqədar orta məktəbin müəllim və şagirdləri təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğının qarşısını almaq üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.

Daha bir yanğın hadisəsi noyabrın 6-da Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbdə baş vermişdi. Binanın elektrik qovşağında baş verən yanğına görə, məktəbdə dərslər dayandırılmış, şagird və müəllimlər təxliyə edilmişdi.

Məktəblərin sığortası icbaridir

Məktəb yanğınlarının tez-tez baş verməsinə baxmayaraq hələlik onların yanğından sığortası ilə bağlı ciddi addımlar atılmır. Halbuki, qanuna əsasən digər tikililər kimi, məktəb binaları da yanğından və digər risklərdən sığortalanmalıdır.

“İcbari sığortalar haqqında" qanunun 35-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının yanğından və digər risklərdən sığortası məcburidir. Amma hələlik bu sahədə ciddi addımlar atılmayıb. Baxmayaraq ki, məktəblərin sığortası orta qiymətli avtomobilin sığortası həcmindədir.

Məktəbin sığortası cəmi min manatdır

“Azərbaycan Sənaye Sığorta” şirkətinin təkrarsığorta və anderaytinq departamentinin direktoru Kənan Əsgərov fins.az-a açıqlamasında bildirib ki, məktəblərin sığorta haqqı onların risk kateqoriyasi üzrə 0,22 əmsalı üzrə hesablanır. Belə ki, 500 min manatlıq məktəbi 25-50 min manat azadolma məbləği ilə 753 manata, 500-1000 manat azadolma məbləği ilə isə 1063 manata sığortalamaq mümkündür. Binasının qiyməti 250 min manat olan məktəbin sığorta haqqı isə 459-543 manat arasında dəyişir.