Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qəzaya uğramış avtomobilin qiyməti istehsal ili təzə olsa belə, aşağı düşür. Arada yaranmış qiymət fərqi bəzən bir neçə min, hətta 10 min manatlarla ölçülür. Yəni, qəza istər-istəməz maşının görkəminə və keyfiyyətinə mənfi təsir göstərir. Üstəlik vurulmuş maşını çox adam almaq istəmir. Bütün bu amillər də son nəticədə qəzaya uğramış avtomobilin başqa maşınlarla müqayisədə ucuz satılmasına səbəb olur. Bəs itirilən bu pulu kim ödəməlidir?
20 min manatlıq maşının qiyməti 16 minə düşür
“Bakı sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Ramin Məmmədov deyir ki, qəzaya uğramış maşının necə təmir olunması onun qiymətinə təsir edən əsas amillərdən biridir. Məsələn, bir neçə dəfə aşmış maşının ilkin görünüşünü bərpa etmək çox vaxt çətin olur. Bu da istər-istəməz qiyməti “öldürür”. Ucuzlaşmanın həddi maşının ilkin qiymətinin nə qədər olmasından asılıdır. Məsələn, qiyməti 18 min manata qədər və istehsal ili köhnə olan maşınlarda təmir normal şəkildə aparılıbsa, bu avtomobili elə də dəyərdən salmır.
R. Məmmədovun sözlərinə görə, əgər maşında aşma halı olmayıbsa, 3 min manatlıq təmirdən sonra qiymətin 2 000 manat düşməsi normal hesab olunur. Maşın 5 dəfədən artıq aşıbsa, əksər hallarda yararsız olur və qiyməti azı 70% düşmüş olur. Hər gün qarşılaşdığımız adi qəzalarda isə 20 000 manatlıq maşının qiyməti 3 minlik təmirdən sonra 4 000 manat azala bilir. Bu da təxminən maşının qəzadan sonra dəyərini 20% itirilməsi deməkdir.
“BMW 750” qəzadan sonra dəyərini 40 min manat itirir.
Bahalı maşınlarda isə avtomobillərin dəyəri daha çox düşür. Məsələn, qiyməti 100 min manat olan “BMW 750” avtomobilinə 30 min ziyan dəyirsə, onun dəyəri təqribən 40% düşmüş olur. R.Məmmədov deyib ki, alıcılar bahalı maşın alarkən 2 dəfə artıq ehtiyatlı davranırlar: “Məsələn, təhlükəsizlik sisteminin və hava yastıqlarının bərpası zamanı sistem işləməyə bilər. Orjinallıqla əlaqəli olaraq bahalı maşınlarda təhlükəsizlik sistemləri daha mürəkkəbdir. Ona görə də, qəzadan sonra bahalı maşınlarda qiymətinin böyük məbləğdə aşağı düşməsi normal haldır”.
“Maşını əvvəlki vəziyyətə qaytarmaq çox çətindir”
Vurulmuş avtomobil əvvəlki görkəmə qaytarılsa da, həm fiziki, həm də mənəvi aşınmaya görə o, dəyərdən düşür. Təmir edilən maşın yenisi kimi olmur. Baxmayaraq ki, təmirdən sonra qalmış kiçik qüsurları hər kəs hiss etmir.
R.Məmmədovun sözlərinə görə, texniki detallar orjinalı ilə əvəz olunduqda avtomobilin hərəkətində problem yaşanmır. Ancaq 90% hallarda buna nail olmaq çətindir: “Ağır qəzalarda avtomobilin gövdəsi tarazlığını itirir. Çünki ilkin istehsal zamanı gövdənin detallarına millimetr dəqiqliklə işləyən cihazlar yerləşdirilir. Adi təmir müəssisələrinə həmin cihazların normal işini bərpa etmək çətin olur. Bu da maşının əvvəlki kimi işləməsinə imkan vermir və qiymət aşağı düşür”.
Qiyməti azaldan həm də psixoloji amillərdir. Ramin Məmmədov deyir ki, vurulmuş maşının əvvəlki görkəmi və texniki vəziyyəti bərpa olunsa belə, istər-istəməz müştərilər vurulmuş maşına çox pul vermək istəmirlər.
“Vurulan avtomobilin dəyər itkisini sığorta ödəmir”
Sığorta qanunvericiliyinə görə, sığorta şirkətləri qəzaya uğramış maşına yalnız əvvəlki vəziyyətə qaytarmaq öhdəliyi daşıyırlar. Ancaq vurulan avtomobilin dəyər itirməsinə əmlakın dəyərdən düşməsindən sığorta kimi də baxmaq olar.
Bununla belə, R. Məmmədovun sözlərinə görə, Azərbaycanda bu cür sığorta ilə bağlı təcrübə yoxdur. Yəni, avtomobilin dəyər itkisi sahəsində riskləri tam ölçmək mümkün olmadığından heç bir sığorta şirkəti buna maraq göstərmir: “Məsələn, vətəndaş maşını 10 000 manatlıq dəyərdən düşmədən sığortalayır. Qəza baş verəndən sonra maşının hansı məbləğdə dəyərdən düşməsi mübahisə mövzusuna çevrilə bilər. Çünki maşın texniki olaraq anoloji maşınlarla eyni qiymətdə ola bilər. Ancaq alqı-satqı zamanı qəzaya uğradığına görə, maşının dəyəri 5000 manat aşağı qiymətləndirilə bilər. Buna da sığortaçının nəzarət etməsi demək olar ki, qeyri mümkündür”.
“Beynəlxalq təcrübədə də avtomobilin dəyər itkisi sığorta təminatına daxil deyil”
“Meqa Sığorta” şirkətinin iddiaların tənzimlənməsi şöbəsinin aparıcı məsləhətçisi Mirzə Qurbanov da deyir ki, vurulandan sonra avtomobilin dəyər itirməsi heç bir sığorta təminatına daxil deyil. Onun sözlərinə görə, bu, hətta beynəlxalq təcrübədə də belədir: “Burda söhbət daha çox mənəvi zərərdən gedir. Azərbaycanda əsasən xarici vətəndaşlar belə bir zərərin əvəzini qarşı tərəfdənb tələb edirlər. Məsələn, mənim bir xarici dostumun avtomobilini Bakıda vurmuşdular. Vurulmuş mənəvi zərərə görə təqsirkar şəxsi məhkəməyə verdi. Və zərər vuran şəxs dəymiş ziyanı ödəməli oldu”.
“Maşını kim vurubsa, mənəvi zərəri də o ödəməlidir”
“LS Consulting” hüquq şirkətinin əməkdaşı Cavid Məhərrəmov da bildirir ki, vurulmuş avtomobilin dəyər itkisini zərərvuran ödəməlidir. Onun sözlərinə görə, Mülki Məcəllənin 22.1 maddəsinin müddəalarına əsasən, əmlakın zədələnməsi, məhv olması, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi xərclər zərər hesab olunur. O cümlədən, vurulan maşının dəyər itkisi də bu zərərə daxildir.
Belə ki, əgər məhkəməyə müraciət olunarsa, qəza zamanı zərərvuran tərəf avtomobilin dəyər itkisini ödəməli olur. İtkinin məbləği isə Mülki Prosesual Məcəllənin 87.2 maddəsinin müddəalarına uyğun olaraq, təyin edilən ekspertizanın rəyinə əsasən müəyyən edilir. Ekpertiza vurulan avtomobilin qəzadan əvvəlki bazar qiymətinə uyğun olaraq maşının nə qədər dəyərdən düşdüyünü müəyyən edir.