TURİZM

22 Yanvar

İspaniyadan turizm rekordu

İspaniyanın 2023-cü ildə qəbul etdiyi turistlərin sayı və əldə etdiyi turizm gəliri açıqlanıb.

Fins.az xəbər verir ki, aralıq dənizi hövzəsində ikinci ən böyük turizm məkanı olan İspaniya 2023-cü ildə həm ziyarətçi sayında, həm də turizm gəlirində rekord qırdı.

İspaniyanın Sənaye və Turizm Naziri Jordi Hereu 2023-cü ildə İspaniyaya gələn ziyarətçilərin sayının 2022-ci ilə nisbətən 19 faiz, pandemiyadan əvvəlki illə müqayisədə isə 1 faiz artaraq 84 milyona çatdığını açıqlayıb. 2019-cu ildə İspaniya 83,7 milyon ziyarətçi qəbul edib. 

Nazirin verdiyi məlumata görə, İspaniyanın 2023-cü ildə turizm gəlirləri 2019-cu illə müqayisədə 17,4 faiz, 2022-ci ilə nisbətən isə 23,8 faiz artaraq 118 milyard dollara (108 milyard avro) çatıb. 

İspaniyalı nazir, çox xüsusi bir xarici faktor olmadığı təqdirdə 2024-cü ildə turist sayında və turizm gəlirində rekord gözlədiklərini diqqətə çatdırıb.

Günel Məlikzadə
Fins.az