Finss.az - Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-də planlı yoxlama aparıb.
Yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar olunub. Tibb müəssisəsində tibbi qeydiyyat sənədlərinin uyğun qaydalara riayət edilmədiyi, tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğunun təmin edilmədiyi və dərman vasitələrinin saxlandığı soyuducularda termometrin olmadığı müəyyən edilib. Həmçinin, sanitar-epidemioloji qaydalara riayət edilmədən müxtəlif tibbi prosedurların icra edildiyi, tibbi personalın sertifikasiyadan keçmədiyi və ixtisasa uyğun olmayan vəzifələrə təyin edildiyi bildirilib.
Yoxlama zamanı klinikanın rəhbərliyi tərəfindən AEM-in mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirildiyi və müqavimət göstərildiyi qeyd edilib. Yoxlamanın nəticələri əsasında inzibati protokol tərtib olunub və klinikanın fəaliyyətinin dayandırılması üçün müvafiq tədbirlər görülür.