Tibb

24 Yanvar

“Sağlam həyat tərzi” üzrə Dövlət Strategiyasının gedişatı müzakirə olunub

Finss.az - "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üzrə icrasının monitorinq və qiymətləndirilməsinə dair “Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib.

İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Strategiya çərçivəsində icraçı qurumların il ərzində görülmüş işlərlə bağlı hesabatları müvafiq portala daxil edilib və iclasın keçirilməsində məqsəd yekun hesabatla bağlı müzakirələrin aparılmasıdır.

İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə Strategiyanın 2024-cü il üzrə nəzərdə tutulan hədəflərinin icrasına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib. O, “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin fəaliyyət istiqamətləri üzrə nəticələri, həmçinin qeydə alınan çağırışları və tövsiyələri diqqətə çatdırıb.

Daha sonra İşçi qrupun üzvləri çıxış ediblər, təklif və iradlarını dilə gətiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.

Zemfira Ms
Finss.az