Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi 2025-ci ildə 12-14 sentyabr tarixlərində baş tutacaq.
Bu barədə Finss.az "Caspian Event Organisers" şirkətinə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib.
Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilmişdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə ediblər.
Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bir sıra mühüm məsələlər müzakirə olunub, sərginin təqdimat zonasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri" mövzusu daxil olmaqla, bir çox panel müzakirələri təşkil edilib.
Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su Həftəsi Beynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirmişdir. İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatı keçirilib. Eyni zamanda Bakı Su Həftəsi Beynəlxalq Konfransında su təsərrüfatı sahəsinə aid startaplar təqdim olunmuş və qalib gəlmiş komandalar mükafatlandırılıb.
Bu sahənin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Eyni zamanda, sərgi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.
* * *
Horadiz-Ağbənd dəmiryol xətti üzrə layihələndirmə işləri bitib.
Finss.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, dəmir yolunun inşası ilə bağlı işlərin isə 60%-i yerinə yetirilib.
"Tunellərdən birinin tikintisi bitib, ikinci tuneldə qazıntı işləri aparılıb.
Ümumilikdə Horadiz-Ağbənd dəmir yolu xətti boyunca yerli mühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndis qurğusu, 40-dan çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir. 110,4 km-lik Horadiz-Ağbənd dəmir yolunun əsas komponentləri arasında 771 metrlik dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzun dəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) yer alır.
Bu dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısı və Şərq-Qərb yükdaşımaları üçün yeni marşrutu təmin edəcək", - deyə o qeyd edib.
* * *
Son bir ildə əlilliyiolan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Finss.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 10,9 min şəxs münasib işlərlə təmin edilib. Həmçinin, ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar.
Agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib.
* * *
2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 71,4%-ni kişilər, 28,6%-ni isə qadınlar təşkil edib.