SOSİUM

13 Yanvar

Qarabağ Universitetinə 17 milyon manat ayrılacaq

Finss.az - "2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsində 27 milyon manat ayrılacaq."

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Nazir müavini qeyd edib ki, bu tədris ili ölkənin ali təhsil sistemində yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdardır. 2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb və 1104 tələbə qəbul edilib, qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetin fəaliyyətinin təmin edilməsi üçün 17 milyon manat ayrılıb və infrastruktur quruculuğu sürətlə davam edir.

Eyni zamanda, Türkiyə-Azərbaycan Universiteti (TAU) də 2024-2025-ci tədris ilində fəaliyyətə başlayıb və hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarında 83 tələbə təhsil alır. 2025-ci ildə TAU-nun fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması üçün 10 milyon manat nəzərdə tutulub.