COP29-a hazırlıq davam edir və Azərbaycanın "yaşıl gündəliyi" bu qlobal tədbirin ölkəmizdə keçirilməsindən əvvəl başlamışdır. Azərbaycanın "yaşıl enerji" strategiyasında külək enerjisi xüsusi əhəmiyyətə malikdir.
Global Wind Energy Council (GWEC) tərəfindən hazırlanan hesabatda, Azərbaycan ofşor külək enerjisi potensialına görə dünyada Avstraliyadan sonra ikinci yerdədir. Azərbaycandan sonra Şri-Lanka və Türkiyə gəlir.
Külək enerjisi, küləyi meydana gətirən hava axınının kinetik enerjisidir və bərpaolunan enerji mənbələrindən biridir. Küləyin sürəti saniyədə 3-4 metr olduqda elektrik enerjisi əldə edilə bilər. Bakıda küləyin orta sürəti saniyədə 11 metrdir. Laçın və Kəlbəcər rayonlarında da külək enerjisi potensialı yüksəkdir. Kəlbəcər rayonunda küləyin orta illik sürəti saniyədə 7-8 metrdir.
Prezident İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonası elan olunduğunu vurğulayıb. Xüsusilə Xəzər dənizində külək güclüdür və bu, təbii sərvətə çevrilmişdir.
Azərbaycan bu sahədə bir sıra xarici şirkətlərlə əməkdaşlıq edir. Bunlardan biri Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətidir. Bu şirkətlə tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası xüsusi əhəmiyyət kəsb edir. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunda qoyulmuşdur. Bu, ölkəmizdə xarici sərmayə ilə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Stansiya, həmçinin Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon dollar olaraq qiymətləndirilir və stansiyada ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.
Bu il keçirilən Bakı Enerji Həftəsi zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov "ACWA Power" şirkətinin nümayəndələri ilə görüşdə stansiyanın gələn il istismara veriləcəyini bildirmişdir. "TotalEnergies" və "Saipem" şirkətləri ilə də külək enerjisi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
COP29-a toplaşan qonaqlar Azərbaycanın təbiəti və iqlimi ilə yaxından tanış olacaqlar. Onlar Bakı küləyini və bu təbiət hadisəsini sərvətə çevirdiyimizi əyani görəcəklər. Bu sahədə yeni layihələrin və yeni başlanğıcların yaranması gözlənilir.