SOSİUM

16 İyul

Lənkəran “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərəsi fəaliyyətə başladı

Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron sistem vasitəsilə müraciətlərin təqdim edilməsində köməklik göstərmək məqsədilə 3 iyul 2024-cü il tarixindən etibarən Lənkəran şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də "Güzəştli mənzil" pəncərəsi fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, paralel olaraq Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət”, regionlarda isə 1 saylı Sumqayıt və 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.

Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi, habelə MİDA-nın “Facebook”, “Instagram” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.

Fuad Mədətov
Fins.az