Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndəsi Azər Qurbanov Avrasiya Ölkələri Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) vitse-prezidenti seçilərək “keyfiyyəti idarəetmə sistemlərinin inkişafı və qiymətləndirilməsi" sahəsi üzrə fəaliyyət göstərəcək.
Fins.az xəbər verir ki, Azər Qurbanov 2024-2027-ci illər ərzində sözügedən istiqamət üzrə COOMET-ə üzv olan ölkələrin milli metrologiya qurumlarında koordinasiya işləri ilə yanaşı Regional Metroloji Təşkilatların Birləşmiş Komitəsi, "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro” (Bureau International des Poids et Mesures, BIPM), həmçinin beynəlxalq və regional akkreditasiya təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılması işlərini icra edəcək.
Məlumat üçün bildirək ki, AzMİ COOMET regional metrologiya təşkilatında 2007-ci ildən ölkəmizi təmsil edir. İnstitut Təşkilatla fiziki kəmiyyət vahidi etalonları, qanunverici metrologiya, keyfiyyəti idarəetmə sistemləri, təlim və informasiya mübadiləsi istiqamətləri üzrə əməkdaşlıq edir.
COOMET-də Azərbaycan, Türkiyə, Almaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çin, Gürcüstan, Kuba, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya və Tacikistanın milli metrologiya qurumları təmsil olunur. Təşkilat ölçmələrin vəhdəti və nəticələrinin tələb olunan dəqiqliyinin təmin edilməsinə dəstəyin göstərilməsi, milli iqtisadiyyat və beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması üzrə əməkdaşlığın inkişafı, Avrasiya ölkələri və digər regionların metroloji fəaliyyətlərinin əlaqələndirilməsi və digər vəzifələri yerinə yetirir.
Fuad Mədətov
Fins.az