SOSİUM

25 İyun

Mərkəzi Bank Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi mövzusunda tədbir keçirib

Mərkəzi Bank və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 25 iyun tarixində Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması məqsədilə vəkillər üçün tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılıb.

Bundan əlavə, tədbir iştirakçılarına Mərkəzi Bankın maliyyə biliklərinə dair elektron resursları da təqdim edilib.

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması istiqamətində davamlı olaraq aidiyyəti fokus qruplarına maarifləndirmə tədbirləri həyata keçirir.

Qeyd edək ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu mövzuda aidiyyəti fokus qruplarının maarifləndirilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Fuad Mədətov
Fins.az