Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) maarifləndirmə tədbiri keçirilib.
Fins.az xəbər verir ki, Mərkəzin hüquqşünası Nigar Hafizqızı çıxış edərək bildirib ki, hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu hüquq islahatları bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə-hüquq sistemi daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılıb.
Dövlət başçısının 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi tarix Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Hər il ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 18 may-18 iyun tarixləri ölkə ərazisində “İnsan hüquqları aylığı” elan edilir.
Fuad Mədətov
Fins.az