Finss.az - Yanvarın 23-ü ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıdığı gündür.
Cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların, bəlkə də, hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni ona görə ümidlər böyükdür... O cümlədən Amerika – Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika–Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
(Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsindən)
Bəri başdan xatırladaq ki, Ağ Evin Cozef Baydenin prezidentliyi dövründəki bəzi ermənipərəst addımlarını nəzərə almasaq, Vaşinqtonda Azərbaycanla əməkdaşlığa həmişə böyük önəm verildiyini deyə bilərik. Bir faktı xüsusilə vurğulayaq ki, Azərbaycan ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa edəndə Vaşinqton həmin müstəqilliyi Türkiyə, Pakistan, Rumıniya və İsveçrədən sonra olsa da, Moskvadan iki ay yarım əvvəl – 1992-ci il yanvarın 23-də tanımışdır.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 7-dəki müsahibəsində Azərbaycan – ABŞ münasibətlərini xarakterizə etmək üçün olduqca aydın və maraqlı arqumentlər səsləndirmişdir. Məsələn, dövlət başçımız demişdir ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika – Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı: “ Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika – Azərbaycan münasibətlərini Amerika – Ermənistan münasibətlərinin qurbanına çevirdi”.
Həqiqətən elə idi. Vaşinqton bütün dünyanın gözü qarşısında bizim ölkəmizə Ermənistan – Azərbaycan, ya da ABŞ – Ermənistan münasibətlərinin prizmasından yanaşırdı. Dövlət başçımızın da dediyi kimi, məhz həmin səbəb üzündən Vaşinqton – Bakı münasibətlərində o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qalmışdı. Bundan başqa, Bayden iqtidarı Azərbaycana qarşı açıq-açığına ədalətsiz mövqe sərgiləmiş, xüsusilə Qarabağ məsələsində ikili standartlardan ayrıla bilməmişdi. Dövlət başçımız ABŞ nümayəndələrinə bir neçə dəfə demişdi ki, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Halbuki, Vaşinqton hansısa suala cavab verə bilməyəcək qədər aciz deyildi. ABŞ diplomatiyasını və siyasətini həmin günə Bayden iqtidarı salmışdı.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ ötən ilin iyul ayında – Şuşa Forumunda demişdi ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri – bunları təbliğ edir. Bu, o zaman idi ki, ABŞ-da keçiriləcək seçkilərdə kimin qalib gələcəyini heç kəs bilmirdi. Hətta, məşhur Tramp – Bayden debatları da hələ keçirilməmişdi. Dövlət başçımız Şuşada Bayden administrasiyasının yalan danışdığını, söz verərək, sonra o sözdən qaçdığını da xatırlatmışdı.
Xüsusilə vurğulanmalı daha bir məqam. Mən – bu sətirlərin müəllifi Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı istənilən məktubu oxuyandan sonrakı yazılarımda “Ağ ev haqq yoluna qayıdır!”– tezisini dəfələrlə qabartmışdım. Ancaq Anadolu türklərinin sözü olmasın, “kos-koca” dövlətin fiziki cəhətdən olduqca qoca Prezidentinin bütün vədləri yalana çevrilirdi.
Ancaq Baydendən əvvəlki ABŞ prezidentləri bizim enerji inkişafımızı və xüsusən də, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin çəkilməsini hər zaman lazımınca dəstəkləyib. Ağ evdən yayılan məlumatlarda dəfələrlə deyilib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
O da faktdır ki, Ağ evin rəsmi Bakıya inamı təkcə enerji sahəsindəki əməkdaşlıqla yekunlaşmır. Məsələn, yanvarın 20-də yenidən dövlət başçısı kimi and içmiş Donald Trampın birinci prezidentliyi dövründə Bakıya ünvanladığı bir məktubda oxuyuruq: “Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.
Onu da əlavə edək ki, bu münasibətlər təkcə ABŞ dövlətinin maraqlarına görə deyil, həm də ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun uğurlu nəticələridir. Həmin siyasətin həyata keçirilməsi gənc müstəqil Azərbaycanın siyasi – diplomatik nailiyyətlərini gündən-günə artırır. Müstəqilliyin geridə qalan dövrlərində Azərbaycan – ABŞ əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daim inkişaf etməsi də məhz həmin uğurlar sırasındadır. 1993-cü ilin yayından etibarən Vaşinqton –Bakı münasibətləri daim yüksələn xətlə inkişaf edib.
Dönə-dönə yazmışıq ki, Azərbaycan –ABŞ əməkdaşlığı cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Məsələn, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində iki ölkə arasında geniş əməkdaşlıq mövcuddur. Xüsusilə vurğulanmalıdır ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edirlər.
Təkrar olsa da, yenidən xatırladaq ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və daim dəstəkləyir. Təbii ki, Bakı da bu siyasi mövqeyə cavabsız qalmır. Belə ki, rəsmi Bakı qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Hamının yadındadır, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisəsindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuşdur. Ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir.
… Biz dost ölkənin dünya düzənində yeni nizam yaratmaq əzmində olan Prezidentinə uğurlar arzulayırıq. Fevralın 28-də ABŞ – Azərbaycan diplomatik münasibətlərinin yaranmasının 33-cü ildönümünü qeyd edəcəyik. İnanırıq ki, o vaxta qədər cənab Trampın islahatlarının bir çox nəticələrini görəcəyik. Dünya ictimaiyyətinin ondan gözlədiyi başlıca addım isə müharibə və münaqişələrə son qoyulmasıdır. Biz də ona inanırıq.
…Bu sətirləri Azərbaycan Prezidentinin Azərbaycan – ABŞ dostluq və tərəfdaşlıq münasibətlərinə verdiyi önəmi ifadə edən fikirləri ilə tamamlayırıq: “Bizim Birləşmiş Ştatlarla münasibətimiz olduqca yüksək səviyyədədir. Biz müttəfiqik və müxtəlif məsələlər ətrafında sıx əməkdaşlıq edirik”.
İttifaq MİRZƏBƏYLİ
© xalqqazeti