Siyasət

19 Yanvar

Azad edilmiş ərazilərdə məişət tullantıları poliqonları yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin bir hissəsi kimi Kəlbəcər, Tərtər, Qubadlı, Ağdam, Laçın, Xocalı və Cəbrayılda müvəqqəti bərk məişət tullantıları poliqonlarının, Zəngilan və Füzuli rayonlarında isə ötürücü məntəqələrin qurulması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov iğaldan azad edilmiş ərazilərdə - Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında inşası nəzərdə tutulan bərk məişət tullantıları poliqonları üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi məqsədilə keçirilən ictimai dinləmədə deyib.

Bunun ağır prosedur olduğunu deyən M.Qənbərov bildirib ki, ümumiyyətlə, iri layihələrin həyata keçirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hesabatının hazırlanması mütləq nəzərdə tutulur:

"Bütün bu məsələlər mərhələli şəkildə ərsəyə gəlib. Həmin rayonlarda poliqonlar və ötürücü məntəqələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri hazırlanıb və Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Mütəxəssislər tərəfindən baxılıb, ortaya çıxan məsələlərin həll olunması üçün müəyyən işçi qaydada razılaşmalar əldə edilib.

Poliqon ətraf mühitlə sıx təmasdadır. Bütün məsələlər elə qurulmalıdır ki, həm ətraf mühit, həm estetik, həm də görüntü, tullantıların idarə olunması baxımından bütün norma və standartlara uyğun olsun. Bundan nə cəmiyyət, nə də təbiət əziyyət çəkməsin. Buna görə də həmin ərazilərin seçilməsi, məsələnin mahiyyətinin qiymətləndirilməsi, dəyərləndirilməsini həyata keçirmişik".

Fuad Mədətov
Fins.az