SIĞORTA

17 Yanvar

Elmar Mirsalayev: “Həyat sığortası bazarı 16 faizdən çox böyüyüb”

Finss.az - Geridə qalan 2024-cü il Azərbaycanın sığorta bazarı üçün uğurlu olub.

Rəqəmlərin dinamikasına baxanda aydın görmək olur ki, ölkədə həyat sığortasına maraq artıb. Ümumilikdə isə sektorda böyümə 2023-cü illə müqayisədə 10%-dən çox təşkil edib. Ötən ilin ən diqqətçəkici yeniliklərindən biri də “Kredit həyat sığortası” məhsulunun şərtlərinin sadələşdirilməsidir. Bəs 2025-ci ildə sığorta bazarını nə gözləyir? Bu sahədə trendlər və risklər nələrdir?

Suallarımızı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev cavablandırır.

- Elmar müəllim, ötən il Azərbaycanın sığorta bazarı üçün necə yadda qaldı?

- 2024-cü il yerli sığorta bazarımız üçün səmərəli nəticələr, əlamətdar hadisələr və fundamental islahatlarla yadda qaldı. Belə ki, geridə qoyduğumuz illə bağlı Azərbaycan Mərkəzi Bankının ən son açıqladığı və 2024-cü ilin yanvar-noyabr aylarını əhatə edən icmalına əsasən deyə bilərik ki, hesabat dövrü ərzində sığorta yığımları 1 milyard 222 milyon manatdan yüksək olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur. Analoji artım sığorta ödənişlərində də qeydə alınıb. Belə ki, hesabat dövrü ərzində baş vermiş sığorta hadisələrinə görə 694 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2023-cü il ilə müqayisədə 39,5% çoxdur.

2024-cü il sektor üçün yüksək əhəmiyyət kəsb edən kütləvi tədbirlərlə də yadda qaldı. Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan Maliyyə Forumu”, “InsurTech Zirvəsi”, “I Regional Sığorta Forumu”, “X Azərbaycan Beynəlxalq Sığorta Forumu”, “II Sığorta Festivalı”, “Sığortada İnstitusional Mükəmməllik Beynəlxalq Seminarı” və “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu” keçirildi ki, bütün bu tədbirlər sığorta sektorumuz üçün yeni imkanların başlanğıcı rolunu oynadı.

2024-cü il yerli sığorta bazarımız üçün səmərəli nəticələr, əlamətdar hadisələr və fundamental islahatlarla yadda qaldı

Bununla paralel olaraq, islahat tədbirlərini xüsusi vurğulamaq istərdim. Ötən il Mərkəzi Bankın nəzarət və tənzimləmə siyasəti nəticəsində bir sıra uğurlu islahatlar həyata keçirildi. Məsələn, həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydaları, sığortaçılarda yeni idarəetmə standartlarının formalaşdırılmasını, riskəsaslı nəzarət konsepsiyasının təsdiqini, elektromobillərin onlayn icbari sığortasındakı maneələrin aradan qaldırılmasını, habelə bu avtomobillərə dair kasko sığortası məhsulu üzrə şərtlərin sadələşdirilməsini vurğulaya bilərik.

- Qeyd etdiyiniz yeniliklərlə bağlı daha geniş danışa bilərsinizmi? Mərkəzi Bankın həyat sığortasına tənzimləmələr gətirməsi ilə nə dəyişdi?

- Həyat sığortası bizim həyati əhəmiyyət kəsb edən risklərimizi təminat altına alan sığorta mexanizmidir. Bu gün Azərbaycanda 5 həyat sığortası şirkəti fəaliyyət göstərir. Bu şirkətlər “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Əmək qabiliyyətinin sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərini təklif edir.

Ötən il Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə həyat sığortalarına yeni tənzimləyici qaydalar gətirildi. Bunun sayəsində əvvəllər mövcud olan, amma bir qədər geniş yayılmayan “Kredit həyat sığortası” məhsulu üzrə şərtlər sadələşdirildi, əlçatanlıq təmin olundu. Bunun sayəsində istehlak krediti götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi kimi riskləri təminat altına alınır. Yəni istehlak krediti götürən şəxs “Kredit həyat sığortası” ilə həyatını sığortalayarsa, banka olan borc öhdəliklərini həyata keçirdiyi zaman kəsiyində yuxarıda qeyd edilən risklərlə qarşılaşarsa, onun borc öhdəlikləri tam və ya qismən olmaqla sığortalandığı şirkətə ötürülür.

Həyat sığortası bizim həyati əhəmiyyət kəsb edən risklərimizi təminat altına alan sığorta mexanizmidir

- Qeyd etdiyiniz həyat sığortasına maraq ötən il hansı səviyyədə olub? Gözləntilər nədən ibarətdir?

- Həyat sığortası seqmenti ümumi sığorta bazarımız üçün daim hərəkətverici qüvvə olub və yüksək yığım dinamikası ilə bazarın böyüməsinə töhfə verib. Təkcə 2024-cü ilin 11 ayının nəticələrinə nəzər yetirsək, bunu aydın şəkildə görərik. Belə ki, hesabat dövrü ərzində ümumi sığorta yığımları 1 milyard 222 milyon manat olub ki, bunun da 666.8 milyon manatı həyat sığortası növləri üzrə yığımların hesabına formalaşıb. Rəqəmlər onu deməyə əsas verir ki, həyat sığortası bazarımız 16,4% böyüyüb.

Həyata keçirilən islahatlar və həyat sığortası bazarının peşəkar iştirakçılarının aktivliyi əminlik yaradır ki, bu bazar növbəti illərdə də aktiv böyümə dinamikasını qoruyub saxlayacaq.

- Necə düşünürsünüz, 2025-ci ildə Azərbaycanda hansı sığorta növləri prioritet olacaq?

- Hesab edirik ki, ötən illərin prioritet risk faktorları bu il üçün də aktual olacaq. Mən əmlaklara yönəlik katastrofik riskləri, avtonəqliyyat, tibbi və həyat risklərini, eləcə də səyahət zamanı meydana çıxan riskləri nəzərdə tuturam.

Vətəndaşlarımız yuxarıda sadalanan riskləri təminat altına almaq üçün “Daşınmaz əmlakın icbari sığortası” və “Əmlakın yanğından və digər risklərdən sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “Kasko” növlərini seçə bilərlər. Bundan əlavə, “Könüllü tibbi sığorta”, xaricə səfər edən zaman “Səfər sığortası”ndan da faydalanmaq mümkündür.

İqlim dəyişikliyi nəticəsində yaranan və növbəti dövrdə meydana çıxacağı ehtimal olunan risklər bu gün qlobal sığorta bazarlarının aktual müzakirə mövzusudur

- Azərbaycan sığorta bazarında iqlim risklərinə qarşı yeni məhsullar hazırlanır. Söhbət nə kimi yeniliklərdən gedir?

- İqlim dəyişikliyi nəticəsində yaranan və növbəti dövrdə meydana çıxacağı ehtimal olunan risklər bu gün qlobal sığorta bazarlarının aktual müzakirə mövzusudur. Bu mövzu, təbii ki, yerli sığorta bazarımız üçün də kifayət qədər aktual və vacibdir. Məhz bu səbəbdən, yerli sığorta bazarının iqlim risklərindən (katastrofik risklər) təminat altına alınması yönündə addımlar atılır, fərqli məhsullar hazırlanır, təqdim edilən məhsulların şərtləri sadələşdirilir. Buna paralel olaraq, ekoloji mühitin mühafizəsi məqsədilə korporativ sosial məsuliyyət layihələri də həyata keçirilir.

- Bir müddət öncə Azərbaycanda daşınmaz əmlakın sığortalanması elektronlaşdırıldı. Mümkünsə, bu xidmət barədə də məlumat verərdiniz.

- Qeyd olunan xidmət 2023-cü ilin iyunun 1-dən əlçatandır. Həmin tarixdən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı. Bununla da “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirildi. Bu proseslər nəticəsində artıq daşınmaz əmlak sığortaları üzrə konkret nəzarət mexanizmi formalaşdırıldı, həm də sığortalanma prosesləri asanlaşdırıldı. Bütün bu yeniliklər sayəsində daşınmaz əmlak sığortası bazarında yığımlarda artım davam edir. Belə ki, ötən ilin yanvar-noyabr aylarında “Daşınmaz əmlakın icbari sığortası” üzrə yığımlar bir il öncəki göstərici ilə müqayisədə 2,4 milyon manat artıb. Bu böyümənin növbəti illərdə də davam edəcəyini proqnozlaşdırırıq.

Artıq TDT-nin təşəbbüsü və müraciəti əsasında Türk Dünyası Sığorta Birliyinin bu təşkilatın himayəsinə daxil edilməsi və yenidən formalaşdırılması istiqamətində iş aparırıq

- Sonda yenidən formalaşdırılan Türk Dünyası Sığorta Birliyi barədə soruşmaq istərdim. Bu, Azərbaycanın sığorta bazarına hansı üstünlük verəcək?

- Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, Türkiyə ilə olan qarşılıqlı əməkdaşlığımız yalnız iki ölkəni yox, bütövlükdə türk dünyasını əhatə edib. Belə ki, assosiasiyamız ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs çərçivəsində 2022-ci ilin mayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta birliklərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis olundu. Qurduğumuz bu birlik qısa zamanda Türk Dövlətləri Təşkilatının (TDT) diqqətini çəkdi. Bu gün isə artıq TDT-nin təşəbbüsü və müraciəti əsasında Türk Dünyası Sığorta Birliyinin bu təşkilatın himayəsinə daxil edilməsi və yenidən formalaşdırılması istiqamətində iş aparırıq. Hesab edirik ki, bu birlik türk dünyası ölkələrinin sığorta bazarları üçün yeni inkişaf imkanları yaradacaq və sevinirik ki, bu qlobal layihədə Azərbaycanı təmsil edən assosiasiyamız həmtəsisçi kimi strateji hab rolunu oynayır.

© vergiler.az