Finss.az, sığorta eksperti Şükür Hüseynovun sığortaya aid maarifləndirici məqaləsini təqdim edir:
Yeni ilin sığorta ehtiyacları:
GƏLİN, EVİMİZİ SIĞORTALAYAQ!
Mükəmməl ev sığortası üçün nələrə diqqət göstərilməlidir?
Bu yazıda aşağıdakılar əhatə olunur:
- Ev sığortasını vacib edən mənəvi amillər;
- Sığortaçını seçərkən diqqət yetirməli olacağınız məqamlar;
- Sığortanın qiymətinə (sığorta haqqının həcminə) təsir edən amillər;
- Müqavilə üzrə bilməli olduğunuz məqamlar və vəzifələriniz
- EV SIĞORTASINI VACİB EDƏN MƏNƏVİ AMİLLƏR
Şəxsi evə, mülkə sahib olmaq hər bir azər-türk ailəsi üçün ən böyük və vazkeçilməz bir arzudur. Bəzi digər millətdən olanlar ömrü boyu icarələrdə yaşamağı normal saydıqları halda, bizim üçün bu, qəbuledilməzdir. Övladlarını tam yerbəyer etməyən, onların müstəqil evə, mənzilə sahib olduğunu öz gözləri ilə görməyən ata bu dünyada rahatlıq tapa bilmir. Ata ocağından “pərvaz edən” övladlar isə öz mülkünə sahiblənərək, yeni ata ocağı yaradırlar. Bir sözlə, hər birimiz üçün ata yurdu qədər, ata ocağının olması da bir dəyərdir. Onu qorumaq üçün isə fədakarlıq etməli oluruq və bəzən hətta bu, bizə həyatımız bahasına başa gəlir. Çünki ata-babalarımızın ruhunun dolaşdığı bir ocaq bizim üçün adi bir yer ola bilməz. Biz onu normal saxlamağa borcluyuq; fiziki olduğu qədər mənəvi dəyər kəsb etdiyini də heç vaxt unutmuruq və onu, göz bəbəyi kimi qorumağı özümüzə borc bilir və işığını sönməyə qoymuruq.
Çağdaş zamanda ağıllı iqtisadçılar tərəfindən evi, mülkü qorumağın ən əlverişli və universal bir aləti icad edilmişdir. Bu alətin adı sığortadır. İngilislər 1666-cı ildə baş vermiş və dörd gün davam edərək, 10 000-dən artıq evin, 100 kilsənin yanmasına səbəb olmuş “Böyük London Yanğını”ndan sonra sanki bu sığortanın vacibliyini dərk etdilər. Onlar, 1667-ci ildə yanğın ofisi, 1685-ci ildə isə ona müxalif mövqedə olan “Dostluq Cəmiyyəti” adlı ilk sığorta şirkətini yaratdılar. Sözü gedən fəlakət, öncə Böyük Britaniyada, sonra isə bütün dünyada qeyri-dəniz sığortasının inkişafına təkan verdi. Daha sonra Qərbi Avropada sənaye istehsalının müşahidə olunan dinamikası və bütövlükdə həyatın yüksəlişi sığortanı da bir təhlükəsizlik aləti olaraq, ön plana çəkdi.
İndi bütün mədəni dünyada olduğu kimi, ölkəmizdə də, sığorta müdafiəsi məsələsi getdikcə daha çox aktuallıq kəsb edir. Hüquqi şəxslər, hökumət və qeyri-hökumət təşkilatları, kommersiya subyektləri sığorta xidmətindən hərtərəfli faydalanırlar. Geniş əhali kütləsi, fərdi təsərrüfat subyektləri də sığortanın mahiyyətini və əhəmiyyətini getdikcə daha dərindən anlayırlar.
Elədirsə, ev-eşik sahibi olaraq, sığorta müdafiəsindən yetərincə faydalanmağa çalışaq, başqa sözlə:
“GƏLİN, EVİMİZİ SIĞORTALAYAQ!”
Əgər bu barədə qərarınız “hə”dirsə, o zaman yaxın dayanın, bu məqsədlə nələri və daha yaxşı necə etməli olduğunuzu bu yazıdan öyrənəcəksiniz.
- SIĞORTAÇINI SEÇƏRKƏN DİQQƏT YETİRMƏLİ OLACAĞINIZ MƏQAMLAR
- Lisenziya
Seçdiyiniz sığortaçının lisenziyası və konkret olaraq ev əmlakının sığortası növünü aparmaq üçün icazəsi olmalıdır. Bu icazəni sığortaçıya sığorta nəzarəti orqanı, yəni, AR-nin Mərkəzi Bankı verir. Sizə lazım olan sığortaçı, hətta sığorta agenti və ya sığorta brokeri haqqında məlumat almaq və öz şübhələrinizi aradan qaldırmaq istəyirsinizsə, Siz həm //www.cbar.az rəsmi saytına və ya sığortaçının özünün saytına daxil olaraq, bunu yoxlaya bilərsiniz.
- Sığorta tarifləri
Sığortaçının tarifləri Nəzarətçinin müəyyən etdiyi normalara, mövcud bazardakı azad rəqabət və tələb-təklif prinsiplərinə cavab verdiyi kimi, necə deyərlər, sizin “cibinizə” də uyğun olmalıdır. Təklif edilən qiymətlərin çox ucuz olmasına aldanmayın. Bu, bəzən “üzdəniraq” vasitəçilərin dələduzluq hərəkətləri ilə bağlı ola bilər. Ən yaxşısı, müxtəlif sığortaçıların saytlarına daxil olun, sizə lazım olan sığortanın (indiki halda ev sığortasının) təxmini qiymətini hesablayın, rəqəmləri müqayisə edin. Elə hesab etməyin ki, siz istənilən hadisədə, məruz qaldığınız hər hansı zərər və ya itkilərə görə mütləq şəkildə sığortaçıdan ödəniş alacaqsınız. Bu yanlış təsəvvürdür. Yadda saxlayın: təminat almaq istədiyiniz risklərin siyahısı müqaviləyə daxil edilməlidir və həmin siyahı nə qədər geniş olarsa, sığortanın qiyməti də o qədər yuxarı olur və olmalıdır. Odur ki, düzgün təminat almağınızdan və ödəyəcəyiniz sığorta haqqının münasib olmasından əmin olmaq üçün ən yaxşı üsul müxtəlif sığortaçıların tariflərini müqayisə etməkdən ibarətdir.
- Kapitallaşma səviyyəsi və təkrarsığortanın keyfiyyəti
Səhmdarların tərkibi, maliyyə-sənaye qruplarının, habelə xarici maliyyə institutlarının şirkətin maliyyələşməsində iştirakı böyük əhəmiyyət kəsb edir. Məsələn, əhəmiyyətli nəzarətin beynəlxalq banklara, fondlara, adlı-sanlı, yüksək reytinqli xarici sığortaçılara məxsus olduğu sığortaçılarla müqayisədə, səhmdarları yerli fiziki şəxslərdən ibarət olan sığortaçılar daha zəif görünə bilər.
Təkrarsığortaçılar haqqında məlumat sığortalılar üçün açıq olmalıdır. Buna ehtiyac olduğu halda, onlar, öz risklərinin xarici təkrarsığortaçılarda yerləşdirmə imkanını öyrənə bilməlidirlər.
- Sığortaçının reputasiyası
Sığortaçını seçərkən onun bazar reputasiyasına fikir verin. Sığortaçı haqqında cəmiyyətdə formalaşmış müsbət imic, onun bazarda olma müddəti, təcrübəsi, bu və ya digər sığorta sinfi sahəsində ixtisaslaşması böyük əhəmiyyət kəsb edir. Sığortaçının müştəri və ya satış xidmətinin səviyyəsini diqqətli sığortalı elə ilk təmasda öyrənə biləcəkdir.
- Sığortaçını seçərkən nəzərə almalı olduğunuz digər vacib məqamlar
- Multiməhsul xidməti göstərən sığorta şirkətləri
Monoməhsul xidməti göstərən şirkətlərlə müqayisədə onlar diversifikasiya edilmiş sığorta portfelinə malik olurlar. Belə olduqda, siz həmin sığortaçıda eyni zamanda bir neçə sığorta tələbatınıza cavab ala biləcəksiniz.
- Hüquqi aspekt
Müqavilənin mətninə diqqət yetirmək lazımdır. Müqavilənin mürəkkəb və aydın olmayan məqamlarını vaxt itirmədən dəqiqləşdirmək lazımdır;
- Sığorta hadisəsinin araşdırılmasında ekspertin yaxından iştirakı, köməyi və səmimi münasibəti, ödənişin mümkün qısa müddət ərzində həyata keçirilməsi;
- İddiaların tənzim edilməsində mübahisə yarandıqda, sığortaçının alternativ həll imkanlarının mövcudluğu, zəruri hallarda xarici zərər tənzimləyicilərinin (loss adjusters) xidmətindən istifadə imkanları;
- İkinci və sonrakı illər üçün sığorta haqlarına güzəştlərin tətbiq edilməsi imkanları;
- Satış şəbəkəsinin mükəmməlliyi və əlçatanlığı, bütün bölgələrdə filial və ya nümayəndəliklərdən ibarət nümunəvi satış şəbəkəsinin olması, müasir satış texnologiyalarından istifadənin durumu
- SIĞORTANIN QİYMƏTİNƏ (SIĞORTA HAQQININ HƏCMİNƏ) TƏSİR EDƏN AMİLLƏR
Hər hansı bir evin sığortalanmasında qarşılaşa biləcəyiniz risklərin müəyyən edilməsində və uyğun sığorta haqqının hesablanmasında aşağıdakı amillər həlledici rol oynayır:
- Evin yerləşdiyi məkan və digər önəmli məqamlar
Yaşadığınız, icarəyə verdiyiniz və ya icarəyə götürdüyünüz evin və ya mənzilin yerləşdiyi məkan böyük əhəmiyyət kəsb edir. Belə ki, həmin məkanın seysmik aktiv zonada, böyük çayın sahilində, çökəklikdə və ya nisbətən yüksəklikdə, mərkəzdə və ya ucqarda, yanacaqdoldurma stansiyasının yanında və ya nisbətən kənarda yerləşməsi və sair amillərdən asılı olaraq sığortaçılar fərqli tariflər tətbiq edəcəklər. Bundan başqa, təhlükəsizlik (siqnal) sisteminin və ya yanğın mühafizə vasitələrinin mövcud və işlək vəziyyətinə, evin hasarlanmasına, qəfəsliyin olmasına, mərtəbələrin sayına xüsusi önəm vermək lazımdır.
- İnşa tarixi və tikinti materialları
Evin tikintisində istifadə olunmuş materialların keyfiyyəti, eyni zamanda tikinti metodu həmin evi müəyyən hadisələrə, zərər və itkilərə meylli edir. Məsələn, beton plitələr üzərində tikilmiş evlərlə müqayisədə zirzəmili evlərin daha çox daşqınlara məruz qalma ehtimalı vardır. Evin yaşı da vacib amillərdən hesab olunur. Bundan başqa, tikinti materiallarının növü və keyfiyyəti nəzərə alınmalıdır. Belə ki, məsələn, müasir dəmir dam örtüklərinin yanma ehtimalı köhnə şiferlərlə müqayisədə daha aşağıdır və s.
- Evdən istifadənin xüsusiyyətləri
Sizin evdən necə istifadə etməyiniz və orada kimlərin yaşaması zərər və itkilərlə bağlı riskə təsir edə bilər və bundan asılı olaraq, sığorta haqqı da yuxarı və ya aşağı həddə götürülə bilər. Evin boş olması, orada hər hansı problemə reaksiya verən, kiçicik bir zərərin böyüyərək daha ciddi zərərə çevrilməsinin qarşısını ala bilən kimsənin olmaması da yüksək risk ehtimalı yaradır. Məsələni bir qədər də xırdalayaq: mülkiyyətinizdə olan daşınmaz əmlakın sizin əsas yaşayış yeriniz və ya mövsümi istirahət eviniz, yaxud kirayə verdiyiniz mənzil olmasından asılı olaraq, sığorta haqları dəyişə bilər. Belə ki, əsas yaşayış evləri az risklidir, çünki onun içərisində həmişə yaşayan və ona nəzarət edən sakin vardır və bu halda müvafiq olaraq daha aşağı sığorta haqqı tətbiq olunur. İstirahət üçün nəzərdə tutduğunuz ev çox vaxt boş olur ki, bu da riski artırır. İcarəyə verdiyiniz mülklər isə boş olmasa da, onu işlədən adam gəlib-gedənlərin hamısına nəzarət edə bilmir ki, bu da riski və sığorta haqqını artırmağı tələb edir.
- Şəxsi xüsusiyyətlər
Çox olmasa da, bəzi şəxsi xüsusiyyətlər yekun sığorta tariflərinə və nəticə etibarı ilə sığorta haqlarına təsir edə bilər. Məsələn, bəzi sığortaçılar evin sakinləri ahıl yaşda olanda daha yuxarı tarif, nisbətən gənc yaşlı sakinlərə münasibətdə isə əksinə ğüzəştlər tətbiq edirlər.
- İddia və ya zərər tarixçəsi
Əgər siz öz evinizi bir neçə il dalbadal sığorta etdirmiş, lakin ödəniş üçün heç vaxt iddia qaldırmamısınzsa, o zaman sığortaçı müqaviləni yeni müddətə bağlayarkən aşağı sığorta tarifi müəyyən edəcəkdir. Əslində ödəniş üçün müraciət etməməyiniz, sığortaçı üçün sizin daha diqqətli, məsuliyyətli və ehtiyatlı bir müştəri olduğunuza dəlalət edir və təbiidir ki, normal sığortaçı buna etinasız yanaşa bilməz və bunu qiymətləndirməlidir.
- Sığorta təminatının əhatə dairəsi və azadolma (franşiza) seçimi
Siz, təminat istədiyiniz riskləri sığorta müqaviləsinə daxil etməlisiniz. Məsələn, əgər siz öz evinizi yalnız yanğın riskindən sığortalayırsınızsa, bu zaman sığorta haqqı çox olmaya bilər. Əksinə, siz yanğından başqa, daşqın, hər hansı predmetin (o cümlədən uçan predmetin) dəyməsi, toxunması və s., oğurluq, qarət, eləcə də zəlzələ və ya hər hansı digər fundamental risklərə qarşı da təminat almaq niyyətində olduqda, sığorta haqqı da kifayət qədər yuxarı olacaqdır. Bundan başqa, siz sığorta müqaviləsini bağlayarkən azadolma məbləğini də sığortaçı ilə razılaşdırmalısınız. Yadda saxlayın ki, azadolma məbləğinin həcmi ilə sığorta haqqı məbləği, bir qayda olaraq, tərs mütənasib olur. Başqa sözlə, azadolma məbləği çox yuxarıdırsa, sığorta haqqı aşağı ola bilir və əksinə, azadolma məbləğini nisbətən aşağı götürdükdə, sığorta haqqı hiss olunacaq dərəcədə yuxarı götürülür.
- MÜQAVİLƏ ÜZRƏ BİLMƏLİ OLDUĞUNUZ MƏQAMLAR VƏ VƏZİFƏLƏRİNİZ
Nələri bilməlisiniz?
Sığortanın şərtlərini diqqətlə öyrənməlisiniz. Bu məqsədlə müqavilənin tam mətnini tələb edin, çünki şəhadətnamənin Sizə göstərilən cədvəl hissəsində bu sığortanın bütün məqamları əks olunmaya da bilər.
Sığorta hadisəsinin əlamətləri qeyd olunan bəndlərə xüsusi diqqət yetirin. Müqaviləyə tətbiq edilən istisnaları, başqa sözlə, bu sığortanın nələrə şamil olunmadığını öyrənin. Sığortaçının nümayəndəsi ilə müxtəlif hallarda zərərin ödənilməsi prosedurunu dəqiqləşdirin, ödəniş müddətini soruşun. Bütün bunlar tərəflər arasında mümkün gələcək narazılıqların və mübahisələrin qarşısını almış olur.
Müqavilə üzrə vəzifələriniz
Sığorta müqaviləsinin formal olaraq bağlanması anınadək sığortalı olaraq, sığorta predmeti barədə (indiki halda eviniz və ya mənziliniz barəsində) sığortaçının nümayəndəsinə həm yazılı, həm də şifahi verdiyiniz məlumatlar doğru, səmimi olmalı və həqiqəti əks etdirməlidir. Eyni zamanda, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində müqavilə üçün əhəmiyyət kəsb edən şəraitin dəyişməsi haqqında (eviniz və ya mənzilinizlə bağlı) sığortaçıya məlumat verməlisiniz. Məsələn, evinizlə bağlı risk ehtimalı artıqda, yaxud onu satdıqda və ya icarəyə verdikdə və s. bu barədə sığortaçını məlumatlandırmalısınız. Daha bir vacib məqam ondan ibarətdir ki, sığorta hadisəsi baş verdikdən sonra da sizin müəyyən öhdəlikləriniz vardır. Belə ki, siz, ilk növbədə sığorta hadisəsinin baş verməsi faktını istənilən vasitə ilə sığortaçıya bildirməlisiniz. Bundan başqa, zərərin qarşısının alınması və ya onun həcminin azaldılması üçün bütün mümkün tədbirləri görməli və hadisənin sənədli təsdiqi üçün sığortaçının sorğusunu cavablandırmalısınız.
Hörmətli oxucular!
Siz, heç bir halda onsuz da sığortam var, deyibən, əl-qolunuzu boş buraxıb, hər şeyi taleyin ümidinə buraxmamalısınız. Yaxud, 2010-cu ilin mayında baş vermiş Kür daşqınlarından, 2019-cu ilin fevralına təsadüf edən Şamaxı zəlzələsindən evləri dağılmış insanlara dövlət qayğısını və təminatını yada salaraq, tam da rahatlanmamalısınız. Düzdür, pis gününüzdə ölkə Prezidenti də, Konstitusiya da sizin yanınızda olur, mülkiyyət və ya əmlak hüquqlarınızı qoruyur. Lakin razılaşarsınız ki, müasir dünyada normal, mükəmməl sığorta təminatı əldə etmək daha doğru seçim hesab olunur.
Burada Konstantin Madeyin bir məşhur deyimi də yerinə düşür:
“Prezident - Konstitusiyanın qarantıdır.
Konstitusiya - dövlətin qarantıdır.
Sığorta - əsas qarantdır, o, öncə gələn qarantların risklərini öz üzərinə götürür”.