SIĞORTA

22 Avqust

Azərbaycanda könüllü sığorta 11.6%, icbari sığorta isə 3.4% artıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 624 milyon 107 min manat, icbari sığorta növləri üzrə isə 209 milyon 473 min manat sığorta haqqı toplanılıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqları 11.6% (64 milyon 820 min manat), icbari sığorta növləri üzrə isə 3.4% (6 milyon 959 min manat) artım nümayiş etdirib.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği əhəmiyyətli dərəcədə – 65.7% artaraq 366 milyon 813 min manata yüksəlib. İcbari sığorta növləri üzrə isə ödənişlərin həcmi 19% artaraq 73 milyon 378 min manata çatıb.

Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 58.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ilin ilk 7 ayında 39.6 manata bərabər idi. İcbari sığorta bazarında isə hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği 35 manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövründə 30.4 manata bərabər olub.

Fuad Mədətov
Finss.az