Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 11 ay ərzində 28,861 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,508 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən çox azalan “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 47,3% azalaraq 20,073 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 13% azalaraq 19,222 milyon manata düşüb.
Fuad Mədətov
Fins.az